Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:26

Bayden İsveç və Finlandiyanın NATO üzvlüyünə müraciətini dəstəkləyir 


Co Bayden
Co Bayden

ABŞ administrasiyası Türkiyənin mövqeyi ilə bağlı yaranmış vəziyyətin yoluna qoyula biləcəyini bildirir

ABŞ prezidenti Co Bayden Finlandiya və İsveçin NATO üzvlüyünə müraciətini dəstəklədiyini bildirib:

"Mən Finlandiya və İsveçin NATO üzvlüyü üçün tarixi müraciətini hərarətlə alqışlayıram və dəstəkləyirəm”.

Bayden mayın 18-də deyib ki, o bu ölkələrlə ABŞ arasında daha sıx müdafiıə əməkdaşlığına ümid edir.

Finlandiya və İsveç NATO üzvlüyünə müraciət etməklə onilliklərlə davam edən neytrallıq siyasətinə son qoyublar.

Ekspertlər bildirirlər ki, neytral ölkələrin belə qərarına Rusiyanın Ukraynaya səbəbsiz və əsassız hücumu təkan verib.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq demişdi ki, İsveç və Finlandiyanın şimal alyansına qoşulmaq qərarını alqışlayır.

Türkiyə Finlandiya və İsveçin NATO ilə danışıqlarını bloklayıb

Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünə dair danışıqlarının başlanmasını bloklayıb.

Bu barədə Almaniyanın DPA agentliyi xəbər verir.

Financial Times qəzeti yazır ki, Ankara İsveçdən 30 nəfərin ekstradisiya olunmassı barədə tələb irəli sürüb.

Türkiyə bu şəxsləri terrorçuluqda ittiham edir.

Mayın 18-də NATO Finlandiya və İsveçin üzvlüyə qəbul üçün ərizələrini müzakirə etməliydi.

Lakin Ankaranın mövqeyi bu iclasın keçirilməsinə mane olub.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Helsinki və Stokholmu Türkiyədə “terrorçu” kimi tanınan təşkilatlara, xüsusilə də PKK-ya himayədarlıqda ittiham edir.

Finlandiya və İsveçin üzvlük ərizələri NATO-dadır

NATO-nun Baş katibi Yens Stoltenberq Finlandiya və İsveçin üzvlük ərizələrini alyansa təqdim etdiyini deyir.

“Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün müraciətlərini alqışlayıram. Biz çox yaxın tərəfdaşıq”, – Stoltenberq mayın 18-də bu iki ölkənin səfirlərindən ərizələri alandan sonra jurnalistlərə deyib.

NATO rəsmi Twitter hesabında bu addımı “tarixi gün” adlandırıb.

“Bu gün Finlandiya və İsveç ölkələrinin NATO üzvü olmağa marağını əks etdirən məktubları Baş katib Yens Stoltenberqə təqdim ediblər”, – alyans bildirib.

Rəsmi müraciətlər iki həftəyədək çəkəcəyi gözlənən prosesə start verib. Ancaq NATO üzvü Türkiyənin Prezidenti Receb Tayyib Ərdoğan Finlandiya və İsveçin PKK-ya bağlı yaraqlıları himayə etdiyini, onların alyansa üzvlüyünə qarşı olduğunu deyib.

Türkiyənin etirazları yoluna qoyularsa, Finlandiya və İsveç bir neçə aya NATO-ya qoşula bilərlər. Adətən, bu proses 8-12 ay çəkir.

Həmin ölkələrin coğrafi baxımdan Rusiyaya yaxınlığını və Rusiyanın fevralın sonunda Ukraynaya hücuma başlamasını nəzərə alan NATO üzvlük prosesini sürətləndirmək istəyir.

***

Finlandiya parlamenti mayın 17-də ölkənin NATO-ya üzv qəbul olunmasına səs verib.

Bu qərarın leyhinə 188, əleyhinə 8 deputat səs verib.

Bundan əvvəl ölkənin prezidenti Sauli Niinistö və hökumət bu barədə prinsipial qərarın qəbul olunduğunu bəyan etmişdilər.

Finlandiyada ictimai rəy son illərdə NATO üzvlüyünün xeyrinə dəyişirdi, lakin Rusiyanın Ukraynaya əsassız və səbəbsiz hücumu ictimai rəydə “seysmik” dəyişiklik yaradıb.

Finlandiya və İsveçin NATO üzvlüyünə Türkiyə prezidenti Recep Tayyip Erdoğan çıxış edir.

O Skandinaviya ölkələrini Türkiyədə qadağan edilmiş PKK və başqa separatçı birləşmələri himayə etməkdə günahlandırır.

ABŞ administrasiyası Türkiyənin mövqeyi ilə bağlı yaranmış vəziyyətin yoluna qoyula biləcəyini bildirir.

İsveç NATO-ya üzvlük üçün rəsmi müraciət imzalayır

İsveç NATO-ya rəsmi üzvlük müraciətini imzalayıb. Stokholm bir gün öncə 30 üzvlük hərbi alyansa üzv olmaq istədiyini açıqlayıb. Bu addım Rusiyanın Ukraynaya qarşı işğalının yaratdığı təhlükəsizlik əndişələri fonunda baş verir.

Finlandiya parlamenti də mayın 17-də oxşar addım ataraq alyansa üzvlük üçün rəsmən müraciət edəcək.

“İsveç üçün ən yaxşı qərarı verdik”

Rusiya fevralın 24-də Ukraynaya hücuma başlayandan sonra bu iki ölkə sürətlə NATO-ya meyllənib.

İsveçin Xarici işlər naziri Ann Linde rəsmi müraciəti imzalayandan sonra deyib ki, sənəd NATO-nun Baş katibi Yens Stoltenberqə göndəriləcək.

“Biz İsveç üçün ən yaxşı qərarı verdik”, – Lind sənədi imzalayandan sonra deyib.

Finlandiyanın Prezidenti Sauli Niinisto isə İsveçdə rəsmi səfərdədir. Onun İsveç parlamentində çıxışında NATO-dan danışacağı, Baş nazir Maqdalena Andersonla görüşəcəyi gözlənir.

Rusiya

Rusiya Prezidenti Vladimir Putin mayın 16-da deyib ki, Finlandiya və İsveçin NATO-ya üzv olmaq qərarını təhdid kimi görmür, amma bu ölkələrdə hər hansı hərbi infrastrukturun yerləşdirilməsi Moskvanın reaksiyasına səbəb olacaq.

Xarici işlər naziri Sergey Lavrov da mayın 17-də Putinin dediklərinə oxşar bəyanat verib. O deyib ki, Finlandiya və İsveçin NATO-ya qoşulması “böyük fərq” yaratmayacaq, çünki hər iki ölkə uzun müddətdir alyansın hərbi təlimlərinə qatılırlar.

Ancaq o xəbərdarlıq edib ki, Rusiya NATO-nun gələcək üzv ölkələrin ərazisində fəaliyyətini yaxından monitorinq edəcək.

Türkiyənin mövqeyi

Türkiyə Prezidenti Receb Tayyib Ərdoğan bu iki ölkəni terrorçuluğa qarşı aydın mövqe ortaya qoymamaqda, kürd yaraqlıları gizlətməkdə ittiham edib. Beləliklə, Ankara İsveçlə Finlandiyanın NATO-ya mümkün qədər tez üzv olmasını əngəlləyə bilər.

Rəsmi “Anadolu” agentliyinin Ədliyyə Nazirliyinə istinadla yazdığına görə, İsveç və Finlandiya son beş ildə Türkiyənin 33 ekstradisiya xahişinə müsbət cavab verməyib.

İsveç və Finlandiya Türkiyə rəsmiləri üçün görüşməkdən ötrü Ankaraya nümayəndə heyəti göndərmək istədiklərini desələr də, Ərdoğan buna ehtiyac olmadığını bildirib.

NATO-ya yeni üzvlərinin qəbulundan ötrü alyansın 30 üzvü bunu yekdilliklə dəstəkləməlidir.

XS
SM
MD
LG