Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:27

Monidigah kənd sakini: 'Hər şey 19 il əvvəl zəlzələdən başladı'


Lerik
Lerik

"Biri gəlib hasarımı vurub dağıdır, deyir, "sənin hasarının yeri mənə lazımdır". Deyirəm, "a kişi, etmə, eləmə, bu ölkənin yiyəsi var, qanunu var, cəzası var..." Deyir, "pulum var, qoçuyam, qanun da mənəm, cəzanı kəsən də mənəm. Əlin hara çatır, get, şikayət elə..." Mən də ürəklənib durub gedirəm, hökumətə bu adamı şikayət edirəm. Düşünürəm ki, ölkənin qanunları var. Hökumət məni qəşəngcə dinləyir, deyir, "kişi, sən haqlısan". Sonra da baxıram ki, bunlar vətəndaşı ələ salıblar, adam düz deyirmiş, bu ölkədə hər şeyi pul həll edir".

Lerikin Monidigah kəndinin sakini Faiq İbadov danışır ki, 19 il əvvəl kənddə baş verən zəlzələ yaşadığı evi dağıdıb. 14 il əvvələdək həmin evdə yaşasalar da, evi bərpa etmək imkanları olmadığından ailəlikcə Sumqayıtda yaşayan bir qohumun evinə sığınıblar. Ailə üzvləri tez-tez Monidigahdakı evə baş çəkir, evin bərpası üçün aidiyyəti qurumlara müraciətlər edirmiş. Bu yaxınlarda növbəti dəfə kəndə gələndə görürlər ki, evin hasarı uçurdulub.

Buna da bax:​ İçməli su kanalizasiya sularına qarışıb

“ÖZÜMÜZÜ DƏ GÜNAHKAR ÇIXARIRLAR”

Faiq İbadov danışır:

"Hasarı dağıdan adam ora torpaq və daş töküb. Məqsəd də ərazidə ferma tikməkdir. Biz etirazımızı bildirəndə bir sənəd təqdim etdi, həmin yerin ona satılmasına dair sənəd idi. Təsəvvür edirsiz, qapı-bacanı bağlayıb harasa gedirsən, gəlib görürsən ki, hasarını uçurdub ərazini kiməsə ferma tikmək üçün satıblar".

Faiq İbadov deyir, aidiyyəti qurumlara müraciət edəndə ona bildirilib ki, torpaq istifadəsiz qaldığı üçün başqasına satılıb:

"İllərdir ki, zəlzələdən dağılmış ev-eşiyi bərpa edib özümüzə qaytarmaq əvəzinə, üstəlik, yerimizi də başqasına satıblar. Hələ üstəlik, özümüzü də günahkar çıxarırlar ki, gərək dağıntının içində canınız çıxaydı, ancaq başqa yerə tərpənməyəydiniz. Biz evdən müvəqqəti çıxmışdıq. Körpələr yağışın, qarın altında qalmışdı, azarlayıb ölməsinlər deyə, aparıb başqa yerdə böyütdük. O demək deyil ki, mənim ata evimin ərazisi başqasına satılmalıdır".

Buna da bax:​ Şəkidə yüzlərlə ailənin ünvanlı sosial yardımı kəsilib

Monidigah icra nümayəndəliyindən "Qaynar xətt"ə bildirilib ki, prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, 1998-ci ildə şəhadətnamə verilmiş torpaq sahələrinin yenidən sənədləşdirilməsi prosesi həyata keçirilib. Ancaq İbadovlar ailəsi bu sənədləşməni etməyib və faktiki istifadə etmədikləri sahə başqasına verilib.

“SƏNƏDİN OLMAMASINI BƏHANƏ GƏTİRDİLƏR”

Faiq İbadovsa deyir, yenidən sənədləşdirmə məsələsindən gec xəbər tutub. Sənədləri toplayıb təqdim etsə də, yeni sənədlər ona yarımçıq verilib:

"Baxdım ki, mülkiyyətə dair sənədlərin içində torpağın sxemi yoxdur. İcra nümayəndəliyi buna görə məndən "şirinlik" gözlədiyi üçün o sənədi indiyədək onlardan ala bilməmişəm. Bu sənəd vətəndaşlara pulsuz verilməlidir, məndənsə "şirinlik" gözləyirlər. Məhz həmin sənədin olmamasını bəhanə gətirib bizim hasarın yerini başqasına satıblar. Mən başıma gələnlərlə bağlı Lerik rayon icra hakimiyyəti başçısının birinci müavininin qəbuluna getmişəm. O, icra nümayəndəsinə zəng vuraraq hasarımın yerində aparılan tikintinin dayandırılmasını tələb etdi. Sonra aralarında nə söhbət oldusa, nə tikinti dayandırıldı, nə də hasarımın yeri özümə qaytarıldı".

Buna da bax:​ Biləvərlilər: 'Yollara ayrılan pullar məmur balalarının bahalı həyatına xərclənir'

Lerik rayon icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, Faiq İbadovun şikayəti araşdırılacaq.

Hüquqşünas Vaqif Alıyev deyir, F. İbadov sənədləri əldə etmək və tikintini dayandırmaq üçün məhkəməyə müraciət etməlidir.

XS
SM
MD
LG