Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:07

'ANS-in 'Xoca' filmini aparıb məktəblərdə göstərirdik'


Gündüz Ağayev. "Nardaran işi" məhkəməsinə illüstrasiyası
Gündüz Ağayev. "Nardaran işi" məhkəməsinə illüstrasiyası

Nardaran hadisələrinə görə həbs olunan Ağa-Əli Yəhyayev istintaq orqanının əlində olan avtomobilinin qaytarılmasını istəyir. Dediyinə görə, xəstə övladının müalicəsinə pul gərəkdiyindən, ailəsi maşını satıb tibbi xidmət xərclərini ödəyəcək.

"Ana-bacımızla, ailəmizlə mübarizə aparırlar"

Ağa-Əli Yəhyayev hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Müsəlman Birliyi Hərəkatı sədrinin müavini Elçin Qasımov və daha 10 nəfərlə birlikdə mühakimə olunur. Fevralın 3-də keçirilən məhkəmədə avtomobilin qaytarılmasına dair vəsatət müzakirə olunub. O, avtomobilinin cinayət predmeti olmadığını vurğulayıb.

Buna da bax:​ 'Sabunçu polisində ləyaqəti alçaldan, tərbiyəsiz hərəkətlər elədilər'

Mayıl Bayramovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib.

"Bizə müraciət edin, biz də Səhiyyə nazirliyinə müraciət edək, uşağı əməliyyat eləsinlər", - hakim belə deyib.

Ağa-Əli Yəhyayev cavabında bildirib ki, bütün müvafiq qurumlara, o cümlədən Heydər Əliyev Fonduna da müraciət olunub, amma hamısı yardım göstərməkdən imtina edib: "Bizim ana-bacımızla, ailəmizlə mübarizə aparırlar".

Ardından Ağa-Əli Yəhyayev öz vəkilinin və prokurorun suallarını cavablayaraq, həbsindən danışıb. O, Elçin Qasımovla münasibətləri olduğunu, onun həbs xəbərini eşidincə, Sabunçu Rayon Polis İdarəsinə getdiyini, elə həmin idarənin önündəcə tutulub işgəncəyə məruz qaldığını söyləyib: "Gözümə o qədər vurmuşdular ki, heç nəyi görmürdüm. İndi də həmin zədələr qalır. İdarənin qarşısında polislərə qarşı heç bir müqavimət, zorakılıq olmayıb".

Buna da bax: Nardaran işi: Bu dəfə məhkəməni məhkumların yaxınları da tərk etdi...

"ANS "Xoca"nı mənə 200 manata satmışdı"

Təqsirləndirilənlərdən Nahid Qəhrəmanov ifadəsində onlara verilən ittihamların saxta və əsassız olduğunu bildirib. Daha öncə də "Hicaba azadlıq” aksiyasında tutulduğunu, 2014-cü il dekabrın 30-da əfv sərəncamı ilə azadlığa çıxdığını deyən Nahid Qəhrəmanov Ağa-Əli Yəhyayevlə həbsxanada tanış olduğunu deyib: "Azadlığa çıxandan sonra onunla görüşəndə dedi ki, “Müsəlman Birliyi” adlı təşkilat yaradılır. Mən də qoşuldum. Təşkilatın sənədləşmə işlərini özüm hazırlamışam. Sənədləri də qeydiyyat üçün Ədliyyə Nazirliyinə mən təqdim eləmişəm. İndi deyirlər ki, qanunsuz fəaliyyət göstərmisiniz.

Təhsil Nazirliyinin qarşısında hicaba qadağa ilə əlaqədar ilk dəfə dinc aksiya keçirəndə, polislər bizim xanımları sürüdülər. Prezidentin and içdiyi Quranı tapdaladılar. Azərbaycanda fikrə görə cəza verirlər. Bizim çıxışlarımız nə haqda olub? İntiharları pisləmişik, narkomaniyaya qarşı çıxışlar etmişik. ANS “Xoca” filmini mənə 200 manata satmışdı, onu aparıb məktəblərdə göstərirdik ki, uşaqlarda vətənpərvərlik ruhu yüksək olsun”.

Buna da bax: 'Nardaran-2 işi': 'Bu, dana satıb işə düzələnlərin hazırladığı ittihamdır'

Nardaran əməliyyatı

2015-ci il noyanrın 26-da polisin Bakının Nardaran qəsəbəsində əməliyyatında ikisi polis olmaqla 6 nəfər həlak olub. Rəsmi ittihama görə Nardaranda radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərərkən öldürülüblər, qarşıdurmada da 2 polis əməkdaşı həlak olub.
Nardaranda və Sabunçu polis idarəsinin qarşısında verən hadisələrə görə 70-dən çox adam da saxlanmışdı. Onların əksəriyyəti bir neçə gün sonra azad edilib, bir hissəsi isə 1 il 6 aydan 2 il 6 aya qədər həbs cəzası alıblar.
Hazırda Nardaran hadisələrinə görə saxlanan 18 nəfərin məhkəməsi gedir.

Nahid Qəhrəmanov deyir ki, Nardaran əməliyyatında həlak olan polislər də inanclı olduqlarından, dindarlara qarşı qanlı əməliyyatda iştirak etmək istəməyiblər: "Buna görə də onları öldürdülər. Hadisədən sonra Sərdar Bünyadovgilə getdim. Evə elə hücum elədilər ki, sanki erməni evinə girirlər. Qadın, uşaq - hamısı qorxmuşdu. Yazıblar ki, guya mən həmin evdə təzə gəlinin yataq otağında silah gizlətmişəm. Bir özünüz fikirləşin, Nardaranda bunu necə etmək olar? Mən həmin otağa necə girə bilərəm?".

Sabunçu Rayon Polis İdarəsinə, oradan da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını, orada işgəncələrə məruz qaldığını, elektrikə verildiyini deyən Nahid Qəhrəmanovun sözlərinə görə, dəyənəklə aramsız başına vurublar: “Mən "bandotdel"də dedim ki, siz məni tikə-tikə eləsəniz də Talehin əleyhinə ifadə verməyəcəm. Mənim ayağımın altına o qədər vurmuşdular ki, ayağımı yerə qoya bilmirdim. İki ay orada mənə işgəncə verdilər. Başıma torba keçirib döyürdülər. Gah deyirdilər İranın adamısınız, gah da Amerikanın. Sonra başladılar ki, Cəmil Həsənli debatda Talehin adını çəkib".

Buna da bax:​ Deputat: 'Yolunu azanlar nəticə çıxarsınlar'

Nahid Qəhrəmanov deyir ki, iki aydan sonra "bandotdel"də özünü liftin güzgüsündə görəndə qorxub: "Bunların hamısı çarın işidir. O, düyməni basmasa, bunlar olmazdı. Mübariz gedib erməniləri öldürdü, onlar onun meyitinə hörmətsizlik etmədilər. Bizimkilərsə Nardaranda öldürülən Əkbərin meyitinin naməhrəm yerlərinə nasist işarələri çəkib bütün kanallarda efirə verdilər”.

"Mən terrorçu deyiləm, ticarətçiyəm"

Daha bir təqsirləndirilən Əmirli Əliyev ifadəsində bildirib ki, onu iki oğlu və qardaşı oğlu ilə birlikdə tutublar: “Dedim ki, uşaqları buraxın, məni tutun, 11 maddə ilə ittiham verdilər, heç bir günahım olmadan. Mən terrorçu deyiləm, ticarətlə məşğul olmuşam".

Buna da bax:​ Nardaran məhbusu səfirliklərə müraciət etdi

Taleh Bağırovu heç tanımadığını deyən Əmirəli Əliyev övladlarını qorumaq üçün tələb olunan ifadəni imzalamağa məcbur qaldığını söyləyib.

Məhkəmə davam edir.

XS
SM
MD
LG