Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:13

Moskva NATO-ya görə Yerevandan rəsmi izahat tələb edir


Azərbaycan və erməni hərbçiləri yan-yana - NATO təlimlərində
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00

Azərbaycan və erməni hərbçiləri yan-yana - NATO təlimlərində (2018)

Moskva Ermənistandakı partnyorlarından onların NATO təlimlərində iştirakına görə “rəsmi izahat” istəyib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib:

“Biz öz reaksiyamızı sorğumuza cavab alanda müəyyənləşdirəcəyik. Sözsüz ki, Yerevanın öz ərazisində KTMT təlimlərinin keçirilməsindən imtina etməsi təəssüf doğurur və regional təhlükəsizliyin möhkəmlənməsinə xidmət etmir”.

Zaxarova ABŞ və NATO-nun region ölkələrini “təlimlərə dartmasını” pisləyib:

“Birləşmiş Ştatlar və onun müttəfiqləri region ölkələrinin bizim ölkəmizlə əməkdaşlığını gözdən salmağa çalışır və onları aşkar şəkildə anti-Rusiya, bəzən isə hətta rusofob xarakterli müxtəlif əməkdaşlıq formatlarına dartırlar. NATO-nun belə hərəkətləri müxtəlif regionlarda vəziyyətin stabilsizləşməsinə, münaqişə potensialının artmasına və yeni ayırıcı xətlərin yaranmasına səbəb olur”.

Defender 23 təlimləri

Bundan əvvəl Ermənistanın Müdafiə Nazirliyi Ermənistanın cari ildə ABŞ-ın Avropadakı quru qoşunları komandanlığının təşkil etdiyi iki manevrdə - KFOR və Saber Junction təlimlərində iştirak edəcəyini bildirmişdi.

Daha əvvəl Pentaqon Ermənistanın Defender 23 təlimlərində iştirak edəcəyini demişdi.

Bu manevrlər aprelin 22-dən Avropanın 10 ölkəsində keçiriləcək.

Lakin Pentaqon bunun ardınca elana düzəliş etmişdi və yeni variantda iştirakçıların arasında Ermənistanın adı çəkilmirdi.

ABŞ Müdafiə Nazirliyi izah etmişdi ki, Ermənistanın iştirakçılar sırasına daxil edilməsi “Pentaqonun mətbuat xidməti komandasının səhvi” olub.

Ermənistan Müdafiə Nazirliyi aprelin 6-da bəyan etmişdi ki, Defender 23 təlimlərinə kontingent göndərməyəcək, ölkə bunun əvəzində “ehtimalən” ABŞ-ın Avropa və Afrika komandanlığının keçirəcəyi iki başqa və kiçik miqyaslı təlimlərə qatılacaq.

Bu təlimlərdən biri NATO-nun Kosovodakı sülhməramlı missiyası – KFOR çərçivəsində keçirilməlidir.

Pentaqonun “səhvi”, yoxsa Kremlin təzyiqi?

Beləliklə Ermənistanın Defender 23 manevrlərində iştiraka ilkin razılıq verib-vermədiyi bilinmir.

Ermənistan politoloqlarından Akop Badalyan bildirir ki, o Ermənistanın Pentaqonun ilkin siyahısına salınmasının “səhv” ucbatından baş verdiyinə inanmır.

Bəzi şərhçilər Yerevanın bu addımı Moskvanın təzyiqi ilə ata biləcəyini ehtimal edirlər.

Son vaxtlarda Ermənistanın Moskvanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətləri gərginləşib.

Yerevan təşkilatı Azərbaycanla qarşıdurmada Ermənistanı müdafiə etməməkdə günahlandırır.

Ermənistan hökuməti KTMT-nin bu il onun ərazisində planlaşdırdığı iki təlimi keçirməkdən imtina edib.

Əsir düşən hərbçilərin yaxınları Ermənistanda yolu bağladılar
Gözlə

No media source currently available

0:00 0:02:08 0:00

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. Amma, hələlik, tərəflər arasında sülh sazişi imzalanmayıb.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG