Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:18

İranda tanınmış kinorejissor azadlığa buraxılıb


Mohammad Rasulof
Mohammad Rasulof

İranın tanınmış kinorejissoru Mohammad Rasulof fevralın 12-də yeddi ay həbsdə qalandan sonra Tehrandakı bədnam Evin həbsxanasında buraxılıb.

2020-ci ildə “Şər yoxdur” filmi Berlin film festivalının ali mükafatını almış Rasulof iyulda həbs olunub. O, Abadan şəhərində ölümlərə səbəb olmuş bina uçqununa etirazlara hökumətin divan tutmasını tənqid etdiyinə görə həbsə atılıb.

Bəyanatı imzalayandan sonra həbs edilib

Rasulof ölkənin digər incəsənət adamları və fəalları ilə birlikdə hakimiyyətə müraciətlə “Silahlarınızı yerə qoyun” çağırışı yer alan bəyanata imza atmışdı. Onun həbsi daha öncə kəsilmiş birillik həbs cəzası ilə əlaqələndirilmişdi.

Sosial mediada yayılan fotoda həbsdən buraxılmış Rasulof iki fəalla birlikdə görüntülənir.

Rasulofun həbsindən iki ay sonra İranda kütləvi etirazlar başlanıb. Buna 22 yaşlı kürd qadın Məhsa Əmininin polisdə vəfatı səbəb olub. Əmini guya hicab qaydalarını pozduğuna görə əxlaq polisi tərəfindən saxlanmışdı.

Mükafatını şəxsən ala bilməyib

Rasulof 3 il öncə Berlin festivalının “Qızıl Şir” mükafatına layiq görülsə də, İrandan çıxışına qadağa olduğundan mükafatı şəxsən ala bilməyib.

İranda kütləvi etirazlar fonunda çoxsaylı tanınmış atlet, insan haqları fəalları, mədəniyyət xadimləri nümayişlərə dəstək bildirdiyinə görə saxlanıb.

İnsan haqları qrupları 500-dən çox etirazçının öldürüldüyünü, 20 minədək insanın saxlandığını deyirlər.

Fevralın 11-də 1979-cu il İslam inqilabının ildönümündə Prezident İbrahim Rəisi hökumətə qarşı etirazların yatırdıldığını deyib. O, Tehranın Azadi meydanında çıxışında qeyd edib ki, nümayişlər İranın düşmənlərinin bu ölkənin uğurlarını davam etdirməsinin qarşısını almaq cəhdi idi.

XS
SM
MD
LG