Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:35

Kremlyönlü şərhçilər İsraildən gələn 'yaxşı' xəbərlərə sevinirlər


Rusiya dövlətinin nəzarətində olan "Birinci Kanal"da İsrail-Qəzza zorakılığı ilə bağlı xəbər
Rusiya dövlətinin nəzarətində olan "Birinci Kanal"da İsrail-Qəzza zorakılığı ilə bağlı xəbər

Kremlyönlü Rusiya şərhçiləri bir ağızdan "Həmas"ın İsrailə və dinc sakinlərə hücumuna sevindiklərini göstərirlər. Onlar Yaxın Şərqdə baş verənlərdən Qərbi, özəlliklə ABŞ-ı tənqid etmək, ötən ilin fevralından bəri Ukraynaya hücuma qarşı çıxaraq İsrailə köçən Rusiya vətəndaşlarına hücum etmək üçün bəhanə kimi yararlanırlar.

Müharibə əleyhinə şərhləri ilə tanınan, indi xaricdə yaşayan rusiyalı incəsənət tənqidçisi Marat Qelman deyir ki, "Həmas"ın İsrailə hücumu ilə Rusiyanın Ukraynaya hücumu arasında bir neçə ciddi oxşarlıq var və Kreml tərəfdarlarının heyrət doğuran bu reaksiyası, yəqin, həmin oxşarlıqlardan qaynaqlanır. O, Facebook-da yazıb ki, bu oxşarlıqlar arasında "xarici ölkənin ərazisinə qəfil hücum", "mülki əhaliyə qarşı müharibə (və mülki əhalini əsir götürmə)" və "dövləti məhv etmək niyyətinin açıqlanması" da var.

Tiqran Keosayan
Tiqran Keosayan

Keosayan: "İstənilən münaqişə bizim xeyrimizədir"

RT-nin baş redaktoru Marqarita Simonyanın əri Tiqran Keosayan özünün "İzolenta Live" adlı onlayn proqramında İsraildəki böhranın faydalarından söz açıb: "İndi dünyada baş verən istənilən münaqişə bizim xeyrimizədir. Özəlliklə ABŞ-ın maraqlarının toqquşduğu yerlərdə".

Onun bu dəyərləndirməsi Ukrayna prezidenti Volodimir Zelenskinin şərhinə bənzəyir. Zelenski oktyabrın 9-da deyib ki, "Rusiya Yaxın Şərqdə müharibəni alovlandırmaq, dünya birliyini zəiflətmək və parçalamaq üçün yeni ağrı və iztirab qaynağı yaratmaqda maraqlıdır".

Praqadakı Karl Universitetinin sosiologiya professoru Dmitri Dubrovski CurrentTime-a müsahibəsində deyib ki, Keosayan İsrail-"Həmas" münaqişəsinin Rusiya dövlətindən ötrü nə demək olduğu barədə dediklərində haqlıdır: "Bütövlükdə Rusiya təbliğatı müharibənin normal olduğunu… açıqca deməyə başlayıb. Məncə, əsas mesaj budur ki, "savaşa alışın". Bu, Ukrayna üzərinə tammiqyaslı hücum əmri verəndən bəri Putinin də dəfələrlə dilə gətirdiyi mesajdır.

Dmitri Dubrovski
Dmitri Dubrovski

"Qarşısında utana biləcəkləri kimsə qalmayıb"

Dubrovski onu da deyib ki, kremlyönlü şərhçilər özləri kimi düşünən məhdud auditoriyaya üz tutduqlarına görə bu qədər alovlu çıxış edirlər: "Qarşısında utana biləcəkləri kimsə qalmayıb. Mənə elə gəlir ki, Rusiyanın kiminsə qarşısında utana biləcəyi an geridə qalıb. İndi Rusiya sadəcə bir qrup ölkəyə və [azsaylı] müttəfiqlərinə üz tutur. Onların da çoxu siyasi marginal oyunçudur, ya da İran və Şimali Koreya kimi aşıq-aşkar avtoritar, aqressiv rejimlərdir".

Ultramillətçi şərhçi Dmitri Steşin oktyabrın 8-də Telegram-da yazıb ki, "Ukrayna qısa zamanda dünya gündəmindən yoxa çıxdı". Bunun ardınca da o, "Həmas"ın ukraynalıların "oğurladıqları Qərb yardımı ilə" silahlanmasına dair əsassız söz-söhbəti dilə gətirib.

Sonradan bu iddialar BBC-yə aid olduğu deyilən video vasitəsilə sosial mediada təbliğ olunmağa başlandı. Videoda, guya, "Bellingcat" araşdırma qrupunun Ukraynadan "Həmas"a silah ötürülməsini sənədləşdirdiyi iddia edilir. "Bellingcat"in qurucusu Eliot Hiqqins videonu ifşa edib. O, X sosial şəbəkəsində videonu rusiyalı sosial media istifadəçilərinin yaydığına diqqət çəkib: "Bunun Rusiya hökumətinin dezinformasiya kampaniyası, yoxsa adi adamlardan gələn təşəbbüs olduğu aydın deyil, ancaq bu, 100 faiz saxtadır".

Marqarita Simonyan
Marqarita Simonyan

"Rus pasifistlərinin axınını gözləyirik…"

Rusiya dövlət mediasi və Kremli dəstəkləyən şərhçilər ifrat sağçı, respublikaçı senator Coş Houlinin ABŞ-ın Ukraynaya hərbi yardımının İsrailə ötürülməsi haqda çağırışlarına da xeyli vaxt ayırıblar.

Kremlyönlü təbliğatçılar Ukraynaya qarşı hücumu dəstəkləmədikləri üçün İsrailə köçən rusiyalılara da kinayə ilə hücum çəkiblər.

Simonyan oktyabrın 7-də X-də yazıb: "Qonşuları ilə vuruşmayan ölkə yenidən qonşuları ilə vuruşur. Rus pasifistlərinin axınını gözləyirik. Ancaq yox, gözləmirik".

Müharibə başlanandan bəri İsrailə köçən rusiyalılar arasında pop ulduzu Alla Puqaçova və əri – komediya ustası Maksim Qalkin kimi tanınmış şəxslər də var.

Qalkin oktyabrın 9-da Instagram-da video paylaşaraq İsrailə dəstəyini bildirib: "Biz İsraili seçmişik və bir dəqiqə də peşman olmamışıq. Və bu gün - İsrail üçün bu ağır və ürək dağlayan gündə biz buradayıq. Biz [İsraili] tərk etmək haqda heç düşünmürük də…. Alla, mən və bizim övladlarımız İsrail xalqını dəstəkləmək istəyirik".

XS
SM
MD
LG