Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 05:45

Finlandiyalı general: Başqa dövlətlər silahlarını satanda, biz ucuz qiymətə alıb yığırdıq


Finnish Air Force Gen. Jarmo "Charles" Lindberg, commander of the Finnish Defense Forces, DOD photo by Dominique A. Pineiro)
Finnish Air Force Gen. Jarmo "Charles" Lindberg, commander of the Finnish Defense Forces, DOD photo by Dominique A. Pineiro)

İstefada olan general Yarmo Lindberq (Jarmo Lindberg) 2014-2019-cu illərdə Finlandiya Müdafiə Qüvvələrinin ən yüksək vəzifəli zabiti olub. Döyüş pilotu olan Lindberq bu vəzifəyə hərbi hava qüvvələrinin sıralarından gəlib. O, ötən ay yerlərin çoxunu qazanan mərkəz-sağçı Milli Koalisiya Partiyasından Finlandiya parlamentinin üzvü seçilib. O eyni zamanda müşavir və lobbiçi kimi çalışıb.

Lindberq AzadlıqRadiosunun gürcü xidmətinə müsahibəsində Finlandiyanın NATO ilə münasibətlərindən, finlərin üzvlüklə bağlı kəskin qərarından və müharibənin NATO-nun şimal cinahına təsirindən danışıb.

“…Finlandiya Aİ-nin [Rusiyaya qarşı] sanksiyalarının hər 10 raundunda blokun yanında olub. Fin sənayesi Rusiyanı, demək olar, tamamilə tərk edib. Biznes bitib, münasibətlərsə artıq dramatik dəyişib…

Müharibə və Rusiyanın … hücumu böyük dəyişiklik yaratdı. Çünki bircə həftənin içində Finlandiyada NATO üzvlüyünün əleyhinə və lehinə olanların sayları yerlərini dəyişdi. Finlərin əksəriyyəti NATO üzvlüyü tərəfdarına çevrildi”, – Lindberq deyir.

“Heç kim müharibənin nə zaman bitəcəyini bilmir”

Rusiya artıq Finlandiyanı “hərbi və siyasi nəticələrlə” hədələyib. Lindberq deyir ki, Rusiya bu proses ərzində bir neçə dəfə şimal-qərb sərhədlərini möhkəmləndirəcəyini deyib: “Ərazidə yeni ordu korpusu, yaxud yeni qərargah yaradıla bilər, baxıb görəcəyik”. Onun sözlərinə görə, Rusiya həmin ərazidən iki batalyonu çıxararaq Ukraynaya aparıb və onlar orada ağır itkilər veriblər: “Odur ki, hazırda Finlandiya sərhədinin şərqində Rusiya ordusunun qabiliyyəti daha aşağıdır. Yaxın gələcək üçün Rusiyanın diqqəti Ukraynaya yönəlib… Heç kim müharibənin nə zaman bitəcəyini bilmir.

…NATO-ya qəbul olunandan sonra indiyə qədər gördüklərimizdə dəyişiklik olacaqmı? Bunu demək çətindir. Bu ana qədər imzalama prosesi heç nəyi dəyişməyib”.

Lindberq Finlandiyanın müharibənin başlanğıcından bəri Ukraynaya artıq 14 dəfə, ümumilikdə 960 milyon avroluq hərbi yardım göstərdiyini bildirir:

“Məncə, bizdən öncəki hökumət bunun son olmadığını demişdi. Ona görə də yardım davam edəcək. Böyük ehtimalla, növbəti raundda yardım 1 milyard dolları keçəcək və hələ də davam edəcək”.

280 min nəfərlik canlı ehtiyat qüvvəsi

General Lindberq qeyd edir ki, Finlandiya artıq on illərlə əməliyyatlarının NATO-ya uyğunlaşdırılmasına hazırlaşıb: “İndi komandanlıq və nəzarət sahəsində NATO ilə uyğunlaşdırma işi aparılmalıdır. Bu isə o qədər çətin iş deyil. [Müdafiə qabiliyyətinə gəlincə,] dramatik dəyişikliklər gözləməyin. Finlandiyanın ehtiyat canlı qüvvəsi artıq 280 min nəfər təşkil edir. Bu, bütün Skandinaviya ölkələrinin birlikdə götürülmüş canlı qüvvəsindən çoxdur. Biz və Polşa Avropada ən böyük səhra artilleriyasına malikik. Bizim bütün xidmətlər – ordu, donanma və hava qüvvələri üçün uzaq məsafəli dəqiq idarə olunan sursatlarımız var. Artıq ölkənin içində əsas döyüş tanklarımız – Leopard əsas döyüş tanklarımız – və zirehli imkanlarımız var... Bundan başqa, F-35 döyüş təyyarələrimiz var. Bu mənada, müdafiə imkanları baxımından dramatik dəyişikliyə ehtiyacımız yoxdur.

Biz icbari hərbi mükəlləfiyyəti saxlaya bilərik. Bunu dəyişməyə ehtiyac yoxdur. Struktur da var: müdafiə təchizatı və müdafiə büdcəsinin ümumi milli məhsula [(ÜMM)] nəzərən faizi artıq NATO-nun tələbi olan 2%-dən yüksəkdir. 20%-dən yüksək olması tələb edilən maddi təchizat hissəsini də rahatca aşmışıq. Odur ki, Finlandiyada müdafiənin [maliyyələşməsi] artıq NATO-nun tələblərindən yüksəkdir.

NATO bazalarına gəlincə isə, əvvəlcə Finlandiyanın NATO profilini müzakirə etməliyik. Bu müzakirələrsə davam edir. Profil NATO ilə birlikdə müəyyən edildikdən sonra daha kiçik detallar, əlavə müzakirələr ola bilər. Hazırda NATO Ukrayna yaxınlığında çox məşğuldur. O Ukrayna yaxınlığına çoxlu qüvvə toplayıb. Buna görə bəlkə də burada, şimalda baza yaratmaq NATO-nun ilk prioriteti deyil. Çünki hazırda cənubda, Mərkəzi Avropada ehtiyac daha kəskindir”.

Lindberq İsveçin NATO-ya üzvlüyündən də danışıb: “Məncə, hazırda ən vacib ehtiyac İsveçin NATO-ya qoşulmasıdır. Çünki Finlandiya və İsveçin qoşulma prosesi paralel idi. Ancaq indi Türkiyə və Macarıstan İsveçi ratifikasiya etməyib. …İsveçin NATO-nun iyulda keçiriləcək sammitindən öncə qoşulması vacibdir”.

Bəzi dövlətlər silahları satanda...

Lindberq deyir ki, bəzi başqa dövlətlər soyuq müharibənin sona çatmasından sonra Rusiyanın qonşusu Finlandiyanın hələ də ümumi hərbi mükəlləfiyyəti ləğv etməməsi və böyük ehtiyat qüvvəsi saxlamasını mühafizəkarlıq kimi görürdülər: “Digər dövlətlərin çoxu artıq böhranın idarə olunması əməliyyatlarına fokuslanmışdı. Bilirsiniz, bizim tariximiz, Rusiya ilə həm daha öncə, həm də II Dünya müharibəsində döyüşməli olmağımız [nəzərə alınmalıdır]. Ümumi hərbi mükəlləfiyyət və iri ehtiyat qüvvəsi kombinasiyasını saxladıq. Bəzi digər dövlətlər silahlarından imtina edəndə, silahlarını satanda biz o izafi silahları ucuz qiymətə almaqla məşğul idik. Çünki biz öz ənənəvi müdafiə imkanlarımızı qoruyub saxlamaq istəyirdik. Ancaq ənənəvi imkanlardan əlavə, biz artıq müasir, uzaq mənzilli, dəqiq idarə olunan silahlar da alırdıq. Söhbət hava qüvvələri, ordu və donanma üçün raketlərdən gedir.

Ukraynanın bu müharibədə axtardığı kombinasiya – kifayət qədər canlı qüvvə, zirehli imkanlar, tanklar, raketlər, uzaq mənzilli imkanlar, müasir döyüş təyyarələri və hava müdafiəsi – bunların hamısı bizdə var. Buna görə də adamlar deyirlər ki, Finlandiyanın müdafiə planlaması bizim indi Ukraynada müşahidə etdiyimiz müharibə üçün düzgündür.

İstənilən dövlətə məsləhətim bu olardı: Əvvəlcədən planlaşdırmalısınız. Hansısa alyansın üzvü olsanız da, olmasanız da, müdafiə imkanları ölkənizin içində olmalıdır. Özü də siz alyansın hesabına kef eləmirsiniz; siz öz ərazinizi müdafiə edə bilməli, hətta, lazım gələrsə, başqalarına kömək etməyə də qadir olmalısınız. Ancaq əgər öz ölkəniz daxilində imkanlarınız yoxdursa, alyansa qoşulub “yaxşı, indi kimsə gəlib bizə kömək etsin, çünki biz öz ev tapşırığımızı eləməmişik” deyə bilməzsiniz”.

Fin düşüncə tərzi

“[BMT-nin Dünya Xoşbəxtlik Hesabatında] Finlandiya artıq altıncı ildir ki, “dünyanın ən xoşbəxt ölkəsi elan olunur. Bilmirəm bu niyə belədir. Məncə, finlər çox praqmatik, birbaşa millətdir. Bir finə və onun sözünə güvənə bilərsiniz. Finlandiyada bu çox sadədir.

Rusiyanın Ukraynaya hücumunu misal çəkə bilərəm. Bircə həftənin içində Finlandiyanın əhalisi başa düşdü ki, biz NATO-da olmalıyıq və çox tezliklə siyasi liderlər NATO üzvlüyünə müraciət üçün ilkin prosesə başladılar. Deyərdim ki, bu çox praqmatikdir. Finlər nəyinsə işləmədiyini anlayanda sadəcə düşünürlər ki, gedib o işi həll etmək lazımdır. Bu, fin düşüncə tərzidir”, - Lindberq deyir.

“2014-cü ilin yazında Rusiya Krımı işğal etdi. Mən də 2014-cü ilin avqustunda müdafiə qərargahının rəisi oldum. O zaman Avropa və NATO daxilində düşünməyə başladılar: biz kifayət qədər hazırıqmı? Çünki bu, Rusiya xüsusi qüvvələrinin keçirdiyi çox sürətli əməliyyat idi. Müxtəlif dövlətlərin müdafiə departamentlərində adamlar buna bənzər bir şeyin onların ərazisində baş verə bilib-bilməyəcəyini analiz edirdilər. Bu cür əməliyyata reaksiya vermək üçün kifayət qədər cəld tərpənə bilib-bilməyəcəklərini düşünürdülər.

Finlandiyada mənim ilk bəyanatım bu oldu ki, hazırlıq səviyyəmizi artırmalıyıq ki, nəsə baş verərsə, daha cəld olaq. …Qonşuluqda və özündə çatışmazlıqları görəndə gedib onları həll edirsən”, – general bildirir.

XS
SM
MD
LG