Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:13

'Şirkət bağlanıb, sahibi axtarışda... Bəs pullar?'


Yeni tikilən çoxmərtəbəli bina
Yeni tikilən çoxmərtəbəli bina

“Öz ölkəmdə qəpik-qəpik toplayıb ev almışam. 5 ildir ki, dələduzların meydançasında futbol topuna dönmüşəm. Hərə bir qapıya ötürür. Üstəlik də, bu, tək mənim başıma gəlmir. Minlərlə vətəndaş MTK-ların qurbanına çevrilib. Gəl ki, bu proses yenə də davam etməkdədir. Bir Azərbaycan vətəndaşı olaraq hüquqlarımın bərpasını, əmlakımın qaytarılmasını, dələduzların cəzalandırılmasını tələb edirəm”.

Bakı sakini Qədir İmanov 5 il əvvəl “Ulduz-S” MTK-yə 37 min manat ödəyərək şirkətin Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa etməkdə olduğu 4 bloklu binanın 5-ci mərtəbəsindən mənzil alıb. Aralarında bağlanmış müqavilənin şərtlərinə görə, şirkət mənzili 1 il ərzində təhvil vermək öhdəliyi götürüb.

Buna da bax:​ «Olimpus-az» MTK-dan mənzil alan bir payçının əhvalatı

MƏNZİLİ VƏ MÜQAVİLƏSİ DƏYİŞDİRİLİB

Qədir İmanov vaxtaşırı tikinti yerinə gedərək işlərin davam etməsinin şahidi olub. Ancaq bir gün tikinti yerinə baş çəkəndə orada qarovulçudan başqa heç kəsi tapmayıb:

“İşlər dayanmışdı. Mən işlərin nə vaxt davam edəcəyi ilə bağlı maraqlanmaq üçün ofisə gedəndə şirkətin əməkdaşları arxayın etdilər ki, xırda bir məsələdən ötrü işlər qısa müddətə dayanıb. Həm də xahiş etdilər ki, evimin yerini Rusiyadan gəlmiş və məndən bir mərtəbə yuxarıda mənzil almış başqa bir müştəri ilə dəyişim. Çünki o, yuxarı mərtəbəni istəmir. Mən də razılaşdım. Müqaviləm dəyişdirildi, bir mərtəbə yuxarıdakı mənzil sənədləşdirildi. Yəni, 37-ci mənzil məndən alınaraq əvəzinə 28-ci mənzili verildi. Mənə köhnə tarixlə yazılmış yeni müqavilə və maliyyə arayışı təqdim olundu”.

Müqavilə üzrə öhdəlik müddəti bitir, üstəlik, 3 il də gəlib keçir, Qədir İmanov təzə evə köçəcəyini gözləməkdən səbirsizlənir. Bir gün isə xəbər tutur ki, binanın tikintisi ilə bağlı başqa şirkət məşğul olur. Aldığı mənzilin taleyi ilə maraqlanmaqdan ötrü tikintini davam etdirən “Şərur” MTK-nın Binəqədi rayonu ərazisindəki “Hollivud” şadlıq evindəki ofisinə yollanır. Burada payçıların siyahısına baxaraq ona bildirirlər ki, adı siyahıda yoxdur:

Buna da bax:​ Qarabağ əlili özünü yandırmaq istəməsinin səbəbindən danışdı

“DEDİ, ƏLAVƏ PUL ÖDƏ”

“Gördüm ki, mənim kimi çox payçının adı siyahıda yoxdur və narazılıq yaranıb. Məlum oldu ki, “Ulduz” MTK-dan onlara verilmiş siyahı üzrə mənzilləri başqa adamlara verirlər. 2011-ci ildə pul verib, müqavilə bağlayıb mənzil aldığım Fikrət Hacıyevi axtarıb Nərimanov rayonu, Teymur Əliyev küçəsindəki binalardan birində təzə götürdüyü ofisdə tapdım. Yaxasından yapışıb evimi tələb etdim. Dedi, “sənin vaxtilə 37 min manata aldığın həmin evin qiyməti indi 58 min manatdır. Gətir, əlavə pul ödə, evi sənə versinlər”. Mən onunla bağlı prokurorluğa şikayət edəcəyimi bildirəndə dedi, “bir az gözlə, tezliklə ya Xırdalandan, ya da elə həmin binadan sənə ikiotaqlı mənzil düzüb-qoşacam”. Bir müddət də gözlədim, bir hərəkət görməyib onunla təkrar görüşmək istəyəndə isə ya ofisində tapılmırdı, ya da deyirdi, “yanımda adamlar var, səninlə danışmağa vaxtım yoxdur”. Sonuncu telefon danışığımızda isə dedi, “ümumiyyətlə, səni tanımıram, mənə pul verməmisən, get, əlin hara, kimə çatır, şikayət elə”.

Şirkət tərəfindən aldadıldıqları ilə bağlı Qədir İmanov da daxil olmaqla bir neçə payçı Nərimanov rayon polis idarəsinə ərizəylə müraciət edib. İdarədə cinayət işi başlanıb, sonradan isə Baş Prokuror yanında Korrupsiya ilə Mübarizə İdarəsinə göndərilib. Burada eyni faktlar və digər vətəndaşların şikayətləri əsasında başlanmış daha bir cinayət işinə birləşdirilib. Bu ilin martından Qədir İmanov dəfələrlə idarəyə gedib dinlənilməsini istəsə də, onu dinləyən, izahatını, ifadəsini alan olmayıb. Bu da Qədir İmanovda onu aldatmış şirkətin himayə olunduğu rəyini yaradıb.

Buna da bax:​ 'Bu pul ayrılıbsa, kimin cibindədir?'

ŞİRKƏT SAHİBİ AXTARILIR

Eyni şirkət tərəfindən aldadıldığını deyənlərdən biri də Salyan rayonu, Çuxanlı kənd sakini Atəş Şıxaliyevdir. O, 2011-ci ilin dekabrında eyni binadan mənzil alıb. Binanın tikintisi başa çatmamış xəbər tutub ki, tikinti işini “Şərur” MTK davam etdirir. Ancaq şirkətə müraciət edəndə “Ulduz-S” MTK tərəfindən onlara təqdim olunmuş siyahıda onun adının olmadığını bildiriblər. Deyir, indiyədək nə 22 min manatını qaytarırlar, nə də mənzili verirlər.

Baş Prokuror yanında Korrupsiya ilə Mübarizə İdarəsindən AzadlıqRadiosu-na bildirilib ki, “Ulduz-S” MTK-nın direktoru Elçin Yaqub oğlu Babayev barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. 1 ildir ki, Xətai rayon Polis İdarəsi onun barəsində həbsli axtarış elan edib.

Buna da bax:​ «Birinci kim köçdüsə, mənzil onundur»

Payçılarsa şirkət sahibinin himayə olunduğunu düşünürlər. Bildirirlər ki, “belə olmasaydı, hüquq-mühafizə orqanları şirkət sahibini elə ortalıqda əli cibində gəzərkən həbs edərdi. Bunun üçün yetərincə şikayət ərizəsi də vardı. Ortalıqdan itəndən sonra barəsində axtarış elan etməzdi”.

Hüquqşünas Vaqif Alıyev deyir, şirkət sahibi ortalığa çıxmayanadək bu məsələnin hüquqi baxımdan çözümü qəlizdir.

XS
SM
MD
LG