Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:09

MTN generalından etiraf: 'Əli Kərimlinin qaynı ona görə həbs olundu ki...'


Əli Kərimli baş verən son olaylardan danışdı
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00

Əli Kərimli baş verən son olaylardan danışdı (2018)

Keçmiş MTN generalı, uzun illər nazirliyin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyev etiraf edib ki, AXCP sədri Əli Kərimlinin qaynının həbsi məsələsi prezident səviyyəsində müzakirə olunub. Onun sözlərinə görə, əsas səbəb isə Qərbdən müxalifətə gələn pulların Kərimlinin qaynı Elnur Seyidovun işlədiyi "Texnikabank"ın Yasamal filialı vasitəsilə göndərilməsi idi.

"Ölkə prezidentinin rəhbərliyi altında bu məsələ araşdırılıb. Ondan sonra materiallar istintaqa verilib", – hazırda həbsdə olan MTN generalı martın 6-da Bakı Apellyasiya Məhkəməsində bunu deyib. Bu məhkəmədə onun 12 il azadlıqdan məhrum edilməsi haqda hökmdən verdiyi apellyasiya şikayətinə baxılır.

Şıxəliyev prokurordan xahiş edib ki, məhkəmədə dilə gətirdiyi bu məsələni - 2012-ci ildə həyata keçirdikləri "Texnikabank" əməliyyatını dövlət başçısının nəzərinə çatdırsınlar.

"Texnikabank" işi

Şıxəliyev, eləcə də onunla birlikdə mühakimə olunan daha üç keçmiş MTN polkovnikinin işi üzrə zərərçəkmişlərin bir neçəsi vaxtilə "Texnikabank"da əmanəti olan şəxslərdir. 2012-ci ilin martında MTN-də "Texnikabank" ilə bağlı cinayət işi başlanıb, bankın rəhbəri Etibar Əliyev, İdarə Heyətinin üzvləri, həmçinin bankın Yasamal filialının müdir müavini Elnur Seyidov da həbs olunmuşdu.

Zərərçəkmişlər deyir ki, o zaman MTN əməkdaşları əmanətçilərin siyahısına baxıb, bankda kimin böyük məbləğdə əmanəti vardısa, onları bir-bir çağırıb külli miqdarda pul tələb edir, ya da həbslə hədələyirdilər. Hazırda zərərçəkmişlər sırasında olan Hüseyn Səfərov və digərləri bir neçə ay MTN-in istintaq təcridxanasında həbsdə saxlandıqdan sonra ev dustaqlığına buraxılıblar.

Mövlam Şıxəliyev və onunla birgə mühakimə olunan üç nəfər keçmiş MTN polkovniki ilə yanaşı, zərərçəkənlər də hökmdən apellyasiya şikayəti veriblər. Onlar sabiq MTN-çilərin üzərində həbs olan mülklərinin hamısının müsadirə olunmamasından narazı qalıblar. Həmçinin onların cəzasının da ağırlaşdırılmasını istəyirlər.

1 milyon 125 min manatlıq mülki iddia təmin edilsə də...

Təqsirləndirilən sabiq MTN polkovniklərindən nazirliyin şöbə rəisi olmuş Vüsal Ələkbərov haqqında bundan əvvəl 5 il azadlıqdan məhrumetmə hökmü çıxarılmış, həmçinin 1.2 milyon manatlıq əmlakının müsadirəsinə qərar verilmişdi. Həmin işdə zərərçəkmiş Akif Qurbanovun 1 milyon 125 min manatlıq mülki iddiası təmin edilib. Lakin iş Ali Məhkəməyə çatanda aşağı instansiyaların qərarı ləğv edilib, əmlak MTN polkovnikinin ailəsinə qaytarılıb. Qurbanov deyir ki, Ali Məhkəmə o işə baxıb qərar verəndə onun xəbəri olmamışdı: "İş icra olunanda icra idarəsindən çağırdılar, icra vərəqini alıb qaraladılar. Bundan sonra bizim xəbərimiz olmadan işə Ali Məhkəmədə baxılıb. Mövlam Şıxəliyevin qohumu olan Ali Məhkəmənin hakimi mülkü Vüsal Ələkbərova qaytarıb. Mən zərərçəkən kimi qaldım kənarda. Bu adamlar həmin pulu məndən hədə-qorxu ilə alıblar. Hədə-qorxu gəlməyiblərsə, o pulu məndən necə alıblar? Mən MTN tanıyırdım?".

Keçmiş MTN-çilər isə ittihamları rədd edir, zərərçəkmiş qismində tanınan şəxslərin hər birinin konkret cinayətlərə görə cəzalandırıldığını deyirlər.

Xatırlatma

2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub. Onların arasında beş general da vardı. Onların işi bir neçə qrupa bölünüb və ayrılıqda məhkəməyə göndərilib. Sabiq MTN-çilərə 3 ildən 14 ilə qədər həbs, üç nəfərə isə şərti cəza verilib. Onların əksəriyyəti, o cümlədən generallar Akif Çovdarov, Sübahir Qurbanov və s. cəzalarının bir hissəsini çəkəndən sonra azadlığa buraxılıb.

Sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurdular.

2021-ci ilin aprelində daha iki MTN generalı – Nizami Şirinov Mövlam Şıxəliyev, eləcə də onların tabeliyində çalışan şəxslər cinayət məsuliyyətinə cəlb olunub. 2022-ci ilin sentyabrında Bakı Hərbi Məhkəməsinin hökmü ilə Şıxəliyev haqqında 12 il azadlıqdan məhrumetmə hökmü çıxarılıb. Uzun illər MTN-in İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Şıxəliyev hökmdən apellyasiya şikayəti verib. Hazırda onun da işinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

2015-ci ilin oktyabrında MTN-də baş verənlərdən sonra bu qurum ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılıb.

XS
SM
MD
LG