Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:30

İranın Rusiyaya Xəzər dənizi ilə silah-sursat daşıdığı deyilir


Rusiyanın Xəzər donanması Həştərxan limanında (Arix fotosu)
Rusiyanın Xəzər donanması Həştərxan limanında (Arix fotosu)

İran Rusiyaya məxfi şəkildə çox sayda silah-sursat verə bilərdi. Bu barədə məlumatı Britaniyanın Sky News telekanalı verib.

Məlumata görə söhbət ehtimal ki, 100 milyon güllə və 300 min artilleriya mərmisindən gedir.

Bu da qeyd olunur ki, sözü gedən silah-sursat İrandan Rusiyaya Xəzər dənizi üzərindən ötürülür.

Jurnalistlərin əldə etdikləri məlumata görə yanvar ayında İran portlarından Həştərxan limanına Musa Cəlil və Begey adlı iki yük gəmisi gəlib. Gəmilərin göyərtələrində sursatla dolu 200 konteynerin olduğu xəbər verilir.

Sky News telekanalının xüsusi xidmətlərdəki mənbəyi gəmilərin Rusiya bayrağı altında üzdüyünü bildirib.

Həmin mənbəyin məlumatına görə konteynerlərdə avtomat silahı üçün güllələr, tüfənglər, raket və artilleriya qurğuları üçün sursat, habelə zirehli jiletlər olub.

Bu iki gəmi barədə məlumatı Marine Traffic gəmi hərəkətlərini izləmə saytı da təsdiqləyib.

Gəmilər yanvar ayında çəkilmiş peyk fotolarına da düşüb.

Xəbəri hazırda müstəqil şəkildə təsdiqləmək mümkün deyil. Rusiya hökuməti və gəmilərin sahibi olan şirkət Sky News telekanalının sorğularına cavab verməyib.

Kiyev Moskvanı Ukraynanın infrastruktur və mülki obyektlərinə, habelə yaşayış məhəllələrinə İranın Şahed dronları ilə zərbələr endirməkdə ittiham edir.

Rusiya və İran bu ittihamları rədd edirlər.

Ötən ilin noyabrında Tehran Rusiyaya kamikadze dronları verdiyini etiraf edib, amma bildirib ki, bu PUA-lar guya Rusiyaya hələ Ukrayna müharibəsindən əvvəl verilib.

Rusiya İran raketlərini almaqdan niyə qorxur?

Başqa mənbələrin verdiyi xəbərlərdə deyilir ki, Rusiya İrandan ballistik raketlər də almaq niyyətində olub, lakin hələ ki, bunu etməyib.

Financial Times qəzeti Qərb diplomatlarına istinadən yazır ki, buna səbəb Moskvanın Ukraynaya ABŞ tərəfindən uzaqmənzilli ATACMS raket sistemlərinin verilə biləcəyindən çəkinməsidir.

İranın istehsalı olan ballistik raketlər səsdən sürətli uçur və Rusiya raketləri ilə müqayisədə daha dəqiqdir.

Amma Moskva narahatdır ki, İrandan ballistik raketlər alacağı təqdirdə Vaşinqton da Ukraynaya Rusiya ərazisinin dərinliklərini vura bilən raket sistemləri verə bilər.

ATACMS taktiki raket sistemi
ATACMS taktiki raket sistemi

Ağırlığı 1670 kiloqram olan ATACMS uzaqmənzilli raketləri 300 kilometrlik məsafədə olan hədəfləri vura bilir.

Ekspertlər bildirirlər ki, bu raket sistemlərinin Ukraynaya verilməsi Rusiya ordusuna ağır zərbə olardı.

Bu arada Mərkəzi Kəşfiyyat İdarəsi bildirir ki, Rusiyanın İranın təkmil raket proqramına dəstək verə biləcəyi inandırıcı görünür.

CBS telekanalına müsahibəsində MKİ-nin rəhbəri Uilyam Börns (William Burns) deyib ki, Tehran və Moskva arasında hərbi əməkdaşlıq getdikcə güclənir.

Ekspertlər qeyd edirlər ki, Tehran özünün ballistik raket proqramını Rusiyanın ona 1990-cı illərdə ötürdüyü texnologiyalar əsasında inkişaf etdirib.

Bununla belə ABŞ Müdafiə Nazirliyi hələ 2019-cu ildə İran raketlərinin “son dərəcə dəqiq” olmasını bildirmişdi.

Təklənmənin müttəfiq etdiyi iki ölkə

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Körbi (John Kirby) bu yaxınlarda bildirib ki, Moskva Tehrandan aldığı sursatın əvəzində İrana müasir döyüş təyyarələrini təklif edib.

Bəzi məlumatlara görə İran hazırda 24 ədəd Rusiya istehsalı olan Su-35 qırııcı təyyarələrinin alınması prosesindədir.

Bu təyyarələrin İrana elə bu ay çatdırılacağı gözlənilir.

İranın Zolfəğar və Dizful raketləri
İranın Zolfəğar və Dizful raketləri

Bundan başqa İranın hazırda Mi-28 və Ka-52 təkmil döyüş helikopterlərinin alınması üçün Rusiya ilə danışıqlar apardığı xəbər verilir.

Rusiya hazırda artilleriya mərmisindən korluq çəkir və İran istehsalı olan Fateh-313 və Zolfəğar ballisitik raketləri yaranmış vəziyyətdə onun karına gələrdi.

Hərbi ekspertlər vurğulayırlar ki, üzərində onsuz da xeyli sanksiyalar yükü olan İran Qərbin xəbərdarlıqlarına məhəl qoymaya bilər.

Siyasi şərhçilər bildirirlər ki, sanksiyalar və beynəlxalq aləmdə təcrid olunmaları Moskva və Tehranı son dərəcə yaxınlaşdırıb.

XS
SM
MD
LG