Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:16

Heydər Əliyev 'Mehman Əliyevə görə' iki il bir vəzifəni boş saxladı


Mehman Əliyev və Zemfira Əliyeva
Mehman Əliyev və Zemfira Əliyeva

«Heydər Əliyev iki il bir vəzifəni boş saxladı ki, Mehman Əliyev onu götürsün. Mehman Əliyev də müstəqil adamdır, heç vaxt deyiləni etməyib, öz amalı ilə yaşayıb, o vəzifəni qəbul etmədi. Ancaq Heydər Əliyevin ona çox böyük hörməti var idi. İndi qalanlar nə fikirləşirlər, fikirləşsinlər...».

Bütün bunları «Turan» İnformasiya Agentliyinin direktoru, vergidən yayınmaqda ittiham olunan, barəsində noyabrın 7-dək həbs-qətimkan tədbiri seçilən Mehman Əliyevin həyat yoldaşı Zemfira Əliyeva AzadlıqRadiosuna müsahibədə deyir.

'Mehmanın hansı şəraitinə görə şübhələniblər? Hanı o pullar?'
Gözlə

No media source currently available

0:00 0:10:19 0:00
Direct-ə keçid

- Zemfira xanım, Mehman bəyin həbsi sizin üçün gözlənilməz idi, yoxsa əvvəldən özü sizi buna hazırlamışdı?

- Mən buna hazır idim. Bunu gözləyirdim. Onu həbs etməyə çalışanlar bunu çoxdan istəyirdilər. Qurduqları tələ alınmırdı, ya nədisə, yubanırdı. Amma mən onun həbsini gözləyirdim. Özümü də hazırlamışdım ki, o qədər tutulan, haqq-ədalət uğrunda saxlanılan oğullarımız, igidlərimiz var ki, onların ailəsindən, o analardan, gəlinlərdən biri də mən. Mən onlardan artıq deyiləm ki.

- Mehman Əliyev vergidən yayınmaqda ittiham olunur. Bir çoxu buna inanmır, beynəlxalq qurumlar hökuməti onu sərbəst buraxmağa çağırırlar. Siz bu ittiham haqda nə deyə bilərsiniz?

- Cəfəngiyatdır, quramadır, özlərinin də inanmadığı bu iş biabırçılıqdır. Bununla özlərini biabır edirlər, Azərbaycanın adına ləkə gətirirlər. Mehmanı bütün dünya tanıyır. Mehmanın idealist olmasını, millətinin, vətəninin, həqiqətin uğrunda, halallıq uğrunda vuruşduğunu hər bir kəs bilir. Mehmana bu ləkəni yaxırlar. Nə vergilər? Nə oyundur bu? Siz əvvəl bir özünüzə baxın, sonra Mehman haqqında danışın. Mehmanı xalq tanımır? Mehman mükəmməl bir şəxsiyyətdir. Çox adamların idealıdır. O mənim həyat yoldaşım, başımın tacıdır. Mənim vüqarımdır. Mükəmməl bir oğuldur, mükəmməl atadır, mükəmməl şəxsiyyətdir, mükəmməl dostdur. Kimi aldadırlar? Xalq o xalq deyil. Xalq sadəcə səsini çıxara bilmir, səsini çıxaranlar həbsxanadadırlar. Səsini çıxaran olanda analar, gəlinlər, övladlar ağlayır. Bunun bir axırı olacaq?!.. Mehman vergidən yayınıb? Mehman kirayədə yaşayır. Mehmanın bu cəfəngiyatı uyduranlar kimi bəlkə villaları var, zavodları-fabrikləri, nələri-nələri var? Mehmanın hansı şəraitinə görə şübhələniblər? Hanı o pullar? Kirayə yaşayır ona görə? 1990-cı ilin maşınını sürür ona görə? Mən hər sübh namazında «Quran»ı oxuyuram. Özü də Nəriman Qasımoğlunun tərcümə etdiyi «Quran»ı oxuyuram, demək olar, əzbər bilirəm. «Bəqərə» surəsində deyir ki, gözlərini kor, qulaqlarını kar, ürəklərini daş etmişəm, vaxt verirəm, günahları daha da artsın, o dünyada əməllərinə görə cavab verəcəklər. İnsan özü ilə nə aparır? «Allah rəhmət etsin», ya da «Allah lənət etsin».

Məhkəmə Məhman Əliyevin şikayətini əsassız saydı
Gözlə

No media source currently available

0:00 0:01:22 0:00

- Qızınız necə qarşıladı atasının həbsini? O, gəncdir hələ.

- Demək olar, qızım da mənimlə eyni xasiyyətdədir. Mehmanın verdiyi, mənim verdiyim tərbiyəni götürüb. Mükəmməl şəkildə qarşıladı. Düzdür, ağladı, amma necə deyim, o mənə dəstək durur, mən ona, o mənə ürək-dirək verir, mən də ona. Məni bircə darıxdıran odur ki, hələlik Mehmanın atasına yalan danışıram. Onun 88 yaşı var, beş əməliyyat keçirib. Mehman bəlkə də onu yenidən dünyaya gətirdi, onun həkimi oldu. İndi fikirləşin, Allah bunu götürər? 88 yaşında, beş dəfə əməliyyat keçirən bir kişi oğlunun həbsinə necə dözsün? Hələlik aldadıram. Allah deyir ki, yalanla kiməsə kömək edirsənsə, qəbuldur. İndi Mehman bizə yazır ki, ona nələr lazımdır, nə alaq. Biz də onları aldıqca, stolun üstünə qoyuruq. Atası da görür ki, bu nədir. Mən də yavaş-yavaş deyirəm nələrisə. Əvvəlcə dedim ki, Mehman xaricdədir, indi deyirəm ki, «ata, Mehman bura gələndə saxlaya bilərlər». Deyirəm ki, «sən bilirdin oğlun haqq uğrunda vuruşur, bilirdik ki, axırı belə olacaq»...

- Deməli, Mehman bəy istəməsə də, onun həbs xəbərini artıq atasına da vermək istəyirsiniz?

- Verməyə bilməzdim. Mehman üçün hazırladığımız şeyləri stolun üstündə görür, soruşur ki, kimin üçündür. Bir də qohumların, yaxınların çoxuna demişəm ki, bizə gəlməyin, zəng də vurmayın, çünki atası şübhələnir... Mehmanı həddən çox adam sevir. Buzovnada adam qalmayıb bizə zəng vurmasın, dindarından, evdar qadınından tutmuş ziyalısına kimi. Hamı çox narahatdır. Hamı da bir sözü deyir: «Pərvərdigara, belə bir insana da əl qaldırmaq olar?». Onun həbsini Mehmana «əl qaldırmaq» kimi başa düşürlər. Hamısı da Mehmanın onlara etdiyi yaxşılıqlardan danışırlar, inanın danışdıqlarından xəbərim belə olmayıb. O, etdiyini dilinə gətirməzdi. Mehman ayrı Mehmandır. Hər bir qəlbdə yeri olan insandır. Onunla fəxr edirik. Dedikləri cəfəngiyatdır, heç kim buna inanmır, inanmayacaq da. Haqq qalib gələcək. Buna görə də başı uca gəzirik. Mehmanın həbsdən sonra hörməti daha da artdı, tanımayanlar tanıdı. Ona görə əzilmirik, mübarizik, qüvvətliyik, güclüyük. Özümüzdən zəiflərdən, insanları həbsxanaya salanlardan, ciblərə narkotik atanlardan ucadayıq. Mehmana bircə onu deyərdim ki... Amma nə deyim? Səsimi eşitməyəcək ki. Yenə də möhkəm olsun. Bir dənə qorxuram səhhətində problem olsun, buna görə sıxılıram.

- Səhhətində hansı problemlər var ki?

- O, özünü ancaq idmana getməklə saxlaya bilirdi. Onurğa sütununda, kürəyində problemlər var, mədəsində problem var. Bir dənə buna görə narahatam. Yeməyə görə narahat deyiləm, yemək sevən deyil. Sizə bir şey danışım. Bizim bir itimiz var, adı Laykadır. Ona daha çox yazığım gəlir. Mehmanın maşınının səsini lap uzaqdan tanıyırdı. Dərhal bilirdi ki, gələn Mehmandır. İndi bütün günü yol gözləyir. Kim gəlsə görəcək ki, qapının küncündə oturub gözləyir. Onun halı mənə daha çox əziyyət verir.

Mehman Əliyev: Sənədlərdə problem yoxdur
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

- Mehman bəyin bu il 60 yaşı tamam olur və onun azadlığa buraxılması üçün bir neçə nəfər zamin durub, prezidentə müraciət edilib. Siz onun yubileyinə qədər sərbəst buraxılacağına inanırsınızmı?

- Nə bilim vallah. Mən də istərdim... Çox adam deyir ki, prezidentin bundan xəbəri yoxdur. Hətta adlar, ünvanlar deyilir ki, kimin sifarişidir. Mən də, necə deyim, ümid etmək istərdim, inanmaq istərdim ki, prezidentin bundan xəbəri yoxdur. Çünki məhz prezidentin imicinə xələl gətirən bir addımdır bu. İnşallah təkcə Mehman yox, Mehman kimi haqq-ədalət uğrunda tutulan oğulların hamısı azadlığa buraxılar. Mehmanın 60 yaşını həbsxanada keçirməsi günahdır. Orda ad günü keçirməyəcək onsuz da. Oturub kitablarını oxuyacaq. Amma çox istərdik ki, 60 yaşında öz evimizdə olsun, balasının yanında olsun.

- Vaxtilə Mehman Əliyev mərhum prezident Heydər Əliyevi suda batmaqdan qurtarmışdı. Mehman bəy özü bu haqda danışmağı sevməsə də, o, həbs ediləndə çoxları həmin əhvalatı xatırlayaraq deyirdi ki, atasını xilas etdiyi halda İlham Əliyevin «Turan»ın direktorunun həbsinə göz yumması ədalətli deyil. Amma bəziləri hesab edir ki, bu cür yanaşma doğru deyil, istənilən halda Mehman Əliyev həbs edilməməli idi. Bu haqda siz nə düşünürsünüz?

- Vaxtında bunlar yazıldı, deyildi. Amma bunu yazanlar Mehmana sevgidən bunu xatırlayırdılar, bir daha onların yadına salırdılar. Onları bunda qınamaq olmaz. Mehmanı sevənlər yazıblar, pisliyinə yazmayıblar, olanı danışırlar. Bəlkə kiminsə yadından çıxıb?.. Heydər Əliyev də Heydər Əliyev idi. O, iki il bir vəzifəni boş saxladı ki, Mehman Əliyev onu götürsün. Mehman Əliyev də müstəqil adamdır, heç vaxt deyiləni etməyib, öz amalı ilə yaşayıb, o vəzifəni qəbul etmədi. Ancaq Heydər Əliyevin ona çox böyük hörməti var idi. İndi qalanlar nə fikirləşirlər fikirləşsinlər... O yazılanları dəstəkləyirəmmi? Hər halda, Mehmana istəkdən, bu məqam da nəzərə alınsın deyə, yazıblar.

XS
SM
MD
LG