Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:40

20 yaşlı ana: 'Körpəm vaxtından əvvəl qeysəriyyənin qurbanı olub'


Arxiv fotosu
Arxiv fotosu

"Bu boyda xəstəxanada “UZİ” müayinə aparatı yoxdur. Aparat bir həkimin şəxsi evindədir. Hamilə qadınlar bu müayinədən ötrü həkimin evinə gedirlər. Əlbəttə ki, belə xəstəxanada uşaq da ölər, böyük də..."

Bunu "Qaynar xətt"ə Lənkəranda qeysəriyyə yolu ilə dünyaya gələn və 1 həftədən çox yaşamayan körpənin valideynləri deyir.

Buna da bax:​ Hər il hamiləlikdən dolayı 300 min qadın ölür

“GÖTÜRƏNDƏN SONRA BAXDILAR Kİ, 32 HƏFTƏLİKDİR”

Masallının Həsənli kənd sakini, 20 yaşlı Kəmalə Vəlişova 5 günlük körpəsini itirib. Ailə üzvlərinin iddiasına görə, körpə həkimlərin səhv diaqnozunun və vaxtından əvvəl qeysəriyyə əməliyyatının qurbanı olub.

Kəmalə Vəlişovanın yaxın qohumu Mətanət Zahidova:

"Masallı xəstəxanasında körpənin 32 həftəlik olduğunu dedilər, ancaq bu xəstəxanada yatırılmasına şərait yox idi. Həkimlər məsləhət gördülər ki, 5-10 gün xəstəxanada müayinə altında qalsa yaxşıdır. Ailə üzvləri də onu xəstəxanaya yatırmaq üçün Lənkərana gətirdilər. Burada xəstəxanada da onu qəbul etməmişdən əvvəl ultrasəs müayinəsi təklif etdilər. Dedilər, xəstəxanada aparat yoxdur, bir həkimin evində var, ünvanı verdilər, ailəsi Kəmaləni həmin evə apardı. UZİ-dən keçib müayinənin nəticəsini xəstəxanaya verəndə həkimlər dedilər ki, nə 32, körpə 36 aylıqdır və qeysəriyyə ilə götürülməsinin tam vaxtıdır. Guya təcili, lap bu dəqiqə götürülməsə, gec olacaq. Beləcə, bizi aldadıb gəlini əməliyyata saldılar, uşağı götürəndən sonra baxdılar ki, 32 həftəlikdir. O qədər etinasız, o qədər vecsiz davrandılar ki... Özü də bir sözləri var – adamı öldürürlər, sonra da deyirlər, belə şeylər tibdə olur, olan şeydir yəni, həkimin üstünə getməyin..."

Buna da bax:​ “Sonra da dedilər, "daha bizlik deyil"”

“MÜAYİNƏYƏ HƏKİMİN EVİNƏ GEDİRLƏR”

Lənkəran sakini xəstəxanada vacib müayinə aparatlarının da olmamasından gileylənir:

"Bu boyda xəstəxanada “UZİ” müayinə aparatı yoxdur. Aparat bir həkimin şəxsi evindədir. Hamilə qadınlar “UZİ” müayinəsi üçün həkimin evinə gedirlər. Əlbəttə ki, belə xəstəxanada uşaq da ölər, böyük də..."

Körpə vaxtından əvvəl götürüldüyü üçün küvezə yerləşdirilib. Lakin 5 gün sonra küvezdən onun nəşi çıxarılıb.

Buna da bax:​ “8 yaşlı oğlum həkimlərin əlində öldü”

“GÜNAH ANADADIR”

Lənkəran Rayon Mərkəzi Xəstəxanasından "Qaynar xətt"ə bildirilib ki, günah həkimlərdə yox, anadadır: "Heç bir il yoxdur ki, o xanımın birinci körpəsi qeysəriyyə yolu ilə götürülmüşdü. Hələ o vaxt ona bildirilmişdi ki, ikinci dəfə ana olmaq üçün 2 il gözləməlidir. Ancaq xəbərdarlığa qulaq asmayıb, bu da nəticəsi... Biz körpəni götürəndə 32 aylıq olması barədə valideynlərə bildirmişdik. Mütləq götürmək lazım idi, sonra gec olacaqdı, özləri də razılaşmışdılar".

Xəstəxanadan avadanlıqların olmamasıyla bağlı deyilənlər də təkzib olunub. Bildirilib ki, xəstəxanada bütün müayinə avadanlıqları var. Ailə üzvləri özləri xəstəni tanıdıqları və etibar etdikləri həkimin evinə aparıblar.

XS
SM
MD
LG