Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:02

Kür niyə quruyur?


Salyan rayonu ərazisində Kür çayında suyun azalması ilə əmələ gəlmiş adalar.
Salyan rayonu ərazisində Kür çayında suyun azalması ilə əmələ gəlmiş adalar.

Kür çayında suyun səviyyəsi azalıb. Bəzi yerlərdə 47 santimetrdən 190 santimetrə kimi azalma qeydə alınıb. Üstəlik, Xəzər dənizinin suyu Kür çayına axaraq suyu şorlaşdırır. Buna görə də Neftçala şəhəri, rayonun iki qəsəbəsi və daha yeddi kəndi susuz qalıb.

S.Rüstəmxanlı
S.Rüstəmxanlı

Neftçala əhalisi suyu almağa məcbur qalıb


Neftçala rayonundan olan deputat Sabir Rüstəmxanlı deyir ki, Kür çayında suyun səviyyəsinin azalmasına quraq havanın təsiri var. Deputatın fikrincə, daha bir səbəb suvarma ilə bağlı sudan daha çox istifadə olunmasıdır, "bəzi yerlərdə çayın dibi görünür, yatağın yarısı boşdur".

Onun sözlərinə görə, çayın daşdığı vaxtlarda suyun dənizə tökülməsi üçün yaradılmış kanallar üzü şimaladır və xəzri küləyi əsəndə duzlu dəniz suyu Kürə tökülür. S.Rüstəmxanlı bu səbəbdən də çayın suyunun artıq 20 kilometr məsafədə şorlaşdığını söyləyir: "Elə bir vəziyyət əmələ gəlib ki, nə insanlar, nə də heyvanlar bu sudan istifadə edə bilir. Maşınlar ayrılıb, içməli su gətirir. Hər maşın da 3 ton suyu 40-50 manata satır. Əhali maşınla gətirilən suyun ümidinə qalıb".

'Azərsu' ASC
'Azərsu' ASC

Yeni su xətti çəkilir

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən də təsdiqləyiblər ki, Kürün suyu şorlaşdığı üçün Neftçalada əhaliyə su maşınlarla daşınır: "Problem odur ki, Xəzərin suyu Kür çayına tökülür, bununla bağlı Neftçala ərazisində su duzlaşıb, içməyə yararlı deyil".

Mətbuat xidmətindən verilən məlumata görə, 15 gün olar ki, Salyandan Neftçala istiqamətində 44-kilometrlik məsafədə yeni su xətti çəkilir: "Bu il ərzində su kəmərinin çəkilişini başa çatdırmağı nəzərdə tuturuq. Məsələ həm də yeni xətt çəkməklə bitmir, su anbarı da tikilir. Bütün işlərin bu il ərzində yekunlaşması gözlənilir".

"Bu, sırf təbiət hadisəsi deyil"

ReAL Partiyasının icraçı katibi, iqtisadçı Natiq Cəfərli isə məsələyə fərqli yanaşır, hesab edir ki, bu, sırf təbiət hadisəsi deyil. O deyir ki, bundan da quraq yaylar olub, suyun səviyyəsi ensə də, belə geniş problemlər yaşanmayıb. Onun fikrincə, ilkin səbəb Kürün deltasının təmizlənməsinə ciddi yanaşılmamasıdır, indi Xəzərin suyunun Kür çayına axması da bunun nəticəsidir.

N.Cəfərli
N.Cəfərli

İqtisadçının söylədiyinə görə, daha bir məsələ suvarma ilə bağlıdır: "Həmin zonada pambıq kimi texniki bitkilərə önəm verdilər, pambıq da ən çox su aparan, torpağı da şoranlaşdıran texniki bitkidir".

N.Cəfərli bunu da deyir ki, bölgədə böyük balıq vətəgələri olması barədə məlumatlar var. O, həmin vətəgələrin qeydiyyatda olmadığını iddia edir. "Vətəgə sistemləri balığı yetişdirmək üçün əlavə su tələb edir", - iqtisadçı bildirir.

O, həmçinin, daha bir məsələnin suvarma kanalları ilə bağlı olduğunu vurğulayır. N.Cəfərli kanalların köhnəliyini və bu üzdən bəzi yerlərdə 40%-ə qədər su itkisinə səbəb olduqlarını qeyd edir.

Xatırlatma

Son illər su problemindən çox bəhs edilir. Mütəxəssislərin çoxu bunu iqlim dəyişiklikləri, quraqlıq, yağıntının azlığı, sudan istifadədə israfçılıqla əlaqələndirirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, Kür çayında, ona tökülən çaylarda sululuq azalıb. Mayın 15-dən 31-dək Kür çayının yuxarı axınında (Qıraq Kəsəmən məntəqəsində) suyun səviyyəsi 108 sm azalıb. Kür çayının Mingəçevir su anbarından aşağıda, Yevlax məntəqəsində suyun səviyyəsi 47, Zərdabda 127, Surrada 165, Şirvanda 190, Salyanda 154, Araz çayının Novruzlu məntəqəsində isə 122 sm azalma müşahidə olunub. Belə vəziyyət sonuncu dəfə 2001-ci ildə qeydə alınıb.

XS
SM
MD
LG