Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 14:44

Kinoteatrlar koronavirusdan özlərinə gələ biləcəkmi


Kinoteatr
Kinoteatr

Bütün dünyada kinoteatrlar bağlanıb. İş yerləri evlərə köçüb. Kino sənayesi COVID-19 böhranından əziyyət çəkən yeganə sahə deyil. Ancaq çoxumuzun təcrid dövründə əyləncə üçün striminq platformalarına üz tutmağımız, özü də burada çox vaxt böyük ekran üçün çəkilmiş filmlərə baxmağımız çox maraqlıdır. Auditoriyanın evdə oturub filmə baxması artıq çoxdan yeni vərdiş deyil. Ancaq indi bu vərdiş daha da adi hal aldığından bir çoxları pandemiyanın bitməsindən sonra insanların əvvəlki qaydada kinoya gedib-getməyəcəyini sorğulayır.

BBC yazır ki, son illərdə çıxan filmlər Çində nəhəng kassa gəlirləri əldə ediblər. 2019-cu ilin fevralında Çin auditoriyası kino biletlərinə 1.63 milyard dollar xərcləyib. Bu, dünyanın istənilən yerində bir ay ərzində əldə edilən rekord kassa gəliridir. 2020-ci ilin fevralında yaranmış vəziyyətsə hamımıza məlumdur.

Filmlər onlayn platformalara yerləşdirilir

Virus hücumu Çində kinoteatrların bağlanmasına səbəb oldu. Martın ortalarında kinoteatrları açmaq cəhdləri alınmadı. Distribütorlar yeni filmləri satışa buraxmaqdan imtina etdilər, tamaşaçılarsa evlərində qaldılar. Açılmağa çalışan 500-dək kinoteatr hökumətdən məktub alandan sonra yenidən bağlandı. Kino həvəskarları kino zallarının açılması üçün hələ çox tez, filmlərə evdən baxmağın daha təhlükəsiz olduğunu dedilər.

Kino sənayesi bütün dünyada böhran yaşayır. Britaniyanın "Tyneside Cinema" şəbəkəsi və Nyu-York kinofestivalına ev sahibliyi edən məşhur "Lincoln Center" ciddi maliyyə problemləri içindədir.

Onların bu halı bir tərəfdən də film istehsalçılarının öz yeni filmlərini onlayn platformalara yerləşdirməsi nəticəsində ağırlaşıb. Ötən ay "Disney Pixar" istehsalı olan "Onward" animasiya filmi "on-demand" videoprokat xidmətlərinə yerləşdirilib. "Universal" studiyası isə "The Invisible Man" və "The Hunt" filmlərini onlayn platformalara yerləşdirib. Üzdə olan müstəqil (indie) filmlər də belə edir. Bu yaxınlarda Berlin kinofestivalının qalibi olmuş "Never Rarely Sometimes Always" filmi ABŞ-dakı premyerasından cəmi bir-iki həftə sonra striminq saytlarına qoyulub. Bütün bunların nəticəsində studiyalar əldə etdikləri gəliri nə üçün film nümayişi şirkətləri ilə bölüşdüklərini sorğulamağa başlaya bilərlər. Son nəticədə filmlərini birbaşa evlərə çatdırmaqla (striminq vasitəsilə) çox böyük məbləğdə pula qənaət edə bilirlər.

Heç kimə sirr deyil ki, kinoteatrlar ciddi çətinlik içində olsalar da, striminq platformalarının gəliri daha da artır. Ev şəraitində əyləncəyə tələb o qədər yüksəkdir ki, "Netflix" və "Disney+" kimi xidmətlər evlərə gedən datanı 25% azaltmaq, internetin sürətində problem yaratmamaq üçün görüntü keyfiyyətini azaldacaqlarını bildiriblər.

Müharibə vaxtı bəzi kinoteatrlar açıq idi

BBC yazır ki, bir əsr bundan əvvəlki pandemiya dövründə də kinoteatrların birdəfəlik bağlanacağı gözlənilirmiş. Birinci Dünya müharibəsinin düz sonlarında başlamış ispan qripi 1918-1920-ci illər ərzində 50 milyon insanın həyatına son qoyub. Xatırladaq ki, müharibənin özündə 40 milyon insan həlak olub. Qrip pandemiyası başlayanda bütün dünyada kinoteatrlar bağlanıb. Ancaq əksər ölkələrdə bu qərarı ölkə hökuməti yox, yerli bələdiyyə hökumətləri verib.

Böyük Britaniya kimi yerlərdə kinoteatrları bağlamaq qərarını vermək o qədər də asan olmayıb. Kino tarixçisi Lawrence Napper BBC-yə deyib ki, hətta Birinci Dünya müharibəsi dövründə belə, kinoteatrların çoxu açıq və populyar idi.

Britaniya hökuməti kinoteatrları ictimai rifahın vacib hissəsi kimi görürmüş. "Kino mühüm istirahət növü idi. O, insanları məşğul saxlayır, sakit qalmalarına kömək edirdi. Həm də onları pablardan uzaq tuturdu!", – Napper deyir. Onun sözlərinə görə, o zamanlar insanların içki aludəçiliyi hökuməti çox narahat edirmiş. Bundan başqa, kino mühüm təbliğat vasitəsi idi.

"Meqa Hollivud" yaranır

ABŞ, xüsusilə də kinostudiyaların vətəni Los-Anceles də kinoteatrların yeddi həftəlik bağlanmasından əziyyət çəkib. Bu dövr ərzində prodakşn şirkətləri yeni filmlərini satışa çıxarmayıb, Hollivud studiyaları isə yeni filmlər çəkməyib.

Ancaq bu çətinlikləri kino sənayesinin bugün üzləşdiyi problemlərlə müqayisə etmək belə mümkün deyil. Kinossenarist Richard Brody BBC-yə deyib ki, əksinə, bu dövrdə xırda şirkətlərin sıradan çıxması iri şirkətlərinsə daha da böyüməsi nəticəsində eyni zamanda prodakşn, distribüşn və nümayiş sahəsində ixtisaslaşan nəhəng studiyalar meydana çıxıb, qrip epidemiyası və müharibənin bitməsi bugün gördüyümüz "meqa-Hollivud"un yaranmasına təkan verib.

Ötən əsr ərzində kinoteatrların bağlanması ilə bağlı gözləntilər bir neçə dəfə aktuallaşıb. 1950-ci illərdə televiziyanın yaranması və yayılması, 1980-ci illərdə VHS-in meydana gəlməsi də bu qəbildəndir.

Məqalədə deyilir ki, 2018 və 2019-cu illərdə Böyük Britaniyada kinoteatr biletlərinin qiyməti aşağı salınıb. Bu, on illər ərzində görünməmiş hadisə idi. Bu, həm də artıq pandemiyadan əvvəlki dövrdə belə, kinoteatrların müəyyən qədər striminq platformalarına uduzmasının göstəricisidir.

XS
SM
MD
LG