Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:37

Rusiya bazası barədə Lukaşenkonun başayaq təkzibi


Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki onun ölkəsində Rusiya hərbi bazasının yaradılacağı barədə planlardan xəbərsizdir.

Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki onun ölkəsində Rusiya hərbi bazasının yaradılacağı barədə planlardan xəbərsizdir.

“Bizə bu gün Rusiya bazası lazım deyildir, - deyib Lukaşenko, - Mən Rusiya hərbi bazası yaradılacağı barədə müxalifətin qışqırıqlarını eşidirəm. Mən bu barədə heç nə bilmirəm”.

Müxalifətin dağıdılmayan aksiyası

Belarus prezidentinin bu bəyanatından iki gün əvvəl paytaxt Minskin mərkəzinə toplaşan 500-dək müxalifət fəalı ölkədə Rusiyanın hərbi bazasının yaradılması planlarına qarşı etiraz aksiyası keçirib. Maraqlıdır ki, polis saatlarla davam edən həmin nitinqi dağıtmamışdı.

Polis müxalifətin Minskdə keçirdiyi antirusiya mitinqini dağıtmamışdı
Polis müxalifətin Minskdə keçirdiyi antirusiya mitinqini dağıtmamışdı

Ötən sentyabrda Rusiya prezidenti Vladimir Putin Belarusda hərbi baza yaradılmasına dair öz hökumətinin təklifini qəbul etdiyini bildirmişdi. O rəsmilərə müvafiq tapşırıqların verildiyini də söyləmişdi.

Hazırda Rusiyanın Belarusda iki hərbi obyekti var. Bunlardan biri radiolokasiya stansiyası, ikincisi isə sualtı qayıqlarla kommunikasiya mərkəzidir.

Bundan əlavə Rusiyanın bir neçə hərbi təyyarəsi Belarusda bazalanır.

“Zəhmətkeşlərlə görüşdə” çıxış edən Aleksandr Lukaşenko “bu gün bizə baza lazım deyildir” desə də, əlavə edib ki, Belarusa müəyyən silah növləri lazımdır və o, bu barədə Putinlə və Medvedevlə danışıb.

Minsk dairəvi şose trassının açılışından sonra çıxış edən Belarus prezidenti deyib ki, Belarusun Rusiyanın qarşısında hərbi əməkdaşlıq sahəsində müəyyən öhdəlikləri var.

Lukaşenkonun Rusiya ilə “məxfi planı var”

Belarus prezidenti bir az qəribə səslənən bəyanatlar da verib:

“Əslində biz burda NATO-ya qarşı tək yox, Rusiya Federasiyası ilə birlikdə dayanmışıq” – deyib Lukaşenko.

Bizim hətta müharibə olacağı təqdirdə hərəkət planımız da var. Təbidir ki, biz onu açıqlamırıq, bu tam məxfi plandır

“Bizim hətta müharibə olacağı təqdirdə hərəkət planımız da var. Təbidir ki, biz onu açıqlamırıq, bu tam məxfi plandır, amma bu istiqamətdə əsas qüvvə Belarus ordusudur. Əgər münaqişə olsa, Rusiya bizi müvafiq insan resursları ilə təmin edəcək. Konkret ordu birləşmələri, təyyarələr, helikopterlər və ilaxır artıq müəyyən edilib. Əgər münaqişə olsa...” – deyib Lukaşenko.

O daha sonra əlavə edib ki, Belarusa baza yox, təyyarələr lazımdır.

“Bizim gözəl təyyarəçilərimiz var, yaxşı hərbi təyyarəçi məktəbimiz var. Mən bazanı niyə yaratmalıyam? Mən bu gün bura başqa ölkələrdən təyyarəçi və təyyarələri niyə gətirməliyəm? Özümünkülər nə edəcəklər?” – deyə sual edib Belarus lideri.

Ruslar bu informasiyanı niyə sızdırıblar?

Aleksandr Lukaşenko belə informasiyanın çıxmasına görə Rusiyanı ittiham edib.

Məni təəccübləndirir, hətta hiddətləndirir və xətrimə dəyir ki, rusiyalılara belə bir informasiyanı kütləvi informasiya vasitələrinə tullamaq niyə lazım gəlib?

“Mənim baza barədə heç kimlə söhbətim olmayıb. Məni təəccübləndirir, hətta hiddətləndirir və xətrimə dəyir ki, rusiyalılara belə bir informasiyanı kütləvi informasiya vasitələrinə tullamaq niyə lazım gəlib? Bəlkə narahatdırlar ki, biz doğrudan da üzü Qərbə gedirik. Belə bir şeyi ortaya atıblar ki, Qərb bizdən soruşmalı olsun, ya da narahat olsun ki, biz onlarla münasibətlərimizin normallaşmasını istəmirik”.

Rusiya mətbuatı Lukaşenkonun bu bəyanatını birmənalı başa düşüb. “Belarus Rusiya hərbi bazasından imtina edir” – yazıb RBK saytı.

Rusiya mediası xatırladır ki, sentyabrın 2-də Rusiya hökuməti Belarus ərazisində hərbi-hava bazasının yerləşdirilməsi barədə layihə qətnaməsi qəbul edib.

Hələ iyun ayında Belarus müdafiə naziri Andrey Ravkov demişdi ki, onun ölkəsinin ərazisində Rusiya bazasının yaradılması siyasi məsələdir və bu məsələ hələlik siyasi müstəvidə qalır.

XS
SM
MD
LG