Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:48

Qışdan bəri donu açılmayan ailə


Lənkəranda bir neçə evin damı qarın ağırlığına dözməyərək çöküb.
Lənkəranda bir neçə evin damı qarın ağırlığına dözməyərək çöküb.

«Bizim evə qəzalı da demək mümkün deyil. Evdən əsər-əlamət qalmayıb. Hər tərəfini sellofanla, oradan-burdan daşıyıb gətirdiyimiz sınıq-salxaq şifer hissələri ilə tutmuşuq ki, qurd-quş girməsin. Fevraldan bu tərəfə başımızın üstü açıq, yağış üstümüzə tökə-tökə zülm çəkirik. Qışda əl-ayağımız dondu, böyrəklərimiz, ciyərlərimiz sıradan çıxdı, yazda da başımıza yağış tökdü, yaya hərəmiz bir xəstəliklə gəlib çıxdıq».

Lənkəranın Balıqçılar qəsəbəsində yaşayan Məcidovlar ailəsi ağır günlərini yaşayır. Bu ilin fevralında kəndə yağan güclü qar Məcidovların yaşadığı köhnə evin dam örtüyünü və taxta konstruksiyalarını tamamilə dağıdıb. Sonra da güclü yaz yağışları... İndi evin, necə deyərlər, bircə «skeleti» qalıb. Qurd-quşa yem olmamaq üçün ailə üzvləri bu «skelet»in ətrafını sellofan və taxtalarla, şiferlərlə örtüblər.

«YAZIB-POZUB, İMZA ATDIRIB ÇIXIB GETDİLƏR»

Zülfiyyə Məcidova deyir, onların bu vəziyyətindən dövlət qurumları da xəbərdardır:

«Evimiz uçquna məruz qalanda Lənkəranın icra hakimiyyətinə iki aylıq get-gəldən, yalvarışlardan sonra Fövqəladə Hallar Komissiyasından gəldilər, evə baxış keçirdilər. Yaz aylarına düşürdü, güclü yağışlar yağmışdı, evin içində dizə qədər su vardı, dedilər, evə girmək üçün gərək sapoq geyinib gələydilər. Ona görə də evə girmədilər, evin içərisini elə kənardan çəkdilər. Demələrinə görə, hətta bizə yazıqları da gəldi. Video, foto çəkib, yazıb-pozub imza atdırıb çıxıb getdilər. Daha xəbər çıxmadı».

Zülfiyyə xanım əli çatan hər yerə ailənin düşdüyü durumdan yazır. Hər dəfə də yazdığı qurumlardan cavab alır ki, məktubu araşdırılması üçün yerli icra hakimiyyətinə göndərilib.

Məcidovlar hər an başlarına uça biləcək evdən kənarlaşmaqdan ötrü çadırla təmin olunmaq istəyir. Ancaq ailənin bu istəyi də yerinə yetirilmir. Zülfiyyə xanım deyir, şəraitsizlik üzündən ailənin azyaşlıları məktəbə gedə bilmir. Ailənin bir də ahıl yaşlarında üzvü var ki, şəraitsizlikdən ağır xəstəliyə tutulub və uzun müddətdir ki, yataq xəstəsinə çevrilib.

«HƏFTƏDƏ 2-3 İLAN ÖLDÜRÜRÜK»

Qarşıdan gələn yağışlı, küləkli, qarlı çovğunlu aylar isə indidən ailənin canına üşütmə, qorxu salıb. Zülfiyyə xanım davam edir:

«Həftədə 2-3 dəfə ilan öldürürük. Evin qəzalı dam örtüyündən içəri keçirlər, bir də baxırıq ki, gecənin bir vaxtı tavandan qıvrılıb sallanıblar. Bura ev yox, xarabalıq sayılır. Ətrafı ilanla, əqrəblə dolu xarabalıq... Heç yerdə işləmirik, ünvanlı sosial yardımı kəsiblər, evə yalnız ailənin yaşlı üzvünün təqaüdü gəlir. Bu isə heç çörəyə, suya çatmır. Əlbəttə ki, işimiz, maaşımız, qazancımız olsaydı, məmurların qarşısında bu qədər əyilməzdik, yalvarmazdıq və «yox» cavabı almazdıq».

Lənkəranın icra hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, Məcidovlar ailəsinin vəziyyəti ilə yaxından maraqlanacaqlar: «Komissiya təşkil olunmuşdu, evə baxış keçirilmişdi, yəqin ki, bir tədbir görülər».

Məcidovlar ailəsi üzü soyuqlara rahat, isti evə yığışmağı arzulayır. Deyirlər, hətta çadır da olar...

XS
SM
MD
LG