Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:21

Zərərçəkən: 'Bir şərtim var, Eldar Mahmudov dindirilsin'


Eldar Mahmudov
Eldar Mahmudov

Həbsdə olan MTN generallarının işindəki zərərçəkmişlərdən biri Maqsud Mahmudovun vaxtilə əlindən alınmış restoran Ali Məhkəmənin qərarı ilə geri qaytarılıb. Bu haqda Maqsud Mahmudov özü iyulun 7-də məhkəmədə məlumat verib.

"Şərtim var, Eldar Mahmudov gəlsin..."

Maqsud Mahmudov MTN-in Antiterror Mərkəzinin rəisi olmuş general Elçin Quliyev və onun tabeliyində işləmiş Azər Mehdiyev haqqında ayrılmış cinayət işində zərərçəkəndir. Onların da işinə Bakı Hərbi Məhkəməsində Elbəy Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Buna da bax:​ 'MTN işi'ndə zərərçəkən: 'Mütləq Eldar Mahmudov dindirilməlidir'

İyulun 7-də məhkəmədə zərərçəkmiş deyib ki, restoranı geri qaytarıldığına görə dəymiş ziyanı təqsirləndirilən şəxslərə bağışlayır. Amma bir şərti var, Eldar Mahmudov məhkəmədə dindirilsin.

"Elçin Quliyev və Azər Mehdiyevə qarşı şəxsi qərəzim yoxdur. Onlara göstəriş verilib, icra ediblər. Mən Eldar Mahmudovun göstərişi ilə MTN-ə çağrılmışam. Başçı bura gəlməyəndən sonra biz icraçıdan nə tələb edə bilərik? Badamdar qəsəbəsində Eldar Mahmudovla qonşuluqda sənədli torpaq sahəmi şumladılar. Bununla bağlı da məhkəməyə müraciət edəcəm", - zərərçəkmiş belə deyib.

Mərdəkan qəsəbəsində Elçin Quliyevin, onun müavini, həbsindən iki ay sonra təcridxanada intihar edən İlqar Əliyevin və MTN-in Xəzər rayon şöbəsinin rəisi olmuş Rafiq Səfərovun yanaşı bağ evləri olub. Həmin evlərin yerləşdiyi torpağın sahibi Ələsgər Əliyev də zərərçəkən qismində tanınıb. Əliyevin sözlərinə görə, torpağı satandan sonra sənədlərdə problem yarandığını əsas gətirib onu hədələyiblər. Bu yolla 185 min pulunu əlindən alıblar.

Buna da bax: 'MTN işi': 'Razılaşdıq ki, özlərinə və ailə üzvlərinə tur-paketlər verim'

Ələsgər Əliyevin bacısı Lalə Yavərova da məhkəmədə dindirilib. Deyib ki, Mərdəkanda pay torpaqları olub: "Həmin torpaqların bir hissəsi qardaşımın, bir hissəsi isə mənim adıma olub. Qardaşım həmin torpağı satandan sonra problemlə üzləşdik. Torpağı alanlar qardaşımı həbs etməklə hədələyərək, sənədlərin saxta olduğunu bildirdilər. Qardaşımı hədələyənlər Elçin Quliyevin adını çəkirdilər".

"Mən özüm şantaja məruz qalmışam"

Elçin Quliyev isə deyir ki, Ələsgər Əliyev onun işində zərərçəkən kimi tanınsa da, əslində, özü bu adamın şantajına məruz qalıb. İki ildir heç bir səbəb olmadan həbsdə saxlandığını deyən MTN generalı haqsızlıqla üzləşdiyini bildirib: "Bu işdə hədə-qorxu gələnlər kənarda qalıb, məni həbs ediblər. Burada ifadələrdən də görünür ki, mən şantaj olunuram. İki ildir həbsdəyəm, amma bilmirəm ki, nəyə görə..."

Buna da bax:​ MTN polkovniki: 'Evin sənədi heç yerdə girov saxlana bilməz. Bu qanunsuzdur'

Elçin Quliyev onu da söyləyib ki, Kürdəxanıdakı 1 saylı Bakl istintaq təcridxanasında ciddi nəzarətdə saxlanılır, qaldığı kameranın qarşısında 4 nəfər dayanıb nəzarət edir: "Həbs olunduğun ilk dövrdə 4-5 ay ailəmlə danışmağıma da icazə verilmədi. Sonradan telefonla danışsam da, bu danışıqlar dinlənilib. Mənim şahidləri öyrətmək imkanım yoxdur. Dövlətə sədaqətlə xidmət etmişəm, "Milli Qəhrəman"dan başqa bütün mükafatlarım var".

Bu zaman zərərçəkmiş Mətləb Mustafayev MTN generalına etiraz edib: "Sən nə utanmaz adamsan. Həbs olunmağımda birbaşa rolun var, evimə tapança atmaq göstərişini də sən vermisən..."

Tərəflər arasında mübahisə hakimin müdaxiləsindən sonra kəsilib.

Buna da bax: Tağı Əhmədov: 'Pulumu geri istəyirəm' [yenilənib]

Zərərçəkmiş Mətləb Mustafayev MTN-nin Antiterror Mərkəzinin sabiq rəis müavini İlqar Əliyevin intihardan öncə verdiyi ifadənin məhkəmədə elan olunmasını istəyib. Vəsatət açıq qalıb.

Zərərçəkmişlər Sahib QurbanovZaur Əzimov onlara dəymiş maddi ziyanın ödənilməsi üçün mülki iddia qaldırıblar. Həmçinin bildiriblər ki, Prezidentin hüquq-mühafizə orqanları və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərovun qəbuluna yazılıb, onun köməkçisi ilə görüşüblər: "Başımıza gələnləri onlara danışdıq, MTN və vergilərin pullarımızı necə əlimizdən aldıqlarını bildirdik. Fuad Ələsgərovun köməkçisi bizi dinlədi və işin nəzarətə götürüldüyünü bildirdi”.

Elçin Quliyev və Azər Mehdiyevin məhkəməsi iyulun 21-də davam edəcək.

Buna da bax:​ 'MTN işi'ndə zərərçəkənlərin intihar cəhdləri [yenilənib] [fotolar]

XATIRLATMA

E.Quliyevə CM-nin 145 (qanunsuz azadlıqdan məhrum etmə), 181 (quldurluq), 182 (hədə-qorxu ilə tələb etmə) 302 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham verilib.

Amma general ittihamları qəbul etmir və kimsədən hədə-qorxu ilə pul almadığını deyir.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG