Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:11

Müsəlmanlardan Şükranlıq jesti - 5 min hind toyuğu


Şükranlıq bayramı: Barak Obama hind toyuğunu əfv edir.
Şükranlıq bayramı: Barak Obama hind toyuğunu əfv edir.

Çikaqo şəhərinin müsəlman icması 16 ildir Şükranlıq günündə şəhərin yoxsul ailələrinə hind toyuğu paylayır. Bu bayramda isə icma payladığı hind toyuqlarının sayını üç dəfə artıraraq 5 minə çatdırıb. Bu il layihəyə üç məhəllədə yerləşən səkkiz ibtidai məktəb qatılır.

Müsəlman icmasının «Sabil» qida anbarı yoxsullara yardım etməyi hədəfləyir. Layihənin könüllülərinin sözlərinə görə, bu, İslam dininin əsas prinsiplərindən biridir. «Sabil» ərəbcə «yol» deməkdir.

NƏSƏ QAYTARMAQ

Hər il keçirilən hind toyuğu paylama layihəsinin təşkilatçısı doktor Sofia Shakir-dir. O deyir ki, layihənin müsəlmanlar üçün pis keçən seçki kampaniyasından sonra genişləndirilməsi çox xoşdur. Ötən il Şükranlıq bayramından cəmi bir neçə gün öncə D.Trump ABŞ-ın terrorla müharibəsi çərçivəsində bütün müsəlmanları qeydiyyata almağı təklif etmişdi.

Çikaqonun Vudlon İcma Məktəbində müəllimlər və valideynlər müsəlman könüllüləri sevinclə qarşılayıblar.

Yerli məktəb şurasının sədri Victoria Bowens deyir: «Yaşadığımız zəmanə belədir. Bu şeylər bizdən qaynaqlanmır. Biz ayrıseçkiliyə məruz qalmağın nə olduğunu bilirik. Buna baxmayaraq, onlar daha çətin durumda olanlara yardımdan ötrü ayağa qalxa biliblər».

Doktor Shakir-in həyat yoldaşı doktor Jihad Shoshara-nın sözlərinə görə, bu təşəbbüsün amalı icmaya, az da olsa, nəsə qaytara bilməkdir. «Biz bir bütövün hissələriyik. Biz başqalarına yardım etmirik, biz özümüzünkülərə yardım edirik», – Shakir deyir.

SOYUDUCUDA YEMƏK OLSUN

16 il öncə bir 3-cü sinif şagirdi xüsusi tədris müəllimi Sadia Warsi-yə deyib ki, bayramda, sadəcə, soyuducularında yeməyin olmasını istəyir.

«Ölkəmiz kimi bir yerdə uşaqdan belə bir arzu eşitmək məni sarsıtdı», – bu gün artıq Milli Lyuis Universitetinin professoru olan S.Warsi danışır.

Hind toyuğu süfrəyə hazırlanır.
Hind toyuğu süfrəyə hazırlanır.

S.Warsi, əri, Çikaqo prokuroru Kamran Memon-la (onların hər ikisi müsəlmandır) birlikdə icmanı Çikaqonun dövlət məktəblərində oxuyan uşaqlara hind toyuqları almağa yardıma çağırıblar. Müəllimlərdən biri onları, özəlliklə, yoxsul ailələrin uşaqlarının oxuduğu ibtidai məktəbə yönləndirib. Bir neçə il ərzində uşağı bu məktəbdə oxuyan hər bir valideynə hind toyuğu verilib.

ZƏKAT

2006-cı ildə K.Memon bu layihəni uzun zamandan bəri könüllülük etmiş Shakir və Shoshara cütlüyünə ötürüb. Çikaqoda yerləşən Amerika İslam Qida Şurası ölkədə halal sertifikatı verən ən böyük qurumdur. O, həm də «Sabil» qida anbarını idarə edir. Shakir bu qurumla tərəfdaşlıq yoluyla hind toyuqlarını topdansatış qiymətə alıb və xüsusi soyuduculu yük maşınları təşkil edib.

J.Shoshara-nın sözlərinə görə, bu layihə İslamın öyrətdiyi şeyləri reallığa çevirməyə xidmət edir. O qeyd edir ki, İslamın beş əsas sütunundan biri zəkat, yaxud xeyriyyədir. O, Məhəmməd peyğəmbərdən sitat gətirir: «Qapı qonşusu ac ola-ola qarnını doyduran mömin deyil».

Ancaq J.Shoshara deyir ki, söhbət təkcə acları doyurmaqdan getmir. Bu, həm də ailələrə yemək bişirərək uşaqlarına görə nəsə etmək imkanı verir. «Evinizdə hind toyuğu olanda, siz bayramı Amerikadakı hər kəs kimi qeyd edirsiniz. Bu isə sizə ləyaqət hissi verir», – Shoshara deyir.

ƏN SƏMİMİ BAYRAM

52 yaşlı hüquqşünas LaDale George ta başlanğıcdan layihədə könüllülük etdiyini deyir. O deyir ki, Şükranlıq günü siyasi, yaxud dini olmadığından, hamıya aid olduğundan onun sevimli bayramıdır.

«Kim olursan ol, haralı olursan ol, nəyə inanırsan inan, hər kəs nəyə görəsə şükür edir. Bu, ən səmimi bayramdır və bölüşmək hissini təlqin edir», – o deyir.

Nəvəsi Vudlon İcma Məktəbində oxuyan 66 yaşlı Gladys Tyler hind toyuğu layihəsi barədə məktub alanadək bacısının evində toplaşacaq 20 nəfər qohum-əqrəbanı necə doyuracaqları haqda baş sındırdıqlarını deyir. İndi isə o, qonaqlığa öz hind toyuğu və desertləri ilə gedəcək.

«Onların çox ehtiyacı olan insanlara kömək etməsi çox gözəldir. Bu, bayrama əlavə istilik gətirir», – o vurğulayır.

XS
SM
MD
LG