Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:59

Azərbaycan iqtisadiyyatında sıçrayış, yoxsa böhran...


Prezident İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin açılışında. 2021
Prezident İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin açılışında. 2021

Azərbaycanın iqtisadi artımının sürətində sıçrayış baş verdiyi bildirilir.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, iqtisadi artım tempi son bir ayda 1.1 faizdən 5 faizə yüksəlib.

2024-cü ilin yanvarında ölkədə 9 milyard 131 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 faiz çox Ümumi Daxili Məhsul (ÜDM) istehsal olunduğu vurğulanır.

DSK-nın açıqlamasına görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2.6 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 12.3 faiz artıb.

İqtisadiyyat Nazirliyinin da yaydığı məlumata əsasən, ölkə iqtisadiyyatında yüksək investisiya fəallığı qeydə alınıb: Yanvarda ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala investisiya qoyuluşları 37.4 faiz, o cümlədən qeyri-neft-qaz sektorunda 34.1 faiz artıb.

R.Quliyev
R.Quliyev

"İqtisadi vektorumuz artıq bəllidir"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev "Turan"a deyib ki, yanvardakı sıçrayış 2023-cü ilin təsiridir.

Deputatın sözlərinə görə, ötən il büdcə gəlirlərinin yarısı qeyri-neft-qaz sektorundan formalaşmışdı: "Düşünürük ki, bu il isə büdcə gəlirlərinin yarısından çoxu qeyri-neft-qaz sektorundan formalaşacaq. Bu mənada tendensiya davam edir. Bizim iqtisadi vektorumuz artıq bəllidir və biz daha çox qeyri-neft sektorunu inkişaf etdirəcəyik".

R.Həsənov
R.Həsənov

"Ciddi böyümədən danışmaq mənasızdır"

İqtisadçı Rəşad Həsənov isə bildirib ki, açıqlanan məlumatlar kifayət qədər limitlidir, amma qeyd olunan göstəricilər yüksəkdir: "Turizm sektoru iqtisadiyyatda öz payını artırıb və bu, yanvar ayı ərzində ölkəyə gələn turistlərin sayının artması ilə bağlıdır. Tikinti sektorunda isə daha çox işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə dəstək göstərilir. Digər tərəfdən, sənaye məhəllələrində rezidentlər yeni fəaliyyətə başlayıb. Bu kimi faktorlar böyük ehtimalla yanvar göstəricilərini müəyyən mənada pozitiv istiqamətdə dəstəkləyib".

Rəsmi rəqəmlərə görə, hazırkı mərhələdə qeyri-neft sektorunun artması neft-qaz sektorunun azalmasını əvəz edə bilir. Ekspertin fikrincə, "bunun nə qədər davam edəcəyini demək çox çətindir, çünki mövcud oyun qaydaları ilə iqtisadiyyatın dəstəklənməsi bura qədərdir, buradan o tərəfə ciddi nəticələri gözləmək sadəlövhlük olar. Əgər radikal islahatlar olmasa, ciddi böyümədən danışmaq mənasızdır".

Z.İsmayıl
Z.İsmayıl

"Əksinə, mən böhran görürəm"

Başqa bir iqtisadçı Zöhrab İsmayıl da AzadlıqRadiosuna bildirib ki, yanvar ayının göstəriciləri bəzən aldadıcı ola bilər: "Azərbaycanda bu il bu qədər artım gözlənilmir. Problem ondan ibarətdir ki, Azərbaycanda neft-qaz sektoru kiçilir, neft hasilatı azalır, qaz hasilatı isə bir az artsa da, qiymətlər düşür və bu, neft sektorundakı itkiləri kompensasiya etmir".

Onun sözlərinə görə, qeyri-neft sektorunda artımı göstərsələr də, inflyasiyanın səviyyəsini nəzərə alanda bu, daha çox qiymət artımından qaynaqlanan artımdır: "2023-cü ildə işğaldan azad olunmuş ərazilər bərpa olunurdu. İndi də göstərilən iqtisadi artımının əsas səbəblərindən biri işğaldan azad olunmuş ərazilərdir, çünki orada artıq kənd təsərrüfatı ilə məşğul olanlar var və bu, 2021-ci ilə qədərki iqtisadi göstəricilərə əlavə olunur".

Amma Z.İsmayıl ümumilikdə qeyri-neft sektorunda ciddi artım olmadığını qeyd edir: "Əksinə, mən böhran görürəm. Bu böhran daha çox institusionaldır və iqtisadiyyatın neftdən asılı olmasının nəticəsidir. O özünü yaxın illərdə daha çox göstərəcək".

XS
SM
MD
LG