Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:42

Mali Ukrayna ilə diplomatik münasibətləri kəsir


Polkovnik Abdulaye Mayqa
Polkovnik Abdulaye Mayqa

Mali hakimiyyəti Kiyevi beynəlxalq terrora dəstəkdə ittiham edərək Ukrayna ilə diplomatik münasibətləri kəsdiyini elan edib.

Mali keçid hökumətinin məlumatında deyilir ki, bu qərar Ukrayna Baş Kəşfiyyat İdarəsinin (GUR) nümayəndəsi Andrey Yusovun bəyanatından sonra qəbul edilib.

Mali iddia edir ki, Kiyev bu bəyanatla qiyamçı tuareq tayfası döyüşçülərini dəstəklədiyini təsdiqləyib.

Tuareqlər iyulun sonlarında hökumət qoşunlarının karvanına və Rusiyanın Vaqner özəl hərbi şirkətinin muzdlularına hücum etmişdilər:

"Mali Respublikasının keçid hökuməti Ukrayna hərbi kəşfiyyatı nümayəndəsi Andrey Yusovun Ukraynanın silahlı terrorçu qrupların qorxaq, xain və vəhşi hücumunda əli olmasını təsdiq edən təxribatçı bəyanatlarından sarsılıb. Bu hücum nəticəsində Mali müdafiə və təhlükəsizlik qüvvələrinin əsgərləri həlak olublar. Bu bəyanatları Ukraynanın Seneqaldakı səfiri Yuri Pivovarovun şərhləri də təsdiqləyib. Səfir açıq və birmənalı şəkildə ölkəsinin xüsusilə də Malidə beynəlxalq terrora dəstək verməsini bəyan edib”.

“Zəruri informasiya”

Mali hökuməti iddia edir ki, indiyədək Rusiyanın Ukraynaya müdaxiləsi məsələsində neytral mövqe tutub.

Buna baxmayaraq hökumət Ukraynanı “neonasist və cinayətkar Kiyev rejimi” adlandırır.

Ötən həftə Mali hökuməti etiraf etmişdi ki, iyulun sonlarında qiyamçılarla bir neçə gün davam edən döyüşlərdə çox sayda əsgər itirib.

Ukrayna hərbi kəşfiyyatı isə bildirmişdi ki, qiyamçıların uğurlu əməliyyatına onlara verilmiş “zəruri informasiya” kömək edib.

Mali hökumətinin nümayəndəsi Abdulaye Mayqa bu bəyanatdan sarsıldığını bildirib və Kiyevi onun ölkəsinin suverenliyini pozmaqda ittiham edib.

Tuareqlər Ukrayna bayrağı ilə

Mali hakimiyyəti ölkənin şimalındakı böyük ərazilərə nəzarət etmir.

Rusiya hərbi blogerlərinin məlumatına görə bu ərazilərə nəzarət əsasən “Azavad Koordinasiya Hərəkatı” adlı separatçı qruplaşmanın əlindədir.

Təşkilat Malinin tuareqlər yaşayan hissəsində müstəqil dövlətin qurulması uğrunda mübarizə aparır.

Rusiyanın Vaqner özəl hərbi şirkətinin muzdluları Mali hakimiyyətinə kömək edirlər.

Ukraynanın Kyiv Post qəzetində dərc olunmuş fotoda qiyamçı tuareqlərin əlində Ukrayna bayrağı görünür.

Jurnalistlərin yazdığına görə tuareqlər bununla Ukraynaya rusiyalı muzdlularla mübarizədə dəstəyə görə təşəkkür bildiriblər.

Fotonun həqiqiliyi Ukraynanın Müdafiə Nazirliyi və Təhlükəsizlik Xidməti tərəfindən təsdiq edilib.

XS
SM
MD
LG