Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:49

Azərbaycan fenomeni: manat dəyər itirdikcə, yoxsulluq azalır


Foto arxiv
Foto arxiv

-

Hökumət çoxsaylı dövlət proqramları sayəsində yoxsulluğun ildən-ilə azaldığını deyir. Müstəqil ekspertlərsə yoxsul deyə tanıdılanların, əslində, aclıqla üz-üzə qalanlar olduğunu düşünür.

Ötən il də ölkədə qiymətlər artsa da, yoxsulluq səviyyəsi rəsmən 0.1 faiz aşağı düşüb. İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2015-ci ildə ölkədə yoxsulluq səviyyəsi 4.9 faiz olub. 2013-cü ildə Azərbaycanda yoxsulların sayı ölkə əhalisinin 5.3 faizi, 2012-ci ildə isə 6 faizi qədərmiş.

136 MANAT - ƏN AŞAĞI YAŞAYIŞ MİNİMUMUDUR?

Hökumət yoxsulluğu təyin edərkən ölçü kimi yaşayış minimumunu götürür. Ötən il qida, geyim, kommunal və nəqliyyat xərcləri və s. xidmətlər daxil, ən aşağı tələbləri qarşılayacaq adambaşına yaşayış minimumu 136 manat olub. İlboyu dövlət büdcəsindən 105 min ailəyə ünvanlı sosial yardım verilib. Yadrıma möhtac olan hər ailədə, ortalama, 4 nəfər yaşayır.

Ötən il Azərbaycanda manat iki dəfə dəyərsizləşsə və dollarla müqayisədə elə o qədər dəyər itirsə də, rəsmi hesablama illik inflyasiyanın 4 faizi keçmədiyini bildirir. Belə çıxır ki, devalvasiya iqtisadiyyata təsir göstərib, amma yoxsullara toxunmayıb.

KİMLƏR YOXSUL SAYILIRLAR?

İqtisadçı-ekspert Rövşən Ağayev deyir ki, ölkədə yoxsul sayılanlar, əslində, aclıq həddində yaşayanlardır. Ekspert o üzdən belə düşünür ki, digər ölkələrdən fərqli olaraq, Azərbaycanda minimum istehlak səbətinə salınmış məhsul və xidmətlərdə ərzağın xüsusi çəkisi səbətin 4/3-nü tutur. Türkiyədə bu göstərici 30 faizdir.

İqtisadi Tədqiqatlar Mərkəzinin əvvəllər apardığı hesablamalar göstərib ki, istehlak səbətinə daxil olan mal və xidmətlərin dəyəri yaşayış minimumunu xeyli üstələyir.

Dövlət Statistika Komitəsində müstəqil ekspertlərin yoxsulluğa yanaşması ilə razı deyillər. Komitədə yoxsulluğun ölçülməsinə cavabdeh olan Ev təsərrüfatları şöbəsinin müdiri Yaşar Paşa AzadlıqRadiosuna deyib ki, Azərbaycanda, ümumiyyətlə, aclıq həddində yaşayanlar yoxdur: «Azərbaycanda yoxsulluq səviyyəsi müəyyənləşdirilərkən, regional və sair prinsip və kateqoriyalara (məsələn, məcburi köçkünlər) əsaslanan təcrübədən istifadə olunmur. Yoxsulluq səviyyəsini öyrənməkdən ötrü ölkə üzrə 10 min 200 ailənin gəlir və xərcləri hesablanır və ümumi göstərici müəyyənləşdirilir».

YOXSULLUĞA TƏSİR GÖSTƏRƏN ƏN VACİB AMİL

Bununla belə, Yaşar Paşa beynəlxalq praktikada istifadə olunan alıcılıq qabiliyyəti paritetinə dair göstəricinin Azərbaycanda azalması nəticəsində bu il yoxsulluq səviyyəsinin artacağını düşündüyünü də gizlətmir.

Hökumət ölkədə yoxsulluğu qiymətləndirərkən, təkcə süfrəyə çıxarılacaq məhsul və geyim-kecimi nəzərə almır. İqrisadiyyat Nazirliyində deyirlər ki, yoxsulluğa təsir göstərən ən vacib amillərdən biri sağlamlıqdır, çünki onun itirən insan son nəticədə iş yerini, gəlirini də itirir və cəmiyyətdən təcrid olunaraq yoxsullaşır:

«2008-ci il fevralın 1-dən Azərbaycanda dövlət büdcəsindən maliyyələşən tibb müəssisələrində əhaliyə pulsuz tibbi xidmət göstərilir. Bundan başqa, bir çox xəstələr (şəkərli diabet, xroniki böyrək çatışmazlığı, irsi qan və yoluxucu xəstəliklərdən əziyyət çəkənlər) dövlət hesabına pulsuz müalicə olunur və dərmanlarla təchiz edilir. 2013-cü ildən əhaliyə pulsuz verilən tibbi ləvazimat və dərmanların siyahısı genişləndirilərək 141-dən 184-ə çatdırılıb. Onkoloji xəstələrə 120 adda dərman preparatı pulsuz verilir».

Bunu nazirlik deyir. Vətəndaşlarsa xəstəxanalara pulsuz yaxın düşməyin mümkünsüzlüyündən şikayətçidirlər.

XS
SM
MD
LG