Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:22

Nardaran işi: 'Sanki topuq, kim hardan gəldi, təpikləyirdi'


Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı

►“Ağlasığmaz işgəncələrə dözə bilmirdim. Ona görə iki dəfə özümü asmışam, kamerada yoldaşlar xilas eləyib. Qollarım doğram-doğramdı”

"Məni insanları dinc etiraz aksiyalarına çağırdığıma, Nardaran hadisələrini "hakimiyyətin ssenarisi" adlandırdığıma görə ittiham edirlər. Yəni birmənalı şəkildə fikirlərimə, düşüncələrimə görə. İndi heç Mozambikdə bu cür absurd baş vermir. Gözləyirdim ki, evimə silahdan-zaddan atıb məni həbs eləyəcəklər. Daha gözləmirdim ki, "facebook" statuslarıma görə ittiham edib tutarlar".

Bunu avqustun 11-də "Nardaran işi" üzrə məhkəmədə təqsirləndirilən şəxslərdən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ifadə verərkən deyib.

Buna da bax: Nardaran qarşıdurması (4-cü hissə) - jurnalist araşdırmasının nəticələri

“BİR CÜMLƏ VARSA, QOYSUNLAR ORTAYA”

Dindirmə zamanı məlum olub ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov F.Qəhrəmanlının "facebook"da yazdığı statuslara görə cinayət məsuliyyətinə cəlb olunması üçün elə prokurorluğa müraciət edib. Bundan sonra o, həbs edilib:

"Mənə qarşı ittihamlar siyasi repressiya aktıdır və hakimiyyətin öz rəqiblərini zorla susdurmaq istəyinə xidmət edir. Mənim həbsim sifariş verilmişdi. Sadəcə, görünür, əsas yaratmaq üçün bu yoldan istifadə ediblər".

F.Qəhrəmanlı ona qarşı ittihamların absurd olduğunu deyir:

"Hakimiyyətin zorla ələ keçirilməsinə çağırış etməyim, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə bircə kəlmə də yoxdur. Dövlətin konstitusion quruluşu 26 sentyabrda keçiriləcək referendumla zorla dəyişiləcək. Konstitusiyalı monarxiyaya keçirlər. İttihamda yazıblar ki, guya, mən adamları "İmam Hüseyn kimi şəhid olmağa" çağırmışam. İşin içində mənim "facebook"da yazdığım 10 status var. Hansında bu cümlə varsa, qoysunlar ortaya".

Taleh Bağırov
Taleh Bağırov

"VAMPİRLƏR"

Onun "facebook"dakı yazılarını bəyənmiş adamların çağrılıb hədə-qorxu ilə əleyhinə ifadə alındığını deyən F.Qəhrəmanlının sözlərinə görə, həbsinin səbəblərindən biri də sosial şəbəkələrdəki tənqidçiləri qorxutmaqdır:

"Mənim məhz "facebook" yazılarıma görə həbs olunmağım həm də sosial şəbəkələrdə hakimiyyəti tənqid edənlərə mesaj verməkdir ki, “baxın, necə olur”. Vampirlər qanla qidalandığı kimi, bu hakimiyyətin də mövcudluğu qorxuya bağlıdır. Adamları qorxu altında saxlamaqdan ötrü davamlı repressiyalar həyata keçirirlər. Amma yenə istədiklərinə nail ola bilmirlər. Burada ömürlük həbs təhlükəsi altında yatan adamlar dəmir barmaqlıqlar arxasından da bu hakimiyyətə meydan oxuyur".

F.Qəhrəmanlı sosial şəbəkələrdə paylaşdığı yazılarda Nardaran hadisələrindən sonra Taleh Bağırovu müdafiə etməsinin səbəblərindən də danışıb:

"Azərbaycan hakimiyyəti dindar kəsimlə bağlı uzun müddət elə siyasət aparıb ki, onlar ölkədə baş verən zümlərə, korrupsiyaya, hüquqsuzluğa biganə qalsın. Hacı Talehin meydana çıxması ilə həmin siyasət darmadağın oldu. Allah müsəlmanlara buyurub ki, ətrafınızda baş verən haqsızlığa, zülmə biganə qalmayın. Hacı Talehlə şəxsi tanışlığımız olmayıb. Sadəcə, Nardaran hadisələrini təhlil edəndən sonra bu nəticəyə gəlmişəm ki, orada insanlara qarşı haqsızlıq edilib. Bu gün üzə çıxan faktlar da haqlı olduğumu göstərir".

Buna da bax: Nardaran qarşıdurması (3-cü hissə) - jurnalist araşdırmasının nəticələri

“PEYĞƏMBƏRLƏR GƏLƏRDİLƏR, AMMA...”

Bundan sonra T.Bağırov F.Qəhrəmanlı ilə münasibətləri barədə məhkəməyə arayış verib:

"Biz tutulmamışdan əvvəl Mübariz Qurbanlı (Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri – AR) demişdi ki, “peyğəmbərlər indi sağ olsaydı, gəlib Azərbaycanda yaşayardılar”. Bəli, gələrdilər, amma zülmlə mübarizə aparmaqdan ötrü. Siz də onları tutub Qobustan həbsxanasına göndərərdiniz. Mən Fuad Qəhrəmanlını qiyabi tanımışam, xanımı Zümrüd Yağmurun yazılarını oxuyurdum və onlarla ailəvi tanış olmaq istəyirdim. Yaxşı ki, həbsdən çıxandan sonra ailəvi qonaq getməmişəm. Getsəydim, Allah bilir, nələr yazardılar. Mən bu ailə ilə fəxr edirəm".

Bugünkü məhkəmə iclasında həmçinin Abbas Quliyev, İbrahim Xudaverdiyev, Abbas Tağızadə, Cahad Babakişizadə də ifadə verib. Onların hamısı təzyiq altında ifadə verdiklərini bildirərək, həmin ifadələrdən imtina ediblər.

Nardaran qarşıdurması (2-ci hissə) - jurnalist araşdırmasının nəticələri

“BELİNİ SINDIRMAQ İSTƏYİRDİLƏR”

Abbas Quliyev bildirib ki, noyabrın 26-da hadisə baş verən evə ev sahibinin anasına şəkər və ürək dərmanı aparıb. Həmin qadın 21 yaşlı Abbas Quliyevin anasının bibisidir:

"Gündüz 12 radələrində Hacı xanıma dərman aparmışdım. Mənə dedi ki, “hava soyuqdur, otur, bir stəkan çay iç, gedərsən”. Bibimin evində onunla çay içirdim, bayırdan atəş səsləri gəldi. Bibim qalan ev həyətdə ayrıdır. Bibim durub çölə çıxmaq istəyəndə, mən də arxasınca getdim ki, yaşlı qadındı, yıxılar. Qapıdan, hasardan ata-ata gedirdilər, fikirləşmirdilər ki, qabaqda həm də özlərininkidi. Elə qapıdan çıxmaq istəyəndə avtomatı tuşladılar mənə. Əllərimi qaldırdım. Yerə yıxıb əllərimi bağladılar, üç dənə də rezin güllə vurdular, aparıb atdılar mebel maşınına..."

Mebel maşınında Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılarkən işgəncələrə məruz qaldığını deyən Abbas Quliyev bildirir ki, avtomatın qundağı ilə onun başını partladıblar:

"Sonra da adını qoydular ki, guya, yıxılmışam, başım ona görə partlayıb. Maşında ayaqlarımın üstündə Fərahimin başına avtomatın arxası ilə o qədər vurdular ki, onu döyə-döyə öldürdülər. Hacı Talehin belini sındırmaq istəyirdilər".

Buna da bax: Nardaran qarşıdurması (1-ci hissə) - jurnalist araşdırmasının nəticələri

“SANKİ STADİONDAYDIQ”

Daha sonra "bandotdel"də də dəhşətli işgəncələrə məruz qaldığını deyən Abbas Quliyev iki dəfə orada intihara cəhd etdiyini məhkəmənin nəzərinə çatdırıb:

"Ağlasığmaz işgəncələrə dözə bilmirdim. Ona görə iki dəfə özümü asmışam, kamerada yoldaşlar xilas eləyib. Qollarım doğram-doğramdı. Özümüzü stadiondakı kimi hiss eləyirdik, sanki topuq, kim haradan gəldi, təpiklə vurur, gedib dəyirdik divara. Döyürdülər, sonra sürüyə-sürüyə aparıb atırdılar kameraya. Mənə deyirlər ki, “dövlət çevrilişi eləmisən”. 21 yaşım var, mən hələ dövlət qurmamışam ki, onu çevirim də".

O, qeyd edib ki, üzərindən qumbara və Taleh Bağırovun çağırış kitabçası tapılması barədə ittihamda yazılanlar yalandır:

"Beş aydan sonra mənim üstümə qoyublar ki, guya, tutulanda üstümdən qumbara və Hacı Talehin çağırışı olan kitabça çıxıb. Guya, qumbaranı da tapmışam. Nə oldu, pul tapmadım, qızıl tapmadım, qumbara tapdım? Mənim cibimdə telefon, bir də 7 manat pul olub".

Məhkəmə avqustun 17-də davam edəcək.

Daxili İşlər Nazirliyi 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı 15-dən çox insan, o cümlədən, “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırov saxlanıb. Bu zaman ikisi polis olmaqla, 6 nəfər həlak olub.

Qeydə alınmayan “Müsəlman Birliyi” Hərəkatı ilə bağlı ümumilikdə 70-dən çox şəxsin həbs edildiyi bildirilir. Onların bir neçə qruplar şəklində məhkəməsi keçirilir.

Daha yüngül maddələrlə ittiham edilənlərdən bir neçəsinin məhkəməsi başa çatıb. Onlara 1 il 6 aydan, 2 il 6 aya qədər həbs cəzası verilib.

Taleh Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir. Özləri bu ittihamları rədd edib.

XS
SM
MD
LG