Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:13

TƏBİB saxta peyvənd sertifikatında günahlandırılan həkimdən təzminat alacaq


Saxta COVID pasportu nəyin bahasına başa gəlir?
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

Saxta COVID pasportu nəyin bahasına başa gəlir?

Abşeron rayon Mərkəzi Xəstəxanasından vaksin sertifikatı almış 67 nəfərin sənədinin saxta olduğu üzə çıxıb. Onların ləğvi üçün Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) müraciət edilib. Xəstəxananın bölmə müdiri Qənitə İsmayılova haqqında cinayət işinin materiallarından belə məlum olur.

İsmayılova cinayət məsuliyyətinə cəlb olunsa da, vəzifəsindən azad edilməyib. Aprelin 18-də çıxarılan hökmdə onun hazırda da Abşeron rayon Mərkəzi Xəstəxanasının bölmə müdiri vəzifəsində çalışdığı göstərilib.

67 nəfər

İddia olunur ki, bu bölmədə təxminən 67 nəfərin "Sinovac" peyvəndi ilə iki mərhələdə vaksinasiya olunması haqda rəsmi sənədlərə, analiz.its.gov.az portalına yalan məlumat daxil edilib. Həmin şəxslərə peyvənd vurulması görüntüsü yaratmaq üçünsə 130 ədəd peyvənd flakonu boşaldılıb. Bu qədər peyvəndin dövlətə 2 min 700 manata başa gəldiyi bildirilir. TƏBİB məhkəmə dövründə mülki iddia qaldıraraq israf olunmuş peyvəndlərə görə bu vəsaiti İsmayılovadan tələb edib.

İsmayılovaya bu qanunsuz əməllərlə bağlı ittiham verilməyib. O, ağır nəticələrə gətirib çıxaran səhlənkarlıqda suçlanır. İttihama əsasən, o, səhlənkarlıq edərək möhürü müxtəlif tibb müəssisələrinin işçilərinə verib.

Saxta COVID pasportu nə ilə nəticələnə bilər?
Gözlə

No media source currently available

0:00 0:04:01 0:00

70 manatdan 350 manata qədər

İsmayılova məhkəmədə deyib ki, özünü qətiyyən təqsirli bilmir: "Mən o adamlara etibar etmişəm, ona görə də möhürü vermişəm. Mən haradan bilim ki, hansı məqsədlə istifadə olunur?".

Cinayət işinin materiallarında yazılanlara əsasən, həmin möhürlə hazırlanmış saxta COVID-pasportların qiyməti 70 manatdan 350 manata qədər olub.

İsmayılovadan öncə Bakıdakı 20 saylı Şəhər Poliklinikasının həkim-terapevti Günay Hüseynova, tibb bacısı Nailə Musayeva, Mehdiabad Ailə Sağlamlıq Mərkəzində mama-ginekoloq işləyən Esmira Xudayarova, Mərkəzi Dəmiryol Xəstəxanasının həkim–terapevti Bəsti Behbudova barəsində də saxta COVID-pasportların satışı ittihamıyla cinayət işi başlanmışdı. Onlar məhz İsmayılovanın rəhbərlik etdiyi qurumun adından möhürlənmiş pasportları satmaqda suçlanırdılar.

"Cibimdən 300 manat verəcəm"

Adları çəkilən həkimlərin pasport almaq istəyən müştərilərlə danışıqlarının məzmunu da cinayət işinin materiallarına əlavə olunub.

Koronavirusa qarşı peyvənd: Saxta arayış vətəndaşa niyə lazımdır?
Gözlə

No media source currently available

0:00 0:04:07 0:00

Məsələn, həkim-terapevt Günay Hüseynovanın Whatsapp yazışmalarından aydın olur ki, pasport əvvəllər 70 manata satılırmış, sonradan qiymət qalxıb. Əvvəllər pulu sürücüsü vasitəsilə alsa da, sonradan kart sisteminə keçib. Qiymət, əsasən, saxta peyvənd sertifikatlarıyla bağlı yoxlamalar başlayanlan sonra bahalaşıb.

"Əvvəlki kimi deyil, indi çətinləşdiriblər. Əvvəlki qiymətə heç öz qohumlarım üçün eləyə bilmirəm. Bizim poliklinikada eləmək mümkün deyil. Başqa bir yerlə eləyirəm. Onlar da 300-dən aşağı eləmirlər. Sentyabr yaxınlaşdığına görə adam dəhşət çoxdur. Bacımı, gəlinimizi eləməmişəm. Onlar üçün cibimdən 300 manat verəcəm...", – Hüseynovanın mesajında belə yazdığı bildirilir.

Hüseynova və adıçəkilən digər həkimlərin işi ayrıca icraatda araşdırılır. Onların ittihamlara münasibəti bəlli deyil.

1 il şərti cəza və 4 min manat cərimə

Məhkəmə Qənitə İsmayılovanı səhlənkarlıqda təqsirli bilsə də, ona 1 il şərti cəza verib. Hakim peyvənd flakonlarının boşaldılmasıyla dəymiş ziyanın ödənilməsi haqda mülki iddianı təmin edib. İsmayılovanın üzərinə buna görə TƏBİB-ə 3 min manat ödəmək öhdəliyi qoyub.

TƏBİB həm də tibb işçilərinin bu cür hərəkətləri nəticəsində nüfuzlarına zərbə dəydiyini vurğulayaraq mənəvi ziyana görə 10 min manat təzminat tələb edirdi. Məhkəmə bu hissədə onun tələbini qismən təmin edib – İsmayılova mənəvi ziyana görə də TƏBİB-ə 1000 manat ödəyəcək.

Azərbaycanda indiyədək ümumilikdə 792 mindən çox insan koronavirus infeksiyasına yoluxub. Onlardan 9 min 706 nəfəri vəfat edib. Ölkədə 5 milyondan çox insanın vaksinin hər iki dozasını, 3 milyondan çox insanın üç və daha çox doza vurdurduğu bildirilir.

XS
SM
MD
LG