Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:07

Roma papası İrandakı edamları pisləyir


İsfahanda ölümə məhkum edilənlər
İsfahanda ölümə məhkum edilənlər

Roma papası Frensis yanvarın 9-da İranda etirazçıların edamlarını qətiyyətlə pisləyib və “qadınlara daha ləyaqətli münasibət tələb edən” antihökumət nümayişlərinə haqq qazandırıb.

Associated Press yazır ki, papa bu bəyanatları Vatikanda akkreditə olunmuş səfirlərin qarşısında etdiyi ənənəvi illik çıxışında verib.

Frensis vurğulayıb ki, kilsə abortlara qarşı olduğu kimi, həm də edamlara qarşıdır.

O deyib ki, bunların ikisi də həyat hüquqi kimi təməl hüquqdan məhrum edir.

Frensis vurğulayıb ki, edam cəzaları istənilən şəraitdə qeyri-məqbuldur:

“Ölüm cəzasından dövlət ədliyyəsi məqsədilə istifadə oluna bilməz, çünki bu, nə çəkindirici rol oynayır, nə də qurbanlar üçün ədalət gətirir, əksinə qisas hissini alovlandırır”.

İranda gənc qadın Məhsa Əmininin polisdə ölməsindən sonra başlanmış etiraz aksiyalarında iştirakla bağlı indiyədək azı dörd nəfər edam olunub.

İran insan haqları təşkilatları bildirirlər ki, etirazların gedişində 519 nəfər həlak olub, 19,200 nəfər həbs edilib.

AP yazır ki, Frensis İslam dünyası ilə mümkün dialoqun perspektivlərinə ziyan vurmamaq üçün birbaşa olaraq İran hökumətini ittiham etməyib.

Bu da bildirilir ki, Tehran Roma papasının tənqidinə hələki reaksiya verməyib.

“Xarici düşmənlər”, “ikinci növ vətəndaşlar”

İranın ali rəhbəri ayətüllah Əli Xameneyi yanvarın 9-da demişdi ki, ictimai yerlərə od vuranlar “şübhəsiz dövlətə xəyanət edənlərdir” və belə hərəkətlər İslam Respublikasında ölümlə cəzalandırılır.

O İranda davam edən kütləvi etirazların “xarici düşmənlər” tərəfindən qızışdırıldığına dair iddialarını bir daha təkrar edib.

AP bildirir ki, Xameneyinin bu bəyanatları hakimiyyəti həbs edilmiş etirazçılara daha ağır cəzaların verilməsinə sövq edə bilər.

Frensis İran etirazlarından danışarkən qeyd edib ki, dünyanın bir çox yerlərində qadınlara hələ də “ikinci növ vətəndaşlar” kimi baxılır.

Xəbərdə deyilir ki, bu məqama görə Katolik kilsəsinin özü də tənqid olunur, çünki hələ də qadınların keşiş titulu almasına imkan verilmir.

Roma papası İranla nüvə danışıqlarının dalana dirənməsindən də narahatlıq ifadə edib.

O habelə Braziliyadakı son hadisələrdən danışarkən vurğulayıb ki, dünya boyunca demokratiyanın zəifləməsi siyasi və sosial qütbləşməyə yol açıb.

İranda daha 3 nəfər ölümə məhkum edildi

İranda son etirazlarda təhlükəsizlik qüvvələrinin üç üzvünü öldürməkdə təqsirləndirilən üç nəfər ölümə məhkum edilib. Hadisənin Məhsa Əmininin polisdə ölümünə etiraz aksiyaları vaxtı baş verdiyi bildirilir.

Sentyabrda 22 yaşlı İran kürdü Əmini guya hicabı düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən saxlanandan sonra vəfat edib. Onun ölümü ölkədə etirazlara səbəb olub.

17 nəfərin dördü...

Son hökmlərdən apelyasiya şikayəti verilə bilər. Ümumilikdə son üç ayda etirazlarla əlaqədar 17 nəfər ölümə məhkum edilib.

Onlardan dördü edam olunub, ikisinin cəzası ali məhkəmə tərəfindən təsdiqlənib və icra növbəsini gözləyir.

Saleh Mirhaşimi, Məcid KazımiSəid Yaqubi “Allaha qarşı müharibə” aparmaqda təqsirli bilinərək ölümə məhkum olunublar. Məlumatı yanvarın 9-da ədliyyənin “Mizan Online” xəbər vebsaytı yayıb.

Noyabrın 16-da mərkəzi İsfahan vilayətində üç təhlükəsizlik əməkdaşının ölümüylə nəticələnmiş insidentlə bağlı daha iki nəfərə həbs cəzası kəsilib, Mizan yazır.

Hökmlərin hamısından ali məhkəməyə şikayət verilə bilər.

Daha iki nəfərin edam hökmü icra olunub

Şənbə günü – yanvarın 7-də Məhəmməd Mehdi KərəmiSeyid Məhəmməd Hüseyni edam olunublar. Onlar noyabrda Tehranın qərbində yerləşən Kərəcdə yarımhərbi qüvvə üzvünü qətlə yetirməkdə təqsirli biliniblər.

Möhsün Şekari Məcidrza Rahnavərd barəsində ölüm hökmləri dekabrda icra edilib. Onlar təhlükəsizlik qüvvələrinə ayrı hücumlarda təqsirli biliniblər.

Edamlar dünyada hiddətə, Qərbin Tehrana qarşı yeni sanksiyalarına səbəb olub.

XS
SM
MD
LG