Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:08

'Nardaran işi-3': 'Üzərimdə kitab olsaydı, polisə getməmiş onu gizlədərdim də'


"Nardaran işi" gedən məhkəmə binası.
"Nardaran işi" gedən məhkəmə binası.

“Bəzi güclər Taleh Bağırzadənin (Taleh Bağırov nəzərdə tutulur – red.) adından istifadə edib təfriqə salmaq istəyirdilər. İttihamda yazılıb ki, guya üzərimdən “Hacı Taleh Bağırzadənin müraciəti” adlı kitabça tapılıb. Allaha and olsun, mənim o kitabçaya əlim də dəyməyib. Dəyibsə, Allah mənə lənət eləsin. Üzərimdə kitab olsaydı, polisə getməmişdən əvvəl onu gizlədərdim də...”, – Nardaran hadisələrinə görə həbs olunan Mehman Məmmədovun sözləridir.

O, 2015-ci ilin noyabrında Nardaranda, ikisi polis, dördü yerli sakin - 6 nəfərin öldüyü əməliyyatdan sonra həbs olunub. İndi Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran işi üzrə üçüncü qrupun tərkibində mühakimə edilir. Bu qrupda Mehman Məmmədovla yanaşı, daha 11 nəfər hakim önünə çıxarılıb.

Buna da bax:​ 'Nardaran işi-2': 'Biz insan kimi yaşamaq istəyirik...'

Mehman Məmmədov fevralın 27-də məhkəməyə ifadəsində deyib ki, ona 10 maddə ilə verilən ittihamların hamısı şər-böhtandır. Onda nə silah-sursat olub, nə də o, dövlət çevrilişi hazırlayıb. Şəxsən özü dini dövlətdə yox, hüquqi dövlətdə yaşamaq istəyir:

“Bəzi xoşagəlməz qüvvələr var. Onlar Nardaranda təfriqə yaratmaq, qarışıqlıq salmaq istəyirlər. Biz elə elə adamlar deyilik ki, sözdə bir cür, əməldə başqa cür olaq. Babam 1905-ci ildə erməni-müsəlman davasında həlak olub. Bizim nəsildə ziyalı insanlar var. Dindarıq, amma dağıdıcı deyil, qoruyucuyuq. Dövləti sevən insanlarıq. Məmmədbağır Bağırzadə atamın əmisi oğludur. Deputat Eldar Quliyevin atası babamın dostudur. Mən yeddi yaşdan Quran oxuyuram, namaz qılıram. Bizim dinimiz terror dini deyil”.

Buna da bax:​ 'Nardaran işi-3': 'Şeyxin gəlməsini gözləyirdik...'

“Elə şeylər var, burada danışmaq məsləhət deyil”

Müsəlman Birliyi Hərəkatının adını həbsdən sonra eşitdiyini deyən M. Məmmədov polisə də özü gedib: “Çörək alıb qayıdanda eşitdim ki, Nardaranda qırğın olub. Nardaranda işıqlar söndürülmüşdü, telefonumun enerjisi də yox idi. Atamgildə eşitdim ki, bizim evə də gəliblər. 14-cü bölmənin rəisi Zaur Bədəlova zəng vurdum. Ondan heç kimin incikliyi olmayıb, yeganə polisdir ki Nardaranda hamının qapısını döyə bilir, hamının ona hörməti var. Ona dedim ki, məni polisə çağırırlar, dedi ki, araşdırarıq. Ondan sonra deputat Eldar Quliyevə zəng elədim. Dedi ki, sən heç bir cinayət törətməmisən, get izahatını ver. Sonra Bakı Şəhər Baş Polis İdarəsinin generalı Səhlab Bağırovun yanına getdim. Mənə dedi ki, otaqda gözlə. Ardından məni “bandotdel”ə apardılar”.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində fiziki işgəncəyə məruz qalmasa da, hədələndiyini, ona psixoloji təzyıq göstərildiyini deyir. Elə bu üzdən də həqiqətə uyğun olmayan ifadələrə imza atmaq məcburiyyətində qaldığını söyləyir: “2001-2002-ci illərdə Milli Orduda sinəsini güllə qabağına verən adamı bu gün dövlət çevrilişində günahlandırırlar. Mənim boynuma qumbara qoyublar, guya məndən tapılıb, halbuki heç üzünü də görməmişəm. Mənə dedilər, yaz ki qumbaranı sənə Taleh Bağırzadə verib. Dedim, axı elə şey olmayıb. Mən o adamı tanımıram, necə böhtan atım?! Dedilər, onda yaz ki Abbas Hüseynov verib. Yenə qol çəkmədim. Məni ikinci mərtəbəyə qaldırmaqla hədələdilər. İkinci mərtəbə də “düz-qoş” yeridir. Elə şeylər var, burada danışmaq məsləhət deyil. Allah “bandotdel”i heç kimə göstərməsin. Axırda dedilər ki, razılaşmasan, on maddə verəcəklər. Bu maddələrə qol çəkmək məcburiyyətində qaldım”.

Buna da bax:​ 'Nardaran işi-2': 'Dedilər imzalamasan arvadını tutub, silahı onun adına yazacağıq'

Mehman Məmmədovun sözlərinə görə, nardaranlıların heç vaxt işıqpulu ödəmədiyi barədə deyilənlər də yalandır: “Nardaran camaatı istifadə elədiyi elektrik enerjisinin pulunu ödəyirdi, amma son dövrlərdə yerli əhali çox yoxsullaşmışdı, ödəyə bilmirdi, ona görə müəyyən qədər borc yığılmışdı”.

Məhkəmə martın 6-da digər təqsirləndirilənlərin ifadəsi ilə davam edəcək.

Xatırlatma

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində apardığı əməliyyatda, ikisi polis, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Buna da bax:​ Nardaran məhbusu: ‘İlham Əliyevin iki dəfə vəkili olmuşam...’

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Taleh Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hər biri 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir.

Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir və Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini bildirirlər.

XS
SM
MD
LG