Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:02

2016: İl boyu cəzasız qalan işgəncələr [araşdırma]


Mingəçevir hadisələri. 22Avq2015
Mingəçevir hadisələri. 22Avq2015

Bu ilin oktyabr ayında Azərbaycan hökumətinin BMT İnsan Hüquqları Komitəsi qarşısında hesabat verməli olduğu məsələlərdən biri də polis bölmələrində bəzən ölüm hallarına gətirib çıxaran işgəncə idi.

Polis cinayəti görüb ona xəbər edənə də işgəncə verib

Azərbaycan nümayəndə heyəti Komitənin iclasında Azərbaycanda işgəncə hallarının olmadığını iddia edirdi. 2015-ci ildə Mingəçevirdəki polis bölməsindəki müəmmalı ölüm işinin isə araşdırıldığını bildirirdi. Həmin dinləmələrdən keçən aylar ərzində iş üzrə mövcud məhkəmə icraatı başa çatıb. Hazırda heç kim həbsdə deyil.

Buna da bax:​ Mingəçevir polisindəki ölüm işi - əməliyyat müvəkkilinə 4 il cəza

Mingəçeviri ayağa qaldıran ölüm

Bəhruz Hacıyev
Bəhruz Hacıyev

2015-ci ilin avqustunda Mingəçevir şəhər sakini Bəhruz Hacıyev axşam polisə çağrılıb. Sonra isə ailəsinə gəncin ölüm xəbərini çatdırıblar. Ailə üzvləri morqa getdiklərində artıq meyitin yarıldığının şahidi olublar. Polisdən ailə üzvlərinə deyilib ki, B.Hacıyev özünü polis idarəsinin 3-cü mərtəbəsindən atıb. Ancaq yaxınları bununla razılaşmayıblar. Bəhruzun bədənində işgəncə izləri aşkarladıqlarını bildiriblər.

Bəhruz Hacıyevin işgəncə izləri aşkar görünən meyitinin görüntüləri Mingəçevirdə etiraz aksiyalarına səbəb olmuşdu. O zaman hökumət işi araşdıracağını, günahkarların cəzalandırılacağını bildirmişdi.

Buna da bax:​ Mingəçevir polisindəki ölüm işi məhkəməyə göndərildi

B.Hacıyevin ölümünə görə yalnız bir polis işçisi – Şahlar Şahlarzadə cinayət məsuliyyətinə cəlb olunub. Mingəçevir şəhər Polis bölməsinin rəisi, polkovnik Ələsgər Bədəlova isə şiddətli töhmət verilib. Rəis işdən azad olunsa da, daha sonra Bakıda polis orqanlarında işlə təmin edilib.

Bəhruz Hacıyevin ailəsini təmsil edən vəkil Şəhla Hümbətova deyir ki, cinayəti Şahlarzadə tək etməyib, sadəcə, onu qabağa “itələyiblər”.

“Şahlarzadəyə ölüm həddinə çatdırma (125) və vəzifədən sui-istifadə etmək (308.2) maddələri ilə cinayət işi açılsa da, sonradan 125-ci maddə tamamilə götürüldü, 308.2 isə 314.2 ilə, yəni vəzifədən sui-istifadə səhlənkarlıqla əvəzləndi. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, 4 il müddətinə azadlıqdan məhrum edildi”, deyən vəkil əlavə edir ki, iş apelyasiya məhkəməsinə getməyib, çünki mərhumun yaxınları bunu istəməyiblər.

Buna da bax:​ "İşgəncələr daha çox MTN-də verilib"

Vəkil ailənin təzyiqlər səbəbindən belə addım atdığını istisna etmir.

Azərbaycanda məntəqə tipli Cəzaçəkmə Müəssisələrində məhbusların saxlanması üçün şərait olmadığından Şahlarzadənin hazırda həbs həyatı yaşamadığı aydındır.

BMT hökumətə inanmır

Bəhruz Hacıyevin işgəncəyə məruz qalması ilə bağlı fakta göz yumulması yeganə hal deyil. Elə BMT Komitəsi də Azərbaycan hökumətinin “işgəncə yoxdur” bəyanatına inanmayıb:

"Komitə gənc fəallar, hüquq müdafiəçiləri və jurnalistlərə qarşı bəzi hallarda onların ölümünə səbəb olan işgəncələr və pis rəftarla bağlı hesabatların davamlılığından narahatdır. Həbsxanalardakı zorakılıq və işgəncə, həbsxana sistemində və polis saxlama məntəqələrində korrupsiya halları mövcuddur.

Digər bir məsələ məhbusların onsuz da az sayda olan vəkillərə çatımlılığının əngəllənməsidir. Komitə məhkəmə sisteminin hakimiyyətdən asılı olmasından və proseslərin müstəqil aparılmamasından da narahatdır. BMT hesab edir ki, Məhkəmə sistemi hakimiyyətin təsiri altındadır və korrupsiyaya uğrayıb”.

Buna da bax:​ 'Bundan sonra paqonlular sizi əyməyə çalışacaqlar'

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinin oktyabr ayının 20-21-də Cenevrədə keçirilən dinləmələrindən sonra Azərbaycanda insan hüquqları ilə bağlı 2016-cı il üçün son hesabatında belə deyilir.

Şahid-işgəncə-məhkum-cəzasızlıq

“Məni məcbur etdilər ki, vermədiyim ifadəyə qol çəkim. Kiminsə cinayətini boynuma alım. İstədiklərini etməyəndə, basıb döydülər. Yaxşı ki, sonradan cinayətkar tapıldı və məndən əl çəkdilər”, - bunu polis bölməsinə şahid kimi çağrılan, ancaq cinayəti boynuna götürməsi üçün işgəncələrə məruz qaldığını bildirən Sumqayıt sakini Rəşad Abbasov deyib.

2016-cı ilin mart ayında qonşuluqda bir nəfərin bıçaqlandığını görən Abbasov dərhal polisə zəng edib. Növbəti gün isə şahid ifadəsi adı ilə polis bölməsinə çağırılır. Ancaq idarədə R.Abbasova işgəncə veriblər ki, sözügedən cinayəti öz üzərinə götürsün. Aldığı xəsarətlərdən uzun müddət müalicə alan Abbasov deyir ki, Daxili Işlər Nazirliyinə (DİN) faktla bağlı müraciət etsə də, nazirlikdən ona verilən cavabda məsələnin araşdırıldığı, lakin onun iddiasının “əsassız” olduğunu qənaətinə gəlindiyi deyilib.

Buna da bax:​ Vətəndaş: «Məni polis bu günə salıb»- [Fotolar]

Rəşad deyir ki, ona işgəncə vermiş polislərdən heç biri indiyədək cəzalandırılmayıb.

Vəkil Zibeydə Zəkəriyyəyeva deyir ki, zorakılıq halları barədə faktlarla tez-tez üzləşirlər:

“Hüquqlarını qoruduğumuz şəxslərlə görüşəndə həm özümüz şahidi oluruq, həm də onlar özləri işgəncə xəsarətlərini göstərirlər. Necə işgəncə almaları barədə bizə ətraflı məlumat verirlər. Bundan sonra biz məsələnin araşdırılması və işgəncə vermiş şəxsin cəzalandırılması üçün müvafiq qurumlara - Baş Prokurorluq, DİN, Ombudsmana müraciət edirik. Ekspertiza aparılması ayrıca tələbimiz olur. Lakin bir çox hallarda bunu sübut etmək asan olmur”.

Buna da bax:​ 'İndi hansı QHT işgəncələrlə bağlı hesabat hazırlamağa cəsarət edər?!'

Vəkil vurğulayır ki, işgəncə faktları ilə bağlı şikayətlər ölkə daxilində səmərəli araşdırılmır.

“Şahidlər dindirilmir, beynəlxalq təşkilatların rəyinə baxılmır, şikayət verdiyimiz vaxtdan 2-3 ay keçəndən sonra araşdırmaya başlayırlar. Həmin müddətdə isə xəsarət izləri artıq itmiş olur”.

Siyasi motivlərlə həbs olunduqları deyilən şəxslərin yaxınları deyirlər ki, əgər onlara şamil olunan ittihamı təsdiqləməsələr, işgəncə qaçılmaz olacaq.

Qiyas İbrahimov və Bayram Mammadov (sağda)
Qiyas İbrahimov və Bayram Mammadov (sağda)

“Heykəl məhbusu” kimi tanınan Qiyas İbrahimovun anası Şura Əmiraslanovanın sözlərinə görə, oğluna mənəvi-fiziki işgəncə veriblər ki, o, narkotik ittihamını boynuna alsın. Lakin Q.İbrahimov məhkəmə proseslərində həbs olunmağının səbəbini mayın 10-da mərhum prezident Heydər Əliyevin doğumunun ildönümü ərəfəsində onun heykəlinin üstünə “Qul Bayramınız Mübarək!” yazmağıyla əlaqələndirib.

Buna da bax:​ Qiyas İbrahimov ona verilən işgəncələri danışır (Video)

İbrahimov da, onunla birlikdə heykəli yazan Bayram Məmmədov da narkotik ittihamı ilə 10 il azadlıqdan məhrum ediliblər.

Yerli və beynəlxalq insan haqları təşkilatları Qiyas İbrahimov və Bayram Məmmədovu siyasi məhbus hesab edirlər.

Avropa Məhkəməsi qərar verir, hökumət görməzdən gəlir

İşgəncə faktları Avropa Məhkəməsi qərarlarının icrasına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsinin də Azərbaycanla bağlı gündəliyinin dörd əsas məsələsindən biridir.

Vəkil Xalid Bağırov deyir ki, işgəncə faktları ilə bağlı Avropa Məhkəməsinin çıxardığı qərarlarda cinayətkarların cəzalandırılması öhdəlik kimi qoyulsa da, hökumət bunu təmin etmir.

Buna da bax:​ Bayram Məmmədovun hal şahidi narkoman imiş?

“O işlərdə ki, Avropa Məhkəməsi işgəncə olduğunu tanıyır, avtomatik olaraq, prosessual pozuntunu tanımış olur. Yəni, Avropa Məhkəməsi işgəncə prosesinin olduğunu sübut edə bilirsə, deməli, daxili məhkəmə daha rahatlıqla onu tapa bilər. Yəni, doğru araşdırma aparılmayıb. Məhz bu baxımdan məhkəmə cinayətkarı tapıb, cəzalandırmağı dövlətin qarşısında öhdəlik olaraq qoyur. Ancaq dövlət bu öhdəliyi yerinə yetirmir”, - vəkil deyir.

Xalid Bağırov əlavə edir ki, Avropa Şurası Nazirlər Komitəsi ilə Azərbaycan hökuməti arasında bununla bağlı müzakirələr 10 ildən artıqdır ki, davam edir. Proses isə 1997-ci ildə Konvensiyanın 3-cü maddəsinin pozuntusu ilə bağlı olan “Sərdar Cəlaloğlu Azərbaycana qarşı” işi ilə başlayıb:

“Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycan hökuməti ilə apardığı müzakirələrin pik nöqtəsi isə Azərbaycan prezidenti İlham Əliyevin Polis Akademiyasındakı çıxışı ilə nəticələnir: ‘Mən dedim ki, bir nəfər də olsun polis işçisi cəzalandırılmayacaq’”, deyə hüquqşünas yada salır.

Buna da bax:​ Avropa Məhkəməsi Azərbaycandan yeni şikayətləri araşdırır

Nardaran məhbusları

Nardaran məhbusları
Nardaran məhbusları

Nardaranda 2015-ci ilin 26 noyabrında keçirilən əməliyyat zamanı saxlanılanlara işgəncə verilməsi faktlarının bəziləri ekspertiza yolu ilə sübut olunsa da, hələlik buna görə cəza alan olmayıb. Bunu isə Vəkil Yalçın İmanov deyir.

Onun sözlərinə görə, müvəkkili olan Nardaran məhbusları keçirilmiş ekspertizadan narazıdırlar.

“Məhbuslar deyir ki, ekspertiza aparılsa da, bu qənaətbəxş deyil. Çünki heç bir aparat istifadə olunmadı. Ekspertlər gəliblər, məhbuslardan “haran ağrıyır, harana vurdular” deyə, soruşub eləcə də rəy veriblər”, deyən vəkil vurğulayır ki, üstündən bir il keçməsinə baxmayaraq, ekspertizanın cavabı hələ də onlara təqdim olunmayıb.

Preventiv mexanizmin fəaliyyəti qənaətbəxşdirmi?

Buna da bax:​ 'Nardaran işi'ndəki işgəncə iddiaları 'araşdırılmır'

Ombudsman Aparatının tərkibində Milli Preventiv Qrup adlanan qurum fəaliyyət göstərir. Müraciət daxil olduğunda MPQ təcridxanalara gedir, şikayətçi şəxslərlə görüşür. Qrup üzvləri Ombudsman Aparatının tərkibində müəyyən edilir.

İndiyə kimi MPQ dəfələrlə belə yoxlamalar aparıb, işgəncə gördüklərini iddia edən “siyasi məhbus” hesab edilən şəxslərlə görüşüb. Ancaq qrup hər dəfə heç bir işgəncə faktının olmadığını bəyan edib.

Məsələn, 2016-cı il mayın 18-də MPQ Bayram Məmmədov və Qiyas İbrahimovla görüşüb, ardınca onların bədənində heç bir işgəncə izinin olmadığını deyib. Lakin bu məlumatdan cəmi 4 gün öncə hər iki gənc Xətai rayon Məhkəməsində xəsarət izlərini məhkəmə hakiminə göstəriblər...

Buna da bax:​ «Hakimiyyət özünü xilas etməyə çalışır»

Beynəlxalq təşkilatlar işgəncə faktlarını təsdiqləyir

MPQ-nın həmin açıqlamasından bir gün sonra isə BMT-nin Özbaşına Həbslər üzrə İşçi Qrupu Qiyas İbrahimov və Bayram Məmmədovla görüşmüş, mayın 25-də onlarda işgəncə izlərinin aşkar olunmasıyla bağlı bəyanat vermişdi...

ABŞ Dövlət Departamentinin 2014-cü il üzrə illik hesabatında isə qeyd olunur ki, Azərbaycan həbsxanalarında yalnız işgəncə nəticəsində ən azı 4 ölüm faktı qeydə alınıb.

Avropa Şurasının da İşgəncələrə Qarşı Komitəsi Azərbaycanla bağlı mütəmadi hesabatlar hazırlayır. Amma 2007-ci ildən bəri bu hesabatların heç biri ictimaiyyətə açıqlanmayıb. Səbəb, Azərbaycan hökumətinin bu hesabatların açıqlanmasına razılıq verməməsidir. Hüquq müdafiəçisi Vüqar Qocayev deyir ki, Azərbaycan Avropa Şurasının bu hesabatları açıqlamağa icazə verməyən yeganə üzvüdür.

Buna da bax:​ "Hakimiyyət işgəncə faktlarını ört-basdır edir"

Deputat “rastlaşmamışam” deyir

Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Yevda Abramov işgəncə halları ilə rastlaşmadığını deyir.

O, deyir ki, Ombudsman aparatının üzvləri bu məsələ ilə məşğul olurlar və belə bir faktla rastlaşsaydılar, bunu bəyan edərdilər.

“Mənim şəxsi təcrübəmdə belə bir şey olmayıb. Mənə indiyə kimi heç bir məhbus, ya da məhbus yaxını yaxınlaşıb, işgəncə gördüyünə dair şikayət etməyib”, - deyə deputat vurğulayır.

Ölkə qanunvericiliyi, habelə Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələr işgəncəni qadağan edir.

Buna da bax:​ Amnesty International: ‘22 yaşlı fəalın abidəyə qrafiti çəkdiyinə görə...’

Ölkə Konstitusiyasının 46-cı maddəsində vurğulanır ki, “heç kəsə işgəncə və əzab verilə, heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala, özünün könüllü razılığı olmadan üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz”.

Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci, Avropa Konvensiyasının 3-cü maddələrində də vurğulanır ki, “heç kim işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır”.

Azərbaycan həm də “İşgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalarına qarşı” BMT-nin Konvensiyasına, “İşgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzaların qabağı alınması” haqqında Avropa Konvensiyasına, BMT-nin “Məhbuslarla rəftar qaydasının minimal standartı”na, “Hüquqi qaydaların müdafiəsi üzrə vəzifəli şəxslərin müraciəti Məcəlləsi”nə və digər önəmli beynəlxalq sənədlərə qoşulub.

Buna da bax:​ Ombudsman Aparatı 'işgəncə yoxdur' deyir, vəkil razılaşmır

İşgəncə faktlarına görə məhkəmələrə şikayət edən vəkillərsə qanunlara elə məhkəmələrdə də barmaqarası baxıldığını deyirlər.

XS
SM
MD
LG