Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 14:10

Məhkəmənin sildiyi borcu qaz idarəsi silməyə tələsmir


Xırdapayda qaz kəməri
Xırdapayda qaz kəməri

Kürdəmir rayonunun Xırdapay kəndinin sakini Gülşən Cəbrayılova bir ilə yaxındır ki, yerli qaz idarəsi ilə çəkişmədədir. Vətəndaş bildirir ki, ötən ilin martında evlərinə gələn qaz xəttinin üzərinə quraşdırılan sayğacın dəyişdirilməsinə görə oturduğu yerdə zərərə düşüb: «Keçən ilin martında qaz idarəsi işçiləri sayğacımızı çıxarıb apardılar. Dedilər, yoxlanılacaq. Akt bağladılar ki, guya sayğacımız dəyişdirildi. Amma yeni sayğacı çox sonra... qoşdular. İki gün qaz işlətmişdik ki, bu dəfə evə gələn xətti bağladılar. Dedilər, əvvəlki sayğacımızda nöqsan aşkarlanıb və bizə 756 manat cərimə yazılıb. Beləcə aylarla qazsız qaldıq. Məhkəməyə müraciət edəndən sonra xətti açdılar».

G.Cəbrayılovanın deməsinə görə, Kürdəmir Rayon Məhkəməsi onun «Azəriqaz» İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinə qarşı qaldırdığı iddianı təmin edib. Onun vurğulamasına görə, quraşdırıldığı yerdən çıxarılıb aparılan və bir daha geri qaytarılmayan sayğaca iki ay sonra həmin ünvanda baxış keçirilməyi məhkəməyə də inandırıcı gəlməyib. G.Cəbrayılova qeyd edir ki, aktın etibarsızlığına, onun əsasında hesablanmış 756 manat borcun silinməyinə dair qətnamə qəbul edilib.

«Borc ola bilər, daha bu qədər yox»

Şikayətçi bildirir ki, üstündən aylar keçsə də, qaz idarəsi məhkəmə qərarını icra etməyib: «Borcun silinməsi üçün çox yerə, çox adama müraciət etmişəm. Yerli qaz xidməti qurumu deyir ki, get Ağsudakı regional idarəyə. Telefonlarını tapıb danışmışıq. Onlar da deyir ki, bu məsələni «Azəriqaz»ın baş idarəsində həll etmək olar. Mən yaşlı adamam. Niyə harasa getməliyəm? Dövlət adından qərar çıxarılıb, zəhmət çəkib icra etsinlər».

G.Cəbrayılova həmçinin iddia edir ki, istehlak etdikləri qazın dəyəri də düzgün hesablanmayıb: «Cərimədən əlavə üstümüzə 577 manat da sərfiyyat hesablanıb. Halbuki, biz vaxtaşırı olaraq gücümüz çatan qədər ödəniş edirik. Borc ola bilər, daha bu qədər yox».

Qazdan istifadəyə dair bildiriş
Qazdan istifadəyə dair bildiriş

«Əvvəl debitor borc yazırdılar, indi cərimələyirlər»

Kürdəmirdə fəaliyyət göstərən Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzinin rəhbəri Lətafət Məlikova qaz təchizatı müəssisəsinin vətəndaşlardan əsassız pul tələb etməsinin təzə xəbər olmadığını deyir: «Təxminən dörd il əvvəl vətəndaşlara əvvəlki illərə aid debitor borc yazırdılar. Axı necə ola bilər ki, daim qazpulu ödəyən adamın qəfil ortaya böyük məbləğdə borcu çıxsın? Özü də bu hal tək-tək deyildi, kütləvi xarakter almışdı. Son vaxtlar isə «sayğaca müdaxilə» adı ilə vətəndaşları cərimələyirlər. Sayğacı götürüb aparırlar, sonra da deyirlər ki, müdaxilə etməyiniz təsdiqlənib. Ekspertiza da öz əllərindədir. Cərimənin əsassızlığına dair son bir ildə Kürdəmir Rayon Məhkəməsi bir çox qərar çıxarıb. Amma heç də bütün cərimə olunanlar məhkəmə müdafiəsindən istifadə edə bilmir. Çünki adamların həm hüquqi biliyi azdır, həm də vəkil tutmağa imkanları yoxdur».

Hüquq müdafiəçisi hesab edir ki, sayğaclara müdaxilə edilməsinə görə hökumət kimisə sərt şəkildə cəzalandırmaqdansa, bunu doğuran səbəb barədə düşünməlidir: «Bəyənmədiyimiz sovet hakimiyyəti dönəmində kimsə işıq, qaz, su pulunu ödəməkdə çətinlik çəkməyib. Çünki kommunal xərclər insanların gəlirinə uyğun idi. Amma nefti, qazı, elektrik enerjisini ixrac edən ölkə vətəndaşlarına onu baha qiymətə satır... Adamların belinə 500-1000 manatlıq cərimə yazmaq isə heç bir əndazəyə sığmır».

«Azəriqaz» sözçüsü: «Təəssüf ki,...»

«Azəriqaz» İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayev əsassız olaraq abonentlərə debitor borc və ya cərimə yazıldığı ilə bağlı iddiaları qəbul etmir: «Hər bir abonent barədə baza məlumatı var. Avtomatlaşdırılmış informasiya sisteminə daxil olub kimin nə vaxt, nə qədər qaz işlətdiyini, pul ödədiyini izləmək olur. Debitor borcla bağlı şübhəsi olan abonent özünə aid çoxillik məlumatları əldə edib müstəqil hesablama apara bilər. Sayğac məsələsinə isə yanaşma fərqlidir. Əgər vətəndaş sayğacındakı hər hansı bir problemlə bağlı «Çağrı mərkəzi»mizə müraciət edirsə, qaz təchizatında fasilə yaranmadan həmin problem aradan qaldırılır. Abonentin müraciət etməyi vicdanlı davranışdır və buna görə kimsə cəzalandırılmaz. Amma istifadə edilən təbii qazın həcmini gizlətmək üçün sayğaca müdaxilə və ya qanunsuz qoşulma faktı aşkarlananda, təchizatçının tam ixtiyarı var ki, dəymiş zərərin əvəzini abonentdən tələb etsin. Əməkdaşlarımız yerlərdə reydlər keçirir. Təəssüf ki, belə neqativ faktlar da aşkarlanır».

Məhkəmə qərarı əsasında borcunun silinməsindən ötrü isə «Azəriqaz» sözçüsü G.Cəbrayılovaya Ağsudakı regional idarəyə getməyi tövsiyə edir: «Şəxsiyyət vəsiqəsi, məhkəmə qətnaməsi və digər zəruri sənədlərlə həmin idarənin hüquq şöbəsinə müraciət etsin. Əgər yaşlı və ya xəstədirsə, bunu ailə üzvlərindən biri də edə bilər. «Azəriqaz»ın yerli strukturlarında da vətəndaş müraciətlərinə həssaslıqla yanaşılır».

XS
SM
MD
LG