Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:44

Polkovnik ifadə verəndən 5 gün sonra özünü asıb


Sabiq MTN-nin baş qərargahı
Sabiq MTN-nin baş qərargahı

MTN-nin Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyev istintaqa ifadə verəndən beş gün sonra özünü asıbmış. Antiterror Mərkəzinin sabiq rəisi, həbsdə olan general Elçin Quliyev və onun işçisi olmuş Azər Mehdiyev haqqında cinayət işinin materiallarından belə məlum olur.

İş materiallarında generalın müavini olmuş mərhum İlqar Əliyevin də ifadəsi var. Həmin ifadə 2015-ci il dekabrın 15-də alınıb. Dekabrın 20-də isə MTN polkovniki Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında intihar edib.

Buna da bax:​ 'O, otağıma girən kimi stolun üstünə pul qoydu...'

İlqar Əliyev hazırda iş üzrə zərərçəkmiş qismində tanınan Maqsud Mahmudovdan MTN-də 120 min dollar pul alındığını, həmin məbləğin də 70 mininin nazir Eldar Mahmudova, 10 min dolların da özünə çatdığını etiraf edib.

“50 MİN AZDIR, 200 MİN VERMƏLİDİR”

Mərhum polkovnikin ifadəsinə görə, Maqsud Mahmudov Mark Şamilov adlı birinin şikayəti əsasında MTN-ə çağrılıb. Şamilov şikayətlənib ki, bu adam onun torpağını zəbt edib.

Bu məsələ Antiterror Mərkəzinin rəisi Elçin Quliyevə məruzə olunandan sonra belə qərara alınıb ki, Maqsud Mahmudovla bağlı məsələ elə həmin Mərkəzin əməkdaşı Azər Mehdiyevə həvalə olunsun. Mehdiyev onu MTN-ə gətirdəndən sonra bəlli olub ki, Maqsud Mahmudov MTN-in ehtiyatda olan zabiti Ayaz Gərayzadənin tanışıdır.

Buna da bax: MTN işində zərərçəkmiş: “Özümdən çox, oğlumu nəzərə almağımı istədi”

"Mənə dedilər ki, Azər Mehdiyev otağında Maqsuda hədə-qorxu gəlib. O da qorxudan qusub. Bundan sonra Azərin otağına getdim, Maqsudu orada gördüm. Bir az keçəndən sonra Azər yanıma gəlib dedi ki, Maqsud 50 min dollar verməyə razıdır. Mən də bunu idarə rəisi Elçin Quliyevə məruzə etdim. O isə bildirdi ki, 50 min azdır, 200 min verməlidir. Mən də bu cavabı Azərə dedim, getdi. Bir qədər sonra Azər qayıdıb dedi ki, 150 min dollara razıdır, bundan artıq pulu yoxdur. Yenə gedib Elçin Quliyevə dedim. O da elə mənim yanımda nazirə məruzə eləyib dedi ki, 150 min verə bilər. Nazir də razılıq verdi. Bu razılıqdan sonra Maqsud Mahmudovun MTN-dən çıxmasına icazə verildi", – İlqar Əliyevin ifadəsində belə yazılıb.

PULLAR NECƏ BÖLÜŞDÜRÜLÜB

Mərhum polkovnikin sözlərinə görə, Maqsud Mahmudov iki ay ərzində bir neçə dəfəyə ümumilikdə 120 min dollar pul gətirib Azər Mehdiyevə verib. Mehdiyev də pulları İlqar Əliyevə çatdırıb.

Buna da bax:​ 'Şərurlu İsfəndiyar': 'Yazıb-oxuya bilmirəm...'

İfadədə o da qeyd olunub ki, Maqsud Mahmudov bəzən pulu vaxtında çatdıra bilməyəndə əvəzində ehtiyatda olan MTN əməkdaşı Ayaz Gərayzadə vasitəsilə qızıl-zinət əşyaları göndərirmiş. İlqar Əliyevin söylədiyinə görə, o, həmin əşyaları Gərayzadəyə qaytarıb, deyib ki, pul gətirsin: "Təxminən iki ay ərzində 120 min gətirəndən sonra bunu mən Elçin Quliyevə, o da nazirə məruzə elədi. Nazir həmin puldan 70 minin köməkçisi Vüqar Mahmudova (Eldar Mahmudovun köməkçisi, həm də öz əmisi oğludur-red.) verilməsini, qalan 50 minin idarə daxilində bölünməsini istədi. 50 minin 20 minini Elçin Quliyev özünə götürdü, 10 min mənə, 10 mini öz aralarında bölmələri üçün Azər Mehdiyev və Ramil Hümbətova verdi. Qalan 10 minin isə şikayətçi Mark Şamilova çatdırılmasına göstəriş verdi".

XATIRLATMA

2015-ci ilin oktyabrında MTN ətrafında məlum hadisələrdən sonra Elçin Quliyev Antiterror Mərkəzinin rəisi vəzifəsindən azad edilərək, MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Bir müddət sonra isə həbs olunub.

Buna da bax:​ MTN generalı keçmiş nazirin əleyhinə ifadə verib

Elçin Quliyevə CM-nin 145 (qanunsuz azadlıqdan məhrum etmə), 181 (quldurluq), 182 (hədə-qorxu ilə tələb etmə) 302 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham verilib.

Mayın 4-də Bakı Hərbi Məhkəməsində Elçin Quliyev və Azər Mehdiyevin işi üzrə məhkəmə istintaqı başlayacaq.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG