Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:05

Merkel və Pele də Putinə qarşı çıxdılar


Almaniyanın keçmiş kansleri Angela Merkel (solda) və Vladimir Putin (Arxiv fotosu)
Almaniyanın keçmiş kansleri Angela Merkel (solda) və Vladimir Putin (Arxiv fotosu)

Angela Merkel 24 fevralda Rusiyanın Ukraynaya əsassız və səbəbbsiz müdaxiləsi başlanandan bəri ilk dəfə olaraq Rusiya təcavüzünü pisləyən bəyanat səsləndirib

Almaniyanın keçmiş kansleri Angela Merkel 24 fevralda Rusiyanın Ukraynaya əsassız və səbəbbsiz müdaxiləsi başlanandan bəri ilk dəfə olaraq Rusiya təcavüzünü pisləyən və Ukraynaya dəstək verən bəyanat səsləndirib.

İyunun 1-də axşam Almaniya həmkarlar ittifaqının bir tədbirində çıxış edən Merkel Rusiyanın Ukraynaya müdaxiləsini II Dünya Müharibəsindən sonra Avropa tarixinin “ən dərin dönüş anı” adlandırıb:

"Mən Rusiyanın hücumuna və müdaxiləsinə məruz qalmış Ukrayna ilə həmrəylik ifadə edirəm və onun özünümüdafiə haqqını dəstəkləyirəm”.

Merkel bildirib ki, o Almaniya hökumətinin və dünya birliyinin “Rusiya tərəfindən bu vəhşi aqressiv müharibənin dayandırılmasına” yönəlik bütün səylərini dəstəkləyir.

Keçmiş kansler habelə Ukraynanın dinc əhalisinin iztirablarından, Rusiya ordusunun Ukraynada, o cümlədən Buçada törətdiyi qəddarlıqdan söz açıb.

Merkel Avropo İttifaqının Ukrayna qaçqınlarına dəstəyindən danışıb və deyib ki, Avropanın bundan sonra daha sıx birləşməsinə tərəfdardır.

Ukraynanın NATO incikliyi

Ötən ilin dekabrında vəzifəsini tərk etdikdən sonra Angela Merkel ictimaiyyət arasında görünməyib.

O müharibə başlanandan sonra iki yazılı bəyanatla çıxış edib.

Merkel birinci bəyanatında müharibəni pisləyib və yeni kansler, sosial-demokrat Olaf Şoltsa dəstək bildirib.

Keçmiş kansler ikinci bəyanatında Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən onun hökumətinin tənqidini rədd edib.

Zelenski Merkel hökumətinin Ukraynanın NATO üzvlüyü məsələsində tutduğu mövqeyi tənqid etmişdi.

Merkel bildirib keçmişdə qəbul etdiyi qərarlardan peşman deyil.

Putinə rəğbət

Merkelin belə mövqeyini bəzi şərhçilər onun kölgəyə çəkilmək və narahat suallardan qaçmaq cəhdi kimi izah etmişdilər.

Yeri gəlmişkən, Merkelin mövqeyi son zamanlar hətta onun Xristian-Demokrat İttifaqından olan həmkarları tərəfindən də tənqid olunurdu.

Keçmiş kansleri habelə Rusiyaya hədsiz güzəştlərdə ittiham edirlər. Tənqidçilər buna misal olaraq Şimal Axını 2 qaz kəməri layihəsinin onun hakimiyyəti dövründə həyata keçməsini göstərirlər.

Merkel habelə Ukraynaya dair Minsk razılaşmalarında Rusiyaya güzəştə getməkdə ittiham olunur.

Almaniyanın daha bir keçmiş kansleri, Gerhardt Şröder daha kəskin tənqidlərə məruz qalır.

O son zamanlaradək Rusiyanın neft nəhəngi Rosneftin direktorlar şurasının üzvü idi və bu vəzifəni yalnız sanksiya siyahısına salınmaq təhlükəsinə görə tərk edib.

Şröderə qarşı sanksiyaların tətbiq olunmasını Avropa Parlamenti tələb edirdi.

Putin, Pele, Maradona 2017-ci ildə Moskvada
Putin, Pele, Maradona 2017-ci ildə Moskvada

“O əli ki, mən sıxmışam...”

Bu arada dünya futbolunun əfsanəsi, 81 yaşlı braziliyalı Pele (Edson Arantis di Nasimentu) Rusiya prezidenti Vladimir Putini Ukraynaya qarşı müharibəni dayandırmağa çağırıb:

"Bu davam edən zorakılıq üçün qətiyyən heç bir əsas yoxdur. Bu münaqişə dəhşətlidir, əsassızdır və ağrıdan, qorxudan və nifrətdən başqa heç nə gətirmir”.

Pele Putinə özünün Instagram səhifəsindən müraciət edib:

"Bunu dayandırmaq sizin əlinizdədir. Mən həmin əli 2017-ci ildə biz Moskvada görüşərkən sıxmışam”.

O vaxt Pele FIFA-nın müxtəlif tədbirlərində iştirak edirdi. Moskvaya isə 2018-ci ildə Rusiyada keçiriləcək Dünya Kuboku çempionatının ərəfəsində səfər etmişdi.

Pele Time jurnalının versiyasına görə dünyanın ən nüfuzlu 100 insanından biridir.

XS
SM
MD
LG