Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:53

Jurnalistlər üçün bina tikən şirkətin direktoru: 'Heç nədən xəbərim yoxdur, oxuyub-yaza bilmirəm'


Jurnalistlər üçün tikilən bina
Jurnalistlər üçün tikilən bina

Paytaxtın Səbail rayonu, Bibiheybət qəsəbəsində jurnalistlər üçün binalar inşa etmiş "Portos" MMC-nin direktoru olmuş Ədalət Vəliyev deyir ki, heç nədən xəbəri yoxdur. O evlərin necə, neçəyə tikildiyini, təmir olunduğunu bilmir.

"Mən heç latın qrafikasıyla yazıb-oxuya bilmirəm. Nə kabinetim olub, nə oturduğum yer. Gəlmişəm, mühasib nəyə deyibsə, ona qol çəkib getmişəm. Heç bilməmişəm ki, nə sənədlərdir...", – Vəliyevin sözləridir.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) 11 il rəhbərlik etmiş Vüqar Səfərli və daha 10 nəfərin mühakimə olunduğu cinayət işi üzrə təqsirləndirilən şəxslərdən biri də Vəliyevdir. Bu cinayət işində 20 milyondan artıq yeyintidən söhbət gedir. Jurnalistlər üçün təkcə iki binanın tikintisində 16 milyon 928 min manatdan artıq büdcə vəsaitinin mənimsənildiyi iddia olunur. Binaların inşası və təmiri zamanı layihədə bahalı materiallar göstərildiyi halda, gerçəkdə daha ucuz və keyfiyyətsiz avadanlıqlardan istifadə olunduğu, iş həcminin şişirdildiyi bildirilir.

"Cəmi iki ayın maaşını almışam"

Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Hazırda təqsirləndirilən şəxslərin dindirilməsi mərhələsidir. Noyabrın 11-də məhkəmədə ifadə verən Vəliyev bildirib ki, 2017-ci ildən təsisçi onu şirkətə direktor təyin edib. Onun sözlərinə görə, uzun müddət şirkətin direktoru olsa da, hər ay 501 manat olmaqla, cəmi iki ay maaş alıb: "Mənim nə ayrılan pullardan xəbərim olub, nə də görülən işlərdən. Gedib bir dənə qol çəkib çıxmışam, vəssalam. Heç maaş da almamışam. Cəmi iki ayın maaşını almışam, ondan başqa pul görməmişəm".

İş materiallarına əsasən, yeyinti nəticəsində dövlətə, eləcə də KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna dəymiş ziyanın bir hissəsi ödənilib. Təqsirləndirilən şəxslərin bir neçəsi müəyyən qədər vəsait ödəyib. Səfərli və ailə üzvlərinin xeyli əmlakı üzərinə həbs qoyulub.

1 milyon nağd pul və 32 milyonluq bina

Məhkəmədə məlum olub ki, Vəliyev 1 milyon manat nağd pul və 32 milyonluq binanı ziyanın əvəzi olaraq istintaq zamanı təqdim edib. Digər təqsirləndirilən şəxslərin vəkilləri ondan soruşub ki, əgər onun heç bir qazancı olmayıb, hətta işlədiyi müddətdə normal qaydada maaş belə almayıbsa, niyə o qədər vəsaiti ödəyib? Başqa bir sual da belə olub ki, həmin pul və əmlaklar ona haradan idi? Yox, əgər özü ödəməyibsə, sadəcə, onun adından ödənilibsə, həmin şəxs kim olub?

"İstintaq tələb elədi, mən də verdim...", – Vəliyevin cavabı belə olub.

Vəkillər ondan sözügedən binanın harada yerləşdiyini soruşsa da, Vəliyev əmlakın yerini deyə bilməyib: "Harada yerləşdiyini bilmirəm".

"Sən 32 milyonu haradan ödəmisən?"

Bu cinayət işindəki 11 təqsirləndirilən şəxsdən yalnız ikisi – Vüqar Səfərli və "Portos" MMC-nin Vəliyevdən öncə direktoru olmuş Nadir Məmmədov həbsdədir.

Vəliyev dindirilərkən onun danışdıqları Məmmədovu qəzəbləndirib: "Vicdanın olsun, kişi kimi danış, yalan danışma. Nağıl danışırsan burada. Qarabağ müharibəsi veteranıyam, 40 il işləmişəm, adi maşınım yoxdur. Sən 32 milyonu haradan ödəmisən? 63 yaşım var, səkkiz aydır buradayam, ölürəm, Allahın olsun, düzünü danış...".

"İşimi icra eləmişəm"

"Portos" şirkətində sahə rəisi işləyən Namiq Hacıyev də təqsirləndirilən şəxslər arasındadır. O, ifadəsində deyib ki, özünü qətiyyən günahkar saymır, ittiham aktında yazılanlarla da razılaşmır: "Mən verilmiş layihə-smeta əsasında işimi icra eləmişəm. Mənim nə işin həcmindən, nə də qiymətlərdən kənara çıxmağa səlahiyyətim olub".

Təqsirləndirilən Hacıyev jurnalistlər üçün tikilən binanın layihəsində döşəməyə parket vurulması nəzərdə tutulsa da, xeyli ucuz olan laminat vurulmasının səbəbini də izah edib: "Bizə bir blok üçün beton, armatur vermişdilər, ikinci blok üçün yox idi. Sifarişçiyə məktub yazıldı, cavab gəldi ki, parketin əvəzinə laminat vurulsun, aradakı qiymət fərqinə armatur-beton məsələsi həll olunsun. Pəncərə altlarına mərmər əvəzinə plastik vurulmasına gəlincə, ustalar dedilər ki, mərməri yerləşdirəndə bir çox hallarda sınır, ona görə belə qərar verildi. Əvəzində bütün mərtəbələrdə liftlərin kənarına mərmər vuruldu".

Məhkəmə araşdırmaları davam edir.

Xatırlatma

Vüqar Səfərli 2009-cu ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaranandan 2020-ci ilə qədər bu qurumun icraçı direktoru vəzifəsində çalışıb. 2021-ci ilin yanvarında həbs olunan Səfərli və daha 10 nəfərin işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Ona qarşı CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və başqa maddələrlə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Səfərli də daxil olmaqla, məhkəmə önünə çıxarılanların heç biri özünü təqsirli bilmir.

Səfərli və ailə üzvlərinin bir sıra daşınar və daşınmaz əmlaklarının üzərinə həbs qoyulub. "Rabitəbank"da Səfərli ailəsinə məxsus 850 min manatın da üzərində həbs var. Bu vəsaitin 300 mini sabiq Fond rəhbərinin, 550 mini isə oğlu Seymurun hesabındadır.

2021-ci ilin yanvarında prezident KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun ləğv olunması, onun bazasında Medianın İnkişafı Agentliyinin yaradılması haqda fərman imzalayıb. Medianın İnkişafı Agentliyi Səfərli və digərləri haqqında cinayət işində zərərçəkmiş qismində tanınıb.

XS
SM
MD
LG