Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:45

5-6 kilo Novxanı torpağı, 300 Bakı qərənfili...


R.Məlik
R.Məlik

(30 il öncə Vətən torpağını Rəsulzadənin məzarına kim səpdi?)

«Rəsulzadəni ötən əsrin 50-ci illərinin sonundan-hələ orta məktəbdə oxuyarkən tanıyırdım».

Bu sözləri M.Ə. Rəsulzadənin vəfatının 65 illiyi ərəfəsində AzadlıqRadiosunun «İz» proqramına Xalq artisti, Milli Dram Teatrının aktyoru Ramiz Məlik söyləyib.

Vətən xaini...

Onun sözlərinə görə, hələ məktəbli ikən Bakı Dövlət Universitetində yaradılan gizli təşkilatdan xəbərdar olub: «Onlar gizlicə Azərbaycan Cümhuriyyəti haqqında, Rəsulzadə haqqında kiçik yazılar dərc edib yayırdılar. Əldən-ələ gəzirdi bu yazılar. Mən 1959-60-cı illərdə 9-cu sinifdə oxuyanda tanış olmuşdum bu yazılarla. O vaxtlar sovet mətbuatında Rəsulzadə barədə, onun «xəyanəti», «xalq düşməni» olduğu haqqında materiallar çıxırdı. Orada onun Novxanıda doğulduğu yazılırdı. Atası filankəs olub, özü Bakıdan qaçıb, Stalin onu qaçırdıb, sonra faşistlərə qoşulub, Vətən xainidir və s.».

«Özüm də novxanılıyam»

R.Məlik bu məlumatların onu çox maraqlandırdığını söyləyir: «Çünki mən özüm də novxanılıyam... Xeyli axtarışdan sonra Bakı Dövlət Universitetində oxuyan tanışlarımız vasitəsilə gizli təşkilatın çap etdiyi vərəqələri əldə edə bildim... O vaxtdan mənim qəlbimdə o dövrə, Cümhuriyyət qurucularına xüsusi maraq oyandı. Sonra instituta girdim, teatrda çalışmağa başladım, amma qəlbimdə Cümhuriyyətə olan maraq, sevgi sönmədi. Yenə imkan tapdıqca belə yazıları tapıb oxumağa çalışırdım. Belə yazılar da vardı. Bildiyiniz kimi, o vaxtlar Əbülfəz Elçibəy bu məsələyə görə tutulmuşdu. Ona türkçü, millətçi damğası vurmuşdular».

M.Ə.Rəsulzadə Ankarada siyasi mühacirlərlə birlikdə
M.Ə.Rəsulzadə Ankarada siyasi mühacirlərlə birlikdə

Teatrda ilıqlaşma dövrü

R.Məlik teatrda işlədiyi dönəmlərdə Hüseyn Cavidin əsərlərinə müraciət olunduğunu deyir: «Onun qızı Turan Cavidlə görüşlərimiz oldu. 1968-ci ildə böyük rejissor Mehdi Məmmədov «Xəyyam» pyesini tamaşaya qoydu. Mən də o tamaşada oynayırdım. Beləcə, Cavidin əsərlərini oxuya-oxuya biz sanki o dövrə baş vurduq. Türkçülüyü, turançılığı, öz doğma dilimizi daha yaxından duyduq».

Turan Hocanın Bakı səfəri

Xalq artisti müstəqilliyə gedən yola da nəzər salır: «Bildiyiniz kimi, 1988-ci ildən sonra torpaqlarımız işğala məruz qaldı. Deportasiyalar oldu, 1990-cı ildə 20 Yanvar qırğını baş verdi. Artıq Türkiyəylə əlaqələrimiz yaranmağa başladı. Alimlər, tarixçilər, sənət adamları gəlirdi və Sovet hökuməti bunun qarşısını ala bilmirdi. Elə bu vaxtlar Türk Araşdırmaları Vəqfinin başqanı Turan Yazqan da Bakıya gəldi».

M.Ə.Rəsulzadənin dəfni, Ankara. 1955
M.Ə.Rəsulzadənin dəfni, Ankara. 1955

«Bizə viza vermək istəmirdilər»

R.Məlik T.Yazqanın onların teatrına da gəldiyini, tamaşalara baxdığını bildirir: «İki tamaşanı-İlyas Əfəndiyevin «Sevgililərin cəhənnəmdə vüsalı» və «Bizim qəribə taleyimiz» tamaşalarını bəyənib Türkiyəyə qastrola gətirməmizi istədi. Hələ Sovet hökuməti yıxılmamışdı. Bizə hətta viza da vermək istəmirdilər. O vaxt teatrımızın direktoru Həsənağa Turabov SSRİ Ali Sovetinin deputatıydı. Onun köməyi ilə bu məsələ həll olundu».

İlk dəfə xaricə qastrola

Aktyor 70 ildən sonra Akademik Teatrın ilk dəfə xaricə qastrola getdiyini vurğulayır:


«Məndə bir qürur hissi yaranmışdı. Həm teatrımızı Türkiyədə göstərəcəkdik, həm də Cümhuriyyətimizin banisi Rəsulzadənin uyuduğu torpağı ziyarət edəcəkdim».

«5-6 kilo Novxanı torpağı, 300 qərənfil»

Ramiz bəy 1990-cı il aprelin 30-da bu səfərə avtobusla çıxdıqlarını deyir: «Çıxmazdan əvvəl mən özlüyümdə bir fikrə gəldim. Qəlbimdən gələn bir səs dedi ki, sən nə isə eləməlisən. Getdim ata yurdum Novxanıya. Ən münbit torpağından 5-6 kilo götürdüm. Bir aktyorumuz vardı-Mirzə Ağayev-buzovnalı idi. Ondan xahiş elədim kənddən mənə 300 qərənfil gətirdi».

1990-cı ilin mayı, Ankara, Əsri məzarlığı
1990-cı ilin mayı, Ankara, Əsri məzarlığı

«Bakı qərənfillərini avtobusda yaş əskiyə bükərək qorudum»

Ramiz bəy gülləri solmaması üçün yaş əskiyə bükdüyünü xatırlayır: «Qərənfillər solmasın deyə, avtobusda hər dəfə o yaş əskini isladırdım. Beləcə, gəlib çatdıq İstanbula. Bir həftə İstanbulda uğurla tamaşalar göstərdik. Bizi dövlət səviyyəsində qəbul etdilər. Sonra Ankaraya gəldik. Səhərisi gün yaxınlaşdım teatrın direktoru Həsənağa Turabova. Dedim, Həsənağa, getmirik? Dedi: Hara? Dedim, getməliyik Əsri məzarlığına. Novxanıdan torpaq gətirmişəm. Təəccüb elədi...».

1990-cı ilin mayı, Ankara, Əsri məzarlığı

1990-cı ilin mayın ortaları imiş: «Cümhuriyyətin yarandığı ay idi. Ankaradakı Azərbaycan Kültür Dərnəyi ilə görüşə getdik. Başqan Məhəmməd Kəngərli və Rəsulzadənin digər silahdaşlarıyla görüşdük. Bu məsələni də orda açdıq. Onlar da sabahı günü böyük məmnuniyyətlə avtobusla bizi Əsri məzarlığına apardılar».

«5-6 kilo Novxanı torpağını məzara səpdik»

Müsahibim o vaxtlar Əmin bəyin məzarının hələ yenidən qurulmadığını vurğulayır: «O vaxt məzar indiki kimi deyildi. Sonralar yenidən quruldu. Torpağı payladım aktyorlara. Hamımız o 5-6 kilo Novxanı torpağını məzarın üstünə səpdik. Sonra Bakı qərənfilləriylə bütün qəbrini örtdük...».

Vətən torpağını ilk dəfə Əmin bəyin məzarına kim səpib?

AzadlıqRadiosunun: «Ramiz bəy, belə çıxır Rəsulzadənin məzarına ilk dəfə Vətən torpağını siz səpmisiniz» sualını R.Məlik belə cavabladı: «Deyə bilmərəm. Eşitmişdim ki, Abbas Zamanov da onun məzarını ziyarət edib, torpaq səpib. Amma sənət adamı kimi ilk dəfə mən illərlə ürəyimdə qoruduğum arzumu gerçəkləşdirdim. Ulu öndərimiz, Cümhuriyyətimiz, onun silahdaşları qarşısında öz borcumu yerinə yetirdim».

XS
SM
MD
LG