Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:47

Media: 'Moskva'nın vurulmasında ABŞ kəşfiyyatının rolu olub


Sosial mediada paylaşılan foto
Sosial mediada paylaşılan foto

Pentaqonun sözçüsü Con Körbi ABŞ-ın Kiyevə hərbi kəşfiyyat ötürdüyünü təsdiqləyib

Ötən ay Ukraynanın Rusiya donanmasının flaqman gəmisi “Moskva”nı batırmasında ABŞ kəşfiyyatının köməyi olub. Bu haqda “The New York Times”, “NBC News” xəbər yayıb.

Bir gün öncə ABŞ-ın digər media orqanlarının yaydığı xəbərə görə, ABŞ hakimiyyəti Ukrayna qüvvələrini döyüş zonasında Rusiya generallarının hədəfə alınmasına kömək edən kəşfiyyat məlumatıyla təmin edib.

Ukraynanın iki aydan çox davam edən işğalı nəticəsində qeydi-adi sayda Rusiya generalının öldürüldüyü bildirilir, onlardan azı səkkizinin ölümü təsdiqlənib.

Bu məlumatlar Vaşinqtonun müharibənin genişlənməsində rol oynaması sarıdan narahatlıq yaradıb. Bu, Moskvanın daha güclü reaksiyasına, məsələn, Ukrayna qüvvələrini NATO silahları ilə təmin edən konvoyları hədəfə almasına səbəb ola bilər.

“NBC News” mayın 5-də xəbər yayıb ki, ABŞ Ukrayna ordusunun xahişilə “Moskva”nın Qara dənizdəki yerini müəyyənləşdirməyə kömək edib. “The Washington Post” və “The New York Times” isə yazırlar ki, ABŞ hökumətinin Ukraynanın planlarından xəbəri olmayıb.

“Moskva”da ölənlər, itkin düşənlər

“Moskva” kreyseri aprelin ortasında batıb. Ukrayna onu Neptun raketləri ilə vurduğunu bildirib. Rusiya bunu təkzib edib, gəmidə yanğın baş verdiyini açıqlayıb.

Kreml gəminin batdığını da rəsmən təsdiqləməyib. Gəmidə naməlum saytda matrosun öldüyü, yaxud itkin düşdüyü bildirilir.

“The New York Times” mayın 4-də yazırdı ki, ABŞ rəsmiləri Ukraynaya Rusiya ordusunun mobil qərargahı haqda detalları verib. Ukrayna qüvvələri isə bu informasiyanın köməyilə Rusiya zabitlərini hədəfə alıb.

Pentaqonun sözçüsü Con Körbi ABŞ-ın Kiyevə hərbi kəşfiyyat ötürdüyünü təsdiqləyib. O mayın 5-də deyib ki, “döyüş zonasında aparıcı hərbi liderlərin yeri haqda informasiya vermirik, yaxud Ukrayna ordusunun hədəfəalma qərarlarında iştirak etmirik”.

Rusiya fevralın 24-də Ukraynaya hücuma başlayıb. Moskva Qərbin ağır sanksiyaları ilə üzləşib.

XS
SM
MD
LG