Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:47

Həbsdəki MTN polkovniki insult keçirib


Akif Çovdarov
Akif Çovdarov

MTN-in əks kəşfiyyat şöbəsinin rəisi olmuş, həbsdəki polkovnik Mirəziz Əsgərov fevralın 14-də Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında insult keçirib. O, dərhal Penitensiar Xidmətin Müalicə Müəssisəsinə aparılıb. Bu haqda həbsdə olan MTN generalı Akif Çovdarov fevralın 15-də öz məhkəməsində məlumat verib.

Çovdarov bu hadisəni həm də özünə xəbərdarlıq hesab edir.

«KİMLİKDİR?»

«Halbuki, o, dəfələrlə müayinə və müalicə tələb edirdi. Amma ona heç bir ixtisaslı həkim-kardioloq tərəfindən yardım göstərilmədi. Məndə də bu xəstəliklər var. Birinci İlqar (MTN-in Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyev 2015-ci il dekabrın 20-də istintaq təcridxanasında intihar edib-red.) getdi, indi də Mirəziz belə oldu. Növbədə mənəm», - Akif Çovdarov bildirib.

Buna da bax-MTN-in ev dustağı olan qadın generalı: 'Rədd olun buradan!'

Mirəziz Əsgərovun səhhətinin həbsxanada pisləşdiyini, ürək xəstəliyinə tutulduğunu vurğulayan Çovdarov özünün də durumunun ağır olduğunu, amma müayinə və müalicəsinə imkan verilmədiyini deyib. General gileylənir ki, müraciətlərinə cavab verilmir: «İnsan nə qədər yazar ki, «müayinə edin»?! Hər yerə yazmışıq. Hakim deyir, mənlik deyil, idarə deyir, mənlik deyil. Bəs kimlikdir?».

Çovdarov və onun tabeliyində işləmiş üç nəfərin - Akif Əliyev, Orxan Osmanov və Səlim Məmmədovun bugünkü məhkəməsini davam etdirmək mümkün olmayıb. Çünki vəkil Cavid Rzazadə səhhəti ilə əlaqədar məhkəməyə gəlmədiyindən, Səlim Məmmədov müdafiəçisiz qalıb.

Buna da bax-Çovdarov: 'Prokurorluq oğlumdan rüşvət istəyib...'

Məhkəmə fevralın 20-də davam edəcək.

XATIRLATMA

Akif Çovdarov ötən il noyabrın 15-də həbs olunub. Baş Prokurorluğun o vaxt yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi. Artıq 19 nəfər həbsdədir. Onlardan yuxarıda adları çəkilən dörd nəfərin işi məhkəməyə göndərilib.

Akif Çovdarova və onunla birgə mühakimə olunanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvətalma) və daha bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG