Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:17

''Mixaylo' Bakıdadır!'


M.Hüseynzadə Tiflis Hərbi Məktəbində oxuyarkən. 1941
M.Hüseynzadə Tiflis Hərbi Məktəbində oxuyarkən. 1941

Desəm ki Azərbaycanın hələ Mehdi qədər sevilən qəhrəmanı olmayıb, - yəqin elə də çox yanılmaram. Bu, gəlişigözəl sözlər deyil.

“Mixaylo” şəhərdədir!

Mehdi Hüseynzadə 100 ildir bizimlədir. Bir əsrdir ki, ölkənin keşməkeşli həyatını bizimlə yaşayır, bizim tək kədərlənir, bizim tək şadlanır.

Bakını bizimlə birgə gəzir, bizimlə birgə onun geri qaytarılmayacaq yadigarlarına üzülür, uğurlarına da sevinir.

Yəni “Mixaylo” doğrudan da şəhərdə - Vətəndə, Bakıdadır!

Düz 100 ildir!

“Mixaylo” cümhuriyyətimizin yaşıdıdır!

Təsadüfə bax, o, həm də, Cümhuriyyətimizin yaşıdıdır!

Mehdi eynən cümhuriyyətin qurucusu kimi Novxanıda doğulub - 1918-ci il dekabrın 22-də. Atası “Hümmət”çi olub. Məhəmməd Əmin Rəsulzadə kimi. Bəlkə də Mehdinin atası Hənifə kişini təşkilata Rəsulzadə cəlb edib? Bəlkə də. Sonralar Əmin bəy təşkilatdan ayrılıb. Amma belə görünür ki, Mehdinin atası elə “Hümmət”çi qalıb. Daha bir maraqlı detal. Mehdigil Rəsulzadələrlə eyni binada yaşayıblar. İndiki “Nizami” metrosunun üstündəki binada. Mehdi bolşevik işğalından sonra milis rəisi işləyən atasını tez itirib - 1922-ci ildə. Mehdinin bacısı qızı Gülarə xanım AzadlıqRadiosuna onun “atlı kazaklarla” döyüşdə yaralanıb öldüyünü bildirib. Mehdi və bacıları əvvəlcə anası Güllü xanımın, onun vaxtsız ölümündən sonra bibisinin himayəsində böyüyüblər.

Mehdi uşaqlıqdan məşhurların əhatəsində olub

Mehdi Süleyman Sani Axundovun müdir olduğu yeddiillik məktəbdə oxuyub. İlk müəllimi sonralar məşhur bəstəkara çevrilən Səid Rüstəmov olub. Onunla fotosu da var tarixin yaddaşında. Səid bəy ortada, solda Mehdi və sağda dostu - sonralar tanınmış sənətşünas olan, ömrü boyu televiziyada, yazdığı kitablarda Mehdiylə bağlı xatirələr danışmaqdan usanmayan Mürsəl Nəcəfov. Orta məktəbi başa vurub Bakı Rəssamlıq Məktəbində təhsil alıb. İki il cəhd etsə də, təhsilini Leninqrad İncəsənət Akademiyasında davam etdirmək arzusu puça çıxıb. Əvəzində Leninqrad Xarici Dillər Universitetinin fransız dili fakültəsinə daxil olub.

Soldan sağa: Mehdi Hüseynzadə, Səid Rüstəmov və Mürsəl Nəcəfov, 1930-cu il
Soldan sağa: Mehdi Hüseynzadə, Səid Rüstəmov və Mürsəl Nəcəfov, 1930-cu il

Poliqlot

Amma bu təhsil Mehdinin ürəyincə olmayıb. Bir il oxuduqdan sonra Bakıya Pedaqoji institutun dil-ədəbiyyat fakültəsinə köçürülüb. Görünür, ədəbiyyat sevgisi Mehdinin qəlbində daha ağır gəlib. O, şeir də yazırdı, axı. Mehdi həm də poliqlot olub. Gülarə Əlizadənin sözləridir: “Fransız və alman dilini bildiyinə əminəm. Leninqradda fransız dili fakültəsində təhsil almışdı. Mehdinin orta məktəbdə müəllimi alman olub. Çox səlis öyrədib ona bu dili. Maraqlıdır ki, alman dilində şivələr çoxdur. Mehdi şivələri də dəqiqliklə bilirmiş. Bu da almanları çaşdırırmış. Poliqlotluq xüsusi istedaddır. Bu da Mehdidə varmış. Almaniyada əsirlikdə də, istər-istəməz, dili daha yaxşı mənimsəyib. Deyilənə görə, qarabuğdayı olduğundan, onu italyana bənzədirmişlər. İtalyanca da səlis danışırmış”. Hələ rusca və slovencə də.

Leninqraddan Bakıya və müharibəyə…

Müharibə başlayandan 2 ay sonra - 1941-ci ilin avqustunda Mehdi artıq Tiflis Artilleriya Məktəbində oxuyurdu. 1942-ci ildə təhsilini tamamlayıb cəbhəyə yollanıb. Minaatanlar taqımının komandiri kimi Stalinqrad döyüşündə vuruşub. Elə həmin il qanlı düyüşlərin birində yaralanaraq əsir düşüb. O dövrdə Stalinin verdiyi 271 nömrəli əmrdə yazılmışdı ki, əsir düşən sovet adamı vətən xainidir... geriyə qayıdarsa, güllələnməlidir!

Son məktub… ”Stalinqrad alınsa…”

Vətəndə isə bacıları və ana əvəzi bibi Mehdidən məktub gözləyirdilər. Mehdi onları intizarda qoymur, tez-tez yazırdı. Son məktub Stalinqraddan gəlir. Gülarə Əlizadə: “Hər dəfə məktub gələndə, biz qaçıb gizlənərdik. Çünki anam məktubu oxuduqca ağlayırdı. Nənəm deyirdi ki, səs salmayın, dayınızdan kağız gəlib. Anam Stalinqrad alınsa, qol götürüb oynayacağına söz vermişdi. Bir gün radioda xəbər verdilər ki, Stalinqrad alındı. Atam stolu çevirib başladı çalmağa. Anama dedi, söz vermişdin, dur oyna. Anam sevindiyindən oynadı. Qardaşının əsir düşdüyündən xəbərsiz”.

Legion həyatı: “Əsir düşən sovet adamı vətən xainidir”

Bu vaxtdan Mehdinin legioner (əsir düşənlərdən yaranan könüllü birliklər - onlara «xivi»lər deyirdilər – alman dilində bu söz «könüllü dəstələr» deməkdir - red.) həyatı başlayır. Mixaylo barədə “Təxəllüsü: Mixaylo” sənədli filmini çəkən rejissor Tahir Əliyev AzadlıqRadiosuna Mehdinin əsirlikdə saxlandığı Avstriyanın Mauthauzen həbsxanasını da lentə aldığını bildirir: “Bu həbs düşərgəsində insanlar diri-diri yandırılırmış. Elə həmin vaxt Məhəmməd Əmin Rəsulzadə, İsrafil bəy İsrafilbəyov (polkovnik İsrafil bəy 160-cı alman diviziyasının komandiri idi - red.) Əbdürrəhman Fətəlibəyli-Düdənginski (legionerlərin başçısı - red.) azərbaycanlı əsirlərlə görüşürlər. Onlar əsirləri Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə səsləyirlər. Mehdi bir qrup azərbaycanlı əsirlə bu təklifi qəbul edir. O, alman və italyan dillərini mükəmməl bilirdi və Düdənginski Cavad Həkimli ilə birgə onun xüsusi məktəbdə təhsil almasına yardımçı olur”.​

Leninqrad universitetinin tələbəsi M.Hüseynzadə
Leninqrad universitetinin tələbəsi M.Hüseynzadə

“Qürbətzadə” təxəllüsü ilə şeirlər: “Kaş ki mən bir sarı yarpaq olaydım”

Mehdinin əsirlikdə Rəsulzadə ilə görüşü inandırıcıdır. Hər halda legionerlərlə görüşə gələn Əmin bəy həmkəndlisinin oğluyla tanış olmaya bilməzdi. Əslində, Mehdinin legioner həyatı barədə bilgilər azdır. Araşdırıcılar onun Berlində çıxan legionerlərin yayımladığı, Vermaxtın maliyyələşdirdiyi “Azərbaycan”, “Hücum” qəzetlərində, “Milli birlik” dərgisində “Qürbətzadə” təxəllüsü ilə çıxış etdiyi, şeirlər dərc etdirdiyini bildirirlər. Vətən həsrəti bu şeirlərin ruhuna hopub:

Kaş ki, mən bir sarı yarpaq olaydım

Sabahın yelləri alaydı məni.

Aşaraq o qarlı, uca dağları,

Vətən torpağına salaydı məni…

Qaçış… Niyə?.. Gizli təşkilat?

Mehdinin legioner həyatı çox çəkmir. O, 1944-cü ilin əvvəllərində yoldaşlarıyla əsirlikdən qaçır, Sloveniyada fəaliyyət göstərən partizanlara qoşulur. Mixaylo barədə 2 kitab müəllifi Şəmistan Nəzirli bu qaçışın səbəbini AzadlıqRadiosuna belə anladır: “Mehdi faşistlərə qarşı gizli təşkilat yaratmışdı. Onların müraciəti də var. Mən Mehdidən yazdığım son kitabımda bu müraciəti vermişəm. Təşkilatın üstü açıldı. Hətta bir nəfəri- Nadir Sadıqlını güllələdilər. Həmin vaxt orda atası kommunist olan bir alman olub. O, Mehdigilə qaçmağa kömək eləyib. Bunları mənə vaxtilə qərargah rəisi olmuş Cavad Həkimli danışıb”.

“Rəsulzadə, İsrafilbəyli, Düdənginski?”

Azərbaycan mediasında Mehdinin həyatının bu dönəmi haqqında çox iddialı və ziddiyyətli xəbərlər dolaşır. Onun döyüşlərin birində partizanlara əsir düşdüyü, partizanların onu öz tərəflərinə çəkdiyi, Mehdinin razılaşdığı iddia olunur. Mehdinin qəhrəmanlığını görən sovet KQB-sinin hətta ona 3 nəfəri öldürməyi təklif etdiyi yazılır. Bu 3 nəfər də kim olsa yaxşıdır? Rəsulzadə, İsrafilbəyli və Düdənginski. Guya Mehdi onları öldürməkdən boyun qaçırır. Və əvəzində sovetlər onun yerini almanlara satırlar…

Qaranlıq məqamlar

Tahir Əliyev də o dövrlə bağlı qaranlıq məqamların çox olduğuna diqqət çəkir: “Xüsusi kurs keçən Mehdi piyada diviziyasında kəşfiyyat idarəsinin rəisi təyin edilir. Bir müddət sonra alman ordusunda qulluq edən azərbaycanlıların bəzisi, o cümlədən Mehdi Hüseynzadə partizanların tərəfinə keçir. 1945-ci ildə Stalin bütün əsirlərə ölüm hökmü kəsir, onlar haqqında axtarış əmri verir. Moskva "Mixaylo"nun öldüyünü bilmirdi. Onunla birgə Sloveniyada vuruşan azərbaycanlılar həbsxanada idi. Ancaq İtaliya partizanlarının rəhbəri Palmiro Tolyatti və Yuqoslaviya Kommunust Partiyasının lideri İosif Broz Tito Stalinlə görüşüb keçmiş partizanların fəaliyyətini yüksək dəyərləndirdikdən sonra onlara münasibət dəyişdi. Sovet rəhbərliyinə Mehdi Hüseynzadənin qəhrəmanlıqları haqqında məlumat verildi”.​

Mehdi Hüseynzadə
Mehdi Hüseynzadə

Mehdinin fəaliyyəti “Azərbaycan legion ədəbiyyatı” kitabında

2008-ci ildə çıxan “Azərbaycan legion ədəbiyyatı” kitabının müəllifi Məmməd Cəfərli Mehdinin legioner fəaliyyətini belə anladır: ”1942-ci ilin sonlarında Mehdi Hüseynzadə almanlar tərəfindən təşkil olunmuş üçaylıq Potsdam kurslarına ezam olunur. Kursda Mehdi Vermaxtın digər düşərgələrindən gəlmiş legionçularla, o cümlədən tanınmış Azərbaycan tənqidçisi Əli Nazimin qardaşı legionçu Ələsgər Mahmudzadə ilə də tanış olur. Kursları bitirdikdən sonra təbliğat və təşviqat işləriylə yaxından məşğul olur. Mehdi sistematik olaraq radio ilə çıxış edirdi. Sovet hökumətinin tezliklə yıxılacağına inanan Mehdi Hüseynzadənin çıxışlarının mərkəzində Azərbaycanın müstəqilliyi məsələsi dayanırdı. Mehdi təbliğatçı kimi dəfələrlə Azərbaycan legionunun müxtəlif hissələrinə getmiş, alman dilində nümayiş etdirilən filmləri Azərbaycan legionçularına tərcümə etmişdir. Məhz bu dövrdə onun Vətənə, Vətənin işıqlıl gələcəyinə həsr olunmuş şeirləri legionçular arasında məşhurlaşır:

Gənclik həyatıma qədəm qoyunca

Gəzmədim suyunda mən də doyunca.

Qurbanı olaydım sahil boyunca

Çünki o Kaspinin vurğunuyam mən!”

“Mehdi!..Mehdi!..Mehdi!”

Vətəndə isə Mehdinin yolunu 3 qadın - 2 bacı və ana əvəzi olan bibisi gözləyirdi. Gülarə xanım: ”90 yaşınacan yaşadı bibi. Çox gözlədi Mehdini. Baxıcı bir dəfə ona demişdi ki, özü gəlməyəcək, böyük xəbəri gələcək. Müharibədən sonra bütün hərbi hissələr Biləcəridən keçirdi. Bibi çıxardı vaqonların dalınca qışqıra-qışqıra qaçardı: Mehdi!.. Mehdi!.. Mehdi!.. Yığdığı şeyləri paylayardı əsgərlərə, evə qayıdardı. Hər dəfə belə. Bir gün kimsə qayıdıb ona ki, Mehdi o biri qatarla gəlir. Sevincək evə gəlir. Qaçır Biləcəriyə. Heyhat, Mehdi adlı adam nə qədər desən var. Çox gözlədi onun yolunu…”.

Ümid nə vaxt öldü?

Gülarə Əlizadə: «Moskvadan xəbər gəldi. Dyaçenko, Ryabçenko xəbər gətirmişdilər ki, Qafqazlı oğlan Sloveniyada, İtaliyada belə işlər görüb. Başlayıblar axtarmağa. Ermənilər təşvişə düşüblər ki, bəlkə bizimkidir. Sonra arxivə baxandan sonra görüblər ki, Bakılıdır. Qəhrəmanlığa vermək üçün bizdən məlumat istədilər. Birinci yazdığımızı bəyənmədilər. Təkrar geniş yazıb göndərdik - onun cəbhə yoldaşlarının dediyini və s. 11 aprel 1957-ci ildə ona Sovet İttifaqı Qəhrəmanı adını verdilər. Amma «Uzaq sahillərdə» kitabı ondan əvvəl yazılıb. İlk kitab 1954-cü ildə yazılıb. İmran Qasımov və Həsən Seyidbəyli, demək olar, bizim evdən çıxmırdılar. Anamla, xalamla söhbət edər, şəkillərə, məktublara baxardılar. Çox dostlaşmışdıq onlarla. Mehdinin qəbrinin üstünə də getmişdilər - Çepovaniyə. Məzarından torpaq da gətirmişdilər Bakıya. Biz həmin torpağı Hənifə babamın, Güllü nənəmin yanında basdırdıq... Anam da, xalam da qardaşlarını çox gözlədilər, amma qəhrəmanlıq alandan sonra bildilər ki, ümid yoxdur”.

M.Hüseynzadənin rəsm əsəri
M.Hüseynzadənin rəsm əsəri

“Hər əməliyyatı bir qəhrəmanlıqdır”

Şəmistan Nəzirli Mehdini heç kəsə tay tutmur: “Mən bu qəhrəmanı illərlə araşdırmışam. Fəxrlə deyirəm ki, Mehdi Hüseynzadə xalqın böyük oğludur. Heç bir Sovet İttifaqı Qəhrəmanı ona tay ola bilməz. O, 25 əməliyyat keçirib və sübut edib ki, ona 25 dəfə Sovet İttifaqı Qəhrəmanı adı vermək olar. Hər əməliyyatı bir qəhrəmanlıqdır onun. Hələ Sovetlər dönəmində mən Mehdi Hüseynzadənin silahdaşlarının hamısı ilə görüşmüşdüm. O vaxtlar Ermənistanda yaşayan qərargah rəisi Cavad Həkimli ilə günlərlə söhbət etmişdim. Bura evimə dəvət etmişdim, Mehdi ilə bağlı onda olan sənədlərlə tanış olmuşdum. Göyçayda yaşayan Qədir İskəndərovla görüşmüşdüm. Çox nüfuzlu, gözəl bir kişi idi. Topçu bölüyünün komandiri olmuşdu. Qubada Rza Orucovla, Laçında Zirəddin kişi ilə, Cəlilabadda Alim Əliyevlə tanışlıqdan sonra bu kitabı yazmışdım”.

Paraşüt ağına büküb torpağa tapşırıblar

Ş. Nəzirli: “Hətta Tiflisdə Nikolay Nikolayeviç Tatuaşvili vardı, Mehdi Hüseynzadənin son günlərini gözəl bilirdi, onunla da görüşmüşdüm. O danışırdı ki, Mehdini bükmək üçün ağ yox idi, axırda paraşüt ağı tapdıq, öz əlimlə onun başdaşına rusca “Rahat yat, əzizim Mehdi” yazıb dəfn elədik…”.

“Mehdi anadangəlmə kəşfiyyatçı idi”

“Maraqlısı budur ki, Mehdi Hüseynzadə kəşfiyyatçı məktəbində oxumayıb, ancaq müharibə başlayanda onu Tiflisə göndəriblər, Artilleriya Məktəbində kurs keçib. Yəni o, anadangəlmə kəşfiyyatçı olub. Əsir düşməyində onun günahı olmayıb. Bəzən deyirlər könüllü düşüb. Yalandır. Son məktubu var bacısına - Hürriyətə yazdığı. Məktubda yazır ki, siz onu bilin ki, mən sizin adınızı batırmayacam. Ölsəm, qəhrəman kimi öləcəm, qayıtsam qəhrəman kimi qayıdacam…”.

Mehdi kinodakı obrazına bənzəyirmi? “Mixaylo şəhərdədir!”

Gülarə Əlizadə bu sualı AzadlıqRadiosunda belə cavablayıb: “İlk baxışdan, xeyr, oxşamırdı. Mehdi bəstəboy, qarabəniz, sümüklü idi. Nodar Şaşıqoğlu hündürboy, uzunsifətli, yaraşıqlı… əvvəlcə anam, xalalarım bəyənmirdi, amma sonralar bu rola girəndən sonra alışdıq. Aktyor özü də oxşamadığına görə əvvəlcə pərt olmuşdu. Film Daşkənd festivalında birinci yer tutmuşdu. Film bitəndən sonra tamaşaçılar aktyoru əllərində gəzdirmişdilər. Özü deyirdi ki, paltarımı cırıq-cırıq eləmişdilər. Hərə bir parça yadigar götürüb. Bir qadın yaxınlaşıb ağalaya-ağlaya deyib: “Mən Mehdi kimi qəhrəman yetişdirən torpağı əyilib öpurəm”... Elə ölənəcən ona şəhərdə gəzəndə “Mixaylo, Mixaylo” deyirdilər”.

Partizan Mixaylo. 1944
Partizan Mixaylo. 1944

Mixaylo necə həlak olub? Bunu kim bilmir ki?

Mixaylo 100 yaşını tamamladı. Bu yazıda qəsdən onun ölümünü təsvir etməkdən vaz keçdik. Mehdinin necə əbədiyyətə qovuşduğunun detallarını kim bilmir ki? AzadlıqRadiosu Mixaylo barədə saysız verilişlər hazırlayıb. İstər “Həmyerli” proqramında, istər “Can Bakı”da, istərsə də “İz” də… “Həmyerli” onun döyüşdüyü, həlak olduğu yerləri qarış-qarış gəzib, sağ qalan döyüş yoldaşlarını taparaq söhbətləşib, onun ölümündən sonra necə tapıldığını, necə dəfn olunduğunu- hər detalı videonun yaddaşına köçürüb. Hamısı radio saytının arxivində qorunur. “Can Bakı” və “İz” burda yaşayan qohumlarını, Mehdinin araşdırıcılarını söhbətə tutub…

“Adria, bil, sənə olmaram aşiq!” Müəllifdən:

Böyük yubileyində kiçik bir yazıyla bu əfsanəvi, həm də hər zaman içimizdə, qəlbimizdə yaşayan gerçək qəhrəmanı bir daha yad etmək qərarına gəldim. Və bu sətirləri yazarkən birdən 31 il öncə Mehdinin şeir həsr etdiyi Adriatik dənizinin sahilində onu necə yad etdiyimi xatırladım. 1987-ci ilin avqustunda keçmiş Yuqoslaviyaya turist səfərinə getdiyimdə, Adriatik dənizinin gözəlliyinə heyran qaldım. Uca və sehrli qayalıqlar, dumduru dəniz, məxməri hava… İtaliya sərhədi uzaqda deyildi. Mehdinin döyüşdüyü yerlərin lap yaxınlığında idik. Ürəyimdə zarafatla: “Görəsən niyə Mehdi bu gözəl dənizi bəyənməyib”, -deyə düşünüb güldüm. Mehdinin şeirləri uşaqlıqdan əzbərimdə idi. Və Adriatik dənizinin gözəlliyinə baxaraq sevdiyim qəhrəmanın ruhuna dua oxudum, sonra onun bu şeirini pıçıldadım:

Gecə Ay üzünə salırkən işıq,

Verir camalına hərdən yaraşıq.

Adria! Bil, sənə olmaram aşiq,

Mən öz Xəzərimə vurğunam, a dost!

Mixaylo Bakıda!

“Uzaq sahillərdə” filmindən sonra Bakıda, elə bütün Azərbaycanda, almanların təlaşla söylədiyi bu söz: “Mixaylo şəhərdədir!”- dillər əzbəri olmuşdu.

Amma o şəhər Triyest idi, Bakı deyildi…

Bu yazıda, eynən filmdəki kimi, Mehdini, xəyalən də olsa, Triyestdən Bakıya gətirmək istədik. Yazı bu üzdən “Mixaylo Bakıdadır!” adlanır.

Mehdi vətəni necə sevirdi?

Mehdi Vətəni, Bakını, Xəzəri necə var eləcə - yandırıcı istisi, tozu-dumanı, xəzrisiylə, təbii halı və sahilindəki qağayısıyla - Novxanısıyla birgə sevirdi. Elə onların uğruna da çəkinmədən ölümə getdi.

Yad ölkədə döyüşsə də.

İndi Sloveniyada Mixaylo 3 ünvanda əbədiləşib.

Həlak olduğu yerdə - Vitovye kəndində, dəfn olunduğu yerdə - Çepovani kəndində və Şempas qəsəbəsində - heykəlinin qoyulduğu yerdə.

Savaşın qızğın çağında son şeirini yazarkən də, son mənzilə uğurlanarkən də Mehdinin cəmi 25 yaşı vardı…

100 ilin uzaqlığındansa Mixaylo 25 yaşlı gəncə deyil, uca bir dağa, dünyagörmüş, nəhəng bir adama bənzəyir!

Hər zaman ona söylənmək, ondan öyrənmək istəyirsən.

Qəhrəmanlıq bu deyilmi?

XS
SM
MD
LG