Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:50

'Azadlığa çıxıb qısa vaxtda həyata vida deyirlər'


Müxalifətin etiraz aksiyası. 2 aprel 2011
Müxalifətin etiraz aksiyası. 2 aprel 2011

Bugünlərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəallarından Qarabağ müharibəsi veteranı Babək Həsənov vəfat etdi. Ona xərçəng xəstəliyi diaqnozu qoyulduğu açıqlanmışdı.

B.Həsənov iki dəfə həbs olunub. Sonuncu dəfə o, 2018-ci ildə çirkli pulların yuyulması ittihamı ilə 3 il həbs edilmişdi. Azadlığı qovuşmasına qısa bir müddət qalmış əfv olunmuşdu. Hərçənd, ittihamı qəbul etmirdi və bunu siyasi fəaliyyəti ilə əlaqələndirirdi.

İndi 50 yaşlı müxalifətçinin ölümünü yaxınları ölkədə ağır siyasi fəaliyyətin fəsadları sayırlar. O, həbsdə işgəncələrə məruz qaldığını açıqlamışdı, amma rəsmi qurumlar onun şikayətini əsaslı saymamışdılar.

Bundan əvvəl də keçmiş deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimli, AXCP sədrinin müavini Gözəl Bayramlı, AXCP üzvü Elnur Fərəcovun da xərçəng xəstəliyindən vəfat etdiyi açıqlanıb. Onlar da həbs həyatı yaşayıblar.

Aralarında daha gənc E.Fərəcovun həmin xəstəliyə yoluxduğu həbsinin başa çatmasına az qalmış aşkarlanmışdı. O, həbsdən azadlığa çıxandan aylar sonra vəfat etmişdi. E.Fərəcov 2017-ci ildə CM-in 234.2-ci (narkotik vasitələrin satış məqsədilə əldə edilməsi, saxlanması, hazırlanması) maddəsi ilə təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilmişdi. 2019-cu ildə əfv sərəncamı ilə azadlığa qovuşmuşdu. İttihamı yalanlayırdı.

Həm E.Fərəcov, həm də digər adı çəkilənlər siyasi məhbus siyahılarında yer alıblar. Hərçənd, rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.

Z.Oruc
Z.Oruc

"Üç-dörd nəfər haqqında fikirlə ümumiləşdirmə yanlış olar"

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Turan"a bildirib ki, siyasət dünyanın hər yerində özündə müəyyən riskləri daşıyır: "Bu, yalnız həbsə məruz qalıb-qalmamaqla bağlı deyil. Siyasət maraqların ən çox toqquşduğu bir yerdir və, bəlkə də, birincisidir. Özlüyündə insanların mühüm bir hissəsinin mənafelərinin daşıyıcısına çevrilirsənsə, mütləq başqa bir qrupla da toqquşmaya məruz qalırsan. Ən sivil cəmiyyətlərin özündə də belədir".

Amma deputat hər hansı müxalifət təmsilçisi bir dövr cəzaçəkmə müəssisəsində olubsa, "orada ağır xəstəliyə yoluxub və bu qəsdən edilib" kimi düşüncələri qeyri-real sayır: "Hakim partiyanın təmsilçiləri də, icra hakimiyyəti nümayəndələri də cinayət törədiblərsə, onlar da həbsə məruz qalıblar. Məsələni dərin araşdırmadan onun barədə fikir söyləmək olmaz. Üç-dörd nəfər haqqında fikirlə ümumiləşdirmə çox yanlış olar".

R.Səfərov
R.Səfərov

"Həyəcan və təlaş qaçılmaz olur"

"Müdafiə Xətti" hüquq müdafiə təşkilatının həmtəsisçi Rüfət Səfərov isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda siyasilər illərlə məhkum olunarkən, qanunsuz cinayət təqiblərinə məruz qalarkən həyəcan və təlaş qaçılmaz olur.

Ekspertin sözlərinə görə, həbs yerlərində tibbi xidmətdə nöqsanlar var: "Məhkumlar müalicəyə, ixtisaslı həkimlərin məsləhətinə çata bilmirlər. Siyasi məhbusların bəzisi məhz cəza evlərində, istintaq təcridxanalarında qazandığı xəstəliklərdən sonra azadlığa çıxıb qısa vaxta həyata vida deyirlər".

Bu fikrə Penitensiar Xidmətdən münasibət almaq isə mümkün olmayıb. Amma qurumdan bundan əvvəl deyiblər ki, Azərbaycanın cəzaçəkmə müəssisələrində məhbusların istər tibbi, istərsə də digər hüquqları qanunvericiliyin tələblərinə uyğun qorunur.

XS
SM
MD
LG