Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:40

İran yaxın günlərdə Rusiyaya ballistik raketlər verə bilər – Qərb mediası


İran ən yaxın vaxtda Rusiyaya Ukrayna müharibəsində istifadə etməsi üçün ballistik raketlər verə bilər.

Bu barədə Bloomberg agentliyi adları çəkilməyən iki Avropa məmuruna istinadla yazıb.

Bloomberg-in mənbələri bunu da vurğulayıblar ki, İran hakimiyyətinin bu addımı atması Ukraynanı dəstəkləyən ölkələrin dərhal reaksiyasına səbəb olacaq.

Tehranın Rusiyaya yüzlərlə ballistik raket vermək niyyəti barədə avqust ayında Reuters agentliyi kəşfiyyat mənbələrinə istinadla yazmışdı.

Bloomberg agentliyinin xəbərində isə raketlərin Rusiyaya veriləcəyi artıq həll olunmuş məsələ kimi təqdim edilir. Əslində söhbət yaxın günlərdən gedir.

Bununla belə mənbələr İranın Rusiyaya verəcəyi raketlərin tipi və sayı barədə məlumat vermirlər.

Hazırda İran ordusunun istifadəsində vurma radiusu 120 kilometrə çatan “Fəth-360” raketləri var. Reuters Rusiyaya məhz bu tip raketlərin verilə biləcəyini yazmışdı.

Lakin İran cəbbəxanasında vurma radiusu 2500 kilometrə çatan “Səcil” raketləri də var. Bu orta uzaqmənzilli raket sayılır.

Qərbin “sərt və çevik” reaksiyası olacaq

Hazırda Rusiya Ukraynaya qarşı zərbələrdə “Iskander” və səsdən iti uçan “Kinjal” raketlərindən, habelə Şimali Koreya istehsalı KN-23 raketlərindən istifadə edir.

Rusiya Ukrayna müharibəsində habelə İranın təchiz etdiyi “Şahed” dronlarından istifadə edir. Bu dronlar ya İrandan gətirilir, ya da Rusiyanın özündə yığılır.

Ballistik raketlər dronlarla müqayisədə sözsüz ki, daha qüdrətli silahlar sayılır.

Bloomberg xatırladır ki, ABŞ və NATO ölkələri İrana Rusiyanı raketlərlə təchiz edəcəyi təqdirdə üzləşə biləcəyi nəticələr barədə xəbərdarlıq ediblər.

ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Reuters agentliyinə deyib ki, İranın Rusiyaya bu tip raketlər verməsi Ukraynaya qarşı təcavüzün eskalasiyası kimi qiymətləndiriləcək, ABŞ və onun NATO və G7 qrupundakı partnyorları Tehrana “ sərt və çevik” reaksiya verəcəklər.

Bloomberg ehtimal edir ki, burada söhbət Iranair aviasiya şirkətinə qarşı sanksiyaların gücləndirilməsindən gedə bilər.

XS
SM
MD
LG