Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:58

Kaspi Liseyi işi: 'Ora sanki lisey yox, kolxoz bazarı idi...'


S.Vəliyeva
S.Vəliyeva

Kaspi Liseyindən yarım milyonluq mənimsəmədə suçlanan iki nəfərin – liseyin baş mühasibi Tural Məmmədov və mühasib Fərahim Möhbalıyevin aylardır davam edən məhkəməsi yekunlaşır. Oktyabrın 21-də onlar son sözlərini deyiblər, vəkilləri çıxış ediblər və ardınca da hakimlər hökm çıxarmaq üçün müşavirəyə gedib. Kaspi Liseyi Prezident İlham Əliyevin köməkçisi Əli Həsənovun xanımı Sona Vəliyevaya məxsusdur.

T.Məmmədov və F.Möhbalıyev 2018-ci ilin aprel-oktyabr aylarında valideynlərin liseyə ödədikləri təhsil haqlarından 656 min manat mənimsəməkdə suçlanır. Prokuror onların hər ikisinə 6 il şərti cəza verilməsini təklif edib. Lisey rəhbərliyi isə bununla razılaşmır.

«Mühafizəçi də valideynlərdən təhsil haqqı yığırmış»

Oktyabrın 21-də məhkəmədə liseyin nümayəndəsi prokurorun istədiyi cəzaya etiraz edib. Bildirib ki, onlara münasibətdə istər CM-nin 62-ci (ittiham maddəsindəki cəzanın aşağı həddindən daha az cəza), istərsə də 70-ci (şərti cəza) maddələrinin tətbiq olunmasının əleyhinədirlər. Onlar CM-in 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsinin sanksiyası çərçivəsində cəza almalıdır. Bu maddədə isə 10 ildən 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Təqsirləndirilən şəxslər və onların vəkilləri isə fərqli fikirdədir. F.Möhbalıyevin vəkili Adəm Məmmədov deyir ki, hüquqlarını müdafiə etdiyi şəxs, ümumiyyətlə, təqsirsizdir. O, baş mühasib məzuniyyətdə olduğu 15 gün ərzində təhsil haqlarını valideynlərdən alıb. Aldıqlarının da hamısını liseyin təsisçisi S.Vəliyevaya çatdırıb: «İstər Tural Məmmədov, istərsə də Fərahim Möhbalıyev topladıqları pulları Sona Vəliyevaya verib. Təsisçi də aldıqlarını kitabçasında qeyd edib. Amma o kitabça istintaqa təqdim olunmadı, araşdırılmadı».

İttihamda ümumilikdə 565 min manatlıq mənimsəmədən söhbət gedir. İddia olunur ki, bunun 81 minini Fərahim mənimsəyib. Vəkili isə deyir ki, heç o 81 minin mövcudluğu barədə sübut yoxdur: «Ekspert rəyi də, audit rəyi də biabırçıdır. Auditi lisey özü keçirib, nə istəyiblər, onu da yazıblar. Apreldən oktyabra qədər əldə olunan vəsaiti yazıblar, amma oradan verilən əməkhaqqı, kommunal, dəftərxana xərclərini çıxmayıblar. Bu nə deməkdir? Yazıblar ki, əldə olunan vəsaitdən təsisçi 411 min manat ödəyib. Kimə, hara, necə - yoxdur. «Kaspi»də vəziyyət o qədər acınacaqlı idi ki, qapıda duran mühafizəçi də valideynlərdən təhsil haqqı yığırmış. Ora lisey yox, kolxoz bazarı olub. Təsəvvür edin, kassir olmayıb. Sona Vəliyeva təsisçi olmaqla yanaşı, həm də kassir funksiyasını yerinə yetirirmiş, pullar ona verilirdi».

«Sona Vəliyeva məni aldatdı»

Təqsirləndirilən T.Məmmədov etiraf edib ki, ehtiyacı olduğuna görə puldan götürüb, amma məbləğ 565 min manat olmayıb. Rəqəmin şişirdildiyini deyən T.Məmmədovun sözlərinə görə, o, götürdüyü vəsaitin bir hissəsini qaytarıb, qalanını da qaytarmaq istəyirdi: «Sona Vəliyeva məni aldatdı. Məni çağırtdırıb bir kağıza imza atdırdı, dedi ki, «bunu yazıb qol çəksən, polisə şikayət eləməyəcəm». Dərhal da polis çağırdı».

O, Fərahimin bu işlərdə, ümumiyyətlə, günahı olmadığını söyləyib və ona bəraət verilməsini istəyib.

F.Möhbalıyev son sözündə istintaqın qərəzli aparıldığını, məhkəmədən isə ədalətli nəticəyə ümid etdiyini deyib.

Məhkəmə onlar haqqında hökmünü oktyabrın 22-də elan edəcək.

Proses boyunca müdafiə tərəfi dəfələrlə S.Vəliyevanın məhkəmə çağırılıb dindirilməsini tələb etsə də, vəsatətlər təmin olunmayıb.

Bir müddət öncə S.Vəliyeva təsisçisi olduğu şirkət haqqında səslənən fikirlərə münasibət bildirib.

«Həyat yoldaşım Əli Həsənovun Azərbaycan prezidentinin köməkçisi olması, olduqca həssas bir sahəyə uğurla rəhbərlik etməsi, öz vəzifəsinin öhdəsindən vicdanla gəlməsi, bu kimi ucuz şantaj cəhdlərinə qətiyyən əhəmiyyət verməməsi müxtəlif qarayaxma kampaniyalarına rəvac verib.

Mənim hədəf alındığım bu kimi kampaniyaları idarə edənlərin əsas məqsədi həyat yoldaşımın nümunəvi fəaliyyətinin üzərinə kölgə salmaq, onun timsalında hakimiyyət nümayəndələri haqqında mənfi rəy yaratmaqdır», - o, Qafqazinfo-ya belə deyib.

XS
SM
MD
LG