Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:59

Əliyev: ‘Bu gün imzalanan Memorandum gələcək üçün bir növ yol xəritəsidir’


Avropa Komissiyasının prezidenti Ursula von der Leyen və Azərbaycan prezidneti İlham Əliyev
Avropa Komissiyasının prezidenti Ursula von der Leyen və Azərbaycan prezidneti İlham Əliyev

Ursula von der Leyen eyni zamanda Memorandum vasitəsilə qurumun Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı üzərinə öhdəlik götürdüyünü deyib

İyulun 18-də Bakıda Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen qətiyyət göstərərək, Avropa İttifaqını dəstəklədiyinə görə İlham Əliyevə minnətdarlığını çatdırıb:

“Rusiyanın Ukraynaya kobud şəkildə müdaxiləsindən hətta əvvəl, Rusiyanın Avropaya qaz təchizatı artıq etibarlı deyildi. Buna görə Avropa İttifaqı Rusiyadan yan keçərək, daha etibarlı və etimad doğuran tərəfdaşlara üz tutmaq qərarına gəldi və mən Azərbaycanı onların sırasında hesab etməkdən məmnunam”.

O, Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcminin ikiqat artırılacağını vurğulayıb.

Ursula von der Leyen eyni zamanda Memorandum vasitəsilə qurumun Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı üzərinə öhdəlik götürdüyünü deyib:

“Bu, artıq Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur və onun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilir. Biz bir neçə il ərzində onun ötürücülük imkanını 20 milyard kubmetrə çatdıracağıq. Gələn ildən biz 12 milyard kubmetr göstəriciyə çatacağıq, beləliklə Rusiyadan qaz təchizatının həcmini azaldacağıq və Avropanın təchizat təhlükəsizliyinə ciddi töhfə verəcəyik”.

Prezident İlham Əliyevsə sənəd haqqında mətbuata bəyanatında deyib ki, Memorandum gələcək üçün bir növ yol xəritəsidir.

“Biz Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada işləyirik. Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır. Planlarımızın icrası əlbəttə ki, ticari dövriyyəni xalqlarımızın rifahı naminə artıracaq”.

O, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi olduğuna və planlaşdırılan bütün məsələlərin həllinə nail olacaqlarına əminliyini ifadə edib.

Avropa Komissiyasının prezidenti bildirib ki, Azərbaycan tam potensialına nail olmaq üçün investor əminliyini təmin etməlidir:

“Buraya vətəndaş cəmiyyətinin daha da cəlb edilməsi, azad və müstəqil medianın olması daxildir”.

Memorandum Rusiya-Ukrayna müharibəsi və Avropa İttifaqı ölkələrinin Rusiyaya qarşı sanksiyaları fonunda imzalanıb.

Bu il fevralın 24-də başlanan müharibədən sonra Avropa İttifaqı Rusiya qazından imtinaya qərar verib və alternativ mənbələr axtarmaqdadır.

***

İyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu haqda Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Sənəd Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen arasında Bakıda baş tutan görüş çərçivəsində imzalanıb.

Onlar mətbuata bəyanatlarla çıxış ediblər. Hələlik, rəsmi mənbələr bəyanatın mətnini yaymayıblar.

Memorandum Rusiya-Ukrayna müharibəsi və Avropa İttifaqı ölkələrinin Rusiyaya qarşı sanksiyaları fonunda imzalanıb. Fevralın 24-də başlanan müharibədən sonra Avropa İttifaqı Rusiya qazından imtinaya qərar verib və alternativ mənbələr axtarmaqdadır.

XS
SM
MD
LG