Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:09

İcra başçısının müavininə cavab: 'Sanki bu işləri bircə mən görmüşəm'


Gözdən əlillər üçün tikilən bina
Gözdən əlillər üçün tikilən bina

2015-ci il dekabrın 24-də prezident İlham Əliyev öz ad günündə Nərimanov rayonu, Faiq Yusifov küçəsi-196 ünvanında gözdən əlillər üçün tikilən binanın açılışını etmişdi. Üstündən üç il keçib, amma o bina ilə bağlı qalmaqal bitmir. Həmin binada ev almaq istəyib, icra hakimiyyətində qeydiyyata götürülən şəxslər bundan ötrü külli miqdarda pul verdiklərini, amma mənzil ala bilmədiklərini, üstəlik, pullarını da itirdiklərini deyirlər.

İmtiyazlı ailələr üçün nəzərdə tutulan mənzillərin qeydiyyatı və bölgüsü üzrə komissiyanın sədri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov olub. O, dekabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu məsələyə görə dindirilib.

Adamların aldadılmasına görə üç nəfər təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılıb. Bunlar Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev, bu qurumun əməkdaşı Hikmət Şükürov və Nərimanov Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinə rəhbərlik etmiş Yoməddin Şıxəliyevdir. Onlar CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələriylə ittiham olunurlar. Onlar adamları mənzil veriləcəyi adıyla aldadıb pul almaqda suçlanır. Cinayət işinin materiallarında 177 nəfərin aldadıldığı, onlara ümumilikdə 6.5 milyon manatdan çox ziyan vurulduğu iddia olunur.

«İcra hakimiyyəti heç kimdən pul almırdı»

İcra başçısının birinci müavini məhkəmədə təsdiqləyib ki, komissiyanın sədri özü olub. Ancaq deyir ki, sənədləşmə onun səlahiyyətində olmayıb. Şəhid ailələri, gözdən əlillər icra hakimiyyətinə şikayətə gələndə də icra hakimiyyətinin hüquq şöbəsindən o adamların sənədlərinin tezləşdirilməsini xahiş edib: «Sənədləşmə işinə hüquq şöbəsi baxırdı».

Bu cinayət işini Novruz Kərimovun sədrlik etdiyi hakimlər kollegiyası araşdırır. Hakimlər Ş.İbadovun nəzərinə çatdırıb ki, sözügedən binada mənzil sahibi olmaqdan ötrü ev növbəsinə götürülənlərin 99 faizi Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət etmədən qeydiyyata götürülüb. İcra başçısının müavininə məlumat verilib ki, o adamlardan pul alınıb, ona görə də təqsirləndirilən şəxslərə 6.5 milyon manat pulu dələduzluqla ələ keçirmək ittihamı verilib.

Ş.İbadov deyib ki, pul məsələsindən xəbəri yoxdur, bu barədə hüquq şöbəsindən soruşmaq lazımdır: «İcra hakimiyyəti heç kimdən pul almayıb».

Hakim şahid-məmurun diqqətinə onu da çatdırıb ki, qeydiyyata götürülüb hazırda da zərərçəkən qismində çıxış edənlərin çoxu heç gözdən əlillər deyil: «Ali təhsilləri, bir neçə evləri var. Lakin onlar gözdən əlillər üçün nəzərdə tutulan binadan mənzil almaq məqsədilə qeydiyyata götürülüb. Biz bilmək istəyirik ki, bu, hansı sənədlər əsasında belə olub?».

Ş.İbadov yenə də deyib ki, bu sualın cavabını icra hakimiyyətinin hüquq şöbəsinin sabiq rəhbərindən soruşmaq lazımdır.

Ş.İbadov dindirmə zamanı bildirib ki, icra başçısının sərəncamları məhv edilmir, 3 ildən sonra arxivə göndərilir: «Bu hadisələr baş verən vaxt cənab başçı Abdin müəllim zəng edib dedi ki, bu işlər araşdırılmalı, cinayətkar tapılmalıdır».

İcra hakimiyyətində hüquq şöbəsinin rəhbəri olmuş təqsirləndirilən Y.Şıxəliyev isə Ş.İbadovun dedikləri ilə razılaşmayıb. Əksinə, Ş.İbadovun onu hədələdiyini bildirib: «Elə danışdınız ki, sanki icra hakimiyyətində bu işləri bircə mən görmüşəm, səlahiyyətlər də yalnız məndə olub. Mən orada yalnız sənədləri aparıb-gətirən adam olmuşam. Bu məsələ böyüyəndə Şahmar müəllim mənə dedi ki, «get, polisdə izahat yaz». Düzdür, mənə göstərişləri Firdovsi müəllim (hazırda hüquq şöbəsinin müdiri olan Firdovsi Calalovu nəzərdə tutur-red.) verirdi. Amma o da deyirdi ki, rəhbərliyin göstərişidir».

«Heç kimi məcbur etməmişəm»

Y.Şıxəliyev həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib: «11 aydır məhkəməyə gedib-gəlirəm, səhhətimdə problem yaranıb».

Hakim təqsirləndirilən şəxsin yadına onun ifadəsini salıb. İfadəsində deyib ki, bu işlərə onu bu işlərə icra başçısının birinci müavini Ş.İbadov məcbur edib, sənədləri də onun təzyiqi ilə imzalayıb.

Y.Şıxəliyev məhkəmədə bir daha deyib ki, həmin ifadəsini təsdiqləyir.

Ş.İbadov isə ünvanına səslənən bu ittihamla razılaşmır. Deyir ki, şikayətlər çox olduğuna görə onların qeydiyyatının rəsmiləşməsini istəyib: «Amma heç kimi məcbur etməmişəm. Nə də ona müdaxilə etmişəm...».

Təqsirləndirilən şəxslərdən Gözdən Əlillər Cəmiyyətinin sədri S.Abdullayev deyir ki, adamlardan alınan pullar ona yox, hazırda Almaniyada yaşayan Məzahir Nəsirova çatıb: «Bunu məhkəmədə ifadə verən zərərçəkmiş şəxslər də təsdiq edir. İndiyədək 40-a yaxın şəxs ifadə verib və pulların Məzahirə çatdığını bildiriblər. Heç kim mənə pul verildiyini təsdiqləyə bilməz. Bu baxımdan mən özümü təqsirli bilmirəm».

M.Nəsirov mənzil sahibi olmaq istəyən vətəndaşlarla cəmiyyət və icra hakimiyyəti arasında vasitəçi olub, pulun da əksəriyyəti onun vasitəsilə verilib. Onun İnterpol xətti ilə axtarışa verildiyi bildirilir.

XS
SM
MD
LG