Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:25

Mirziyoyevi tənqid edən blogerlər ruhi xəstə sayılıb psixiatrik klinikaya salınır


Şavkat Mirziyoyev
Şavkat Mirziyoyev

Özbəkistan vətəndaşları sosial mediada ölkə prezidenti Şavkat Mirziyoyevi tənqid etdikləri halda həbsxanaya, ya da psixiatrik klinikaya düşə bilərlər.

AzadlıqRadiosu özbək xidmətinin əməkdaşı Farangis Nəcibullahın məqaləsində deyilir ki, hazırda Mirziyoyevi internetdə tənqid etdiyi üçün, azı, üç nəfər həbsdə, bir nəfərsə psixiatriya klinikasında məcburi “müalicə”dədir.

Ölkənin şərqindəki Cizax əyalətində yaşayan 54 yaşlı Valicon Kalonov 2021-ci ildə həbs olunmazdan öncə tez-tez “YouTube”da Mirziyoyev və onun fəaliyyətini tənqid edirdi.


“Sizi silaha sarılıb döyüşməyə çağırmıram”

Kalonov Mirziyoyev hökumətini özəlliklə Sintzyan əyalətində yaşayan uyğurlara və digər müsəlman azlıqlara divan tutan Çin hökuməti ilə yaxşı münasibətlərinə görə tənqid edirdi.

2021-ci ilin martında paylaşdığı “YouTube” videosunda Kalonov özbəkləri Mirziyoyevin əleyhinə səs verərək, onun hakimiyyətinə son qoymağa çağırıb:

“Sizi silaha sarılıb döyüşməyə çağırmıram, öz demokratik hüquqlarınızdan yararlanıb, seçkidə səs verməyə çağırıram. Mən öz ölkəmi və uşaqlarımın gələcəyini Mirziyoyevə etibar etmirəm”.

Kalonovu bölgə polisinin terrorizm və ekstremizmlə mübarizə şöbəsi həbs ediib. Cizax şəhər məhkəməsi onu “prezidenti təhqir etməkdə” və “cəmiyyəti təhdid edən digər cinayət əməlləri” törətməkdə suçlayıb.

Kalonova açılan cinayət işinin və çıxarılan məhkəmə hökmünün detalları ictimaiyyətə açıqlanmayıb. Kalonov sonradan psixiatrik klinikaya yerləşdirilib. Hökuməti tənqid edənləri cəzalandırmaqdan ötrü psixiatriya xəstəxanasına yerləşdirmək kimi “sovet” təcrübəsi hələ də bəzi Orta Asiya ölkələrində yayğındır.

Özbəkistanda ölkə prezidentini təhqir etməyə görə beş ilədək həbs cəzası nəzərdə tutulub.

Ötən həftə Kalonovun ailəsi AzadlıqRadiosu-nun özbək xidmətinə bildirib ki, noyabrda Cizax rayon məhkəməsi Kalonovun ruhi xəstəxanada məcburi “müalicəsi” müddətini daha üç ay uzadıb.

Anonimlik şərtilə danışan yaxınları Kalonovun hər hansı bir psixi pozğunluqdan əziyyət çəkmədiyini deyiblər. Kalonov onu hər həftə ziyarət edən qohumlarına həkimlərin ona zorla sakitləşdirici dərmanlar verməyə çalışdığını deyib.

AzadlıqRadiosu-nun əldə etdiyi rəsmi sənədlərə görə, cizaxlı həkimlərin qənaətincə, “Kalonovun psixi durumunun yaxşılaşmayıb” və o, hələ də psixiatriya klinikasına düşməsinə səbəb olan “əməllərinə görə peşman olmayıb”.

Ev dustaqlığı cəzası da var

Qonşu Səmərqənd bölgəsində isə bir gənc “Instagram”da “prezidenti təhqir etdiyi” üçün 2,5 illik həbs cəzasına məhkum edilib.

Oktyabrın 26-sı çıxarılan məhkəmə hökmündə deyilir ki, 19 yaşlı Dilşod İskəndərov Mirziyoyev və ailəsinin ünvanına söyüş işlədib. Sənəddə İskəndərovun 2022-ci ildə - Rusiyada işlədiyi dövrdə yazdığı həmin şərhi sonradan sildiyi deyilir.

Ölkənin şərqində yerləşən Fərqanə əyalətində yaşayan iki kişi “Telegram”da “Kokand Methane Gas” adlı kanalda bölgədə təbii qaz və elektrik çatışmazlığından şikayət etdikdən sonra məhkəmə qarşısına çıxarılıb.

27 yaşlı Utkirbek Sobirovun işinə dair məhkəmə sənədində onun “prezidenti təhqir etdiyi”, “hökumətin siyasətindən narazılı qaldığı”, Mirziyoyevin vəzifəsindən “uzaqlaşdırılmasının zəruriliyi” haqda danışdığı bildirilir. Sobirova 3 il həbs cəzası verilib.

Eyni “Telegram” kanalının digər istifadəçisi, 30 yaşlı Ahrorbek Quçqorova isə bənzər posta görə dörd illik ev dustaqlığı cəzası kəsilib.

AzadlıqRadiosu açıqlama üçün Özbəkistan prezidentinin ofisinə üz tutsa da, heç bir cavab almayıb.

Hökumətin söz azadlığı və tənqidi fikirləri boğduğu Özbəkistanda həqiqi siyasi müxalifət, yaxud müstəqil media yoxdur. Media və hüquq müdafiəçiləri rəsmi Daşkəndi hökuməti tənqid edən jurnalist və blogerləri həbsə ataraq, onlara işgəncə verməkdə ittiham edirlər.

Avqust ayında bloger Abduqodir Muminov şübhəli ittihamlarla 7 il 3 ay həbs cəzasına məhkum edilib. Ona qarşı fırıldaqçılıq və qəsbkarlıq ittihamı irəli sürülüb. Muminovun dəstəkçiləri hakimiyyətin ondan peşəkar fəaliyyətinə, o cümlədən Mirziyoyevin qohumlarının biznes fəaliyyəti haqda reportaj hazırlamasına görə qisas aldığını deyirlər.

Son illərdə Mirziyoyev 2016-cı ildə hakimiyyətə gəldiyi zaman vəd etdiyi islahatlardan geri çəkildiyi üçün tənqid edilir.

Hakimiyyətinin ilk illərində Mirziyoyev Özbəkistanı iqtisadi baxımdan dünyaya açdığı, qonşu ölkələrlə münasibətləri yaxşılaşdırdığı, eləcə də Özbəkistanın insan haqları ilə bağlı durumunu yaxşılaşdırmağa çalışdığı, insanların zorla pambıq sahələrində işlədilməsi təcrübəsinə son qoyduğu üçün təqdir edilirdi.

Mirziyoyev eyni zamanda dini azadlıqlarla bağlı bəzi müsbət addımlar atmış, minlərlə insanın adını “ekstremist” qara siyahılarından çıxarmış, dini inancına görə həbs edilənləri azadlığa buraxmışdı.

Mirziyoyevin 2037-ci ilədək hakimiyyətdə qalması təmin edilib

Ancaq sonradan hökumət islahat yolundan geri dönməyə, medianı məhdudlaşdırmağa, tənqidçiləri susdurmağa başlayıb və Karakalpakstan muxtar bölgəsində baş verən hökumət əleyhinə etirazları amansızlıqla yatırıb.

Özbəkistanda ötən ilin aprelində keçirilən və geniş tənqid edilən referendum nəticəsində konstitusiyaya dəyişiklik edilərək prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb. Üstəlik, Mirziyoyevin yenidən prezidentliyə namizəd olacağı təqdirdə düzəlişəqədərki prezidentlik dövrünün sayılmayacağı qərara alınıb. Bununla da Mirziyoyevin 2037-ci ilədək hakimiyyətdə qalması təmin edilib. İyul ayında Qərb seçki müşahidəçiləri və təhlilçilərinin qənaətinə görə, həqiqi rəqabətin olmadığı, habelə nə azad, nə də ədalətli sayılan seçkilərdə Mirziyoyev yenidən prezident “seçilib”.

XS
SM
MD
LG