Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:10

Ağır yaralı Nardaran dustağı azadlığa buraxılıb [yenilənib]


Nardaran əməliyyatından əvvəl. 26Noy2015
Nardaran əməliyyatından əvvəl. 26Noy2015

Onun yaxınlarının vəkil Yalçın İmanova söylədiyinə görə, məhkəmə prokurorluğun təqdimatı əsasında Əbülfəz Bünyadov barəsindəki həbs-qətimkan tədbirini dəyişib. Yəni cinayət işinə xitam verilməsindən söhbət getmir.

Ötən il noyabrın 26-da Nardaranda Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və başqalarının həbsiylə nəticələnmiş polis əməliyyatı Əbülfəz Bünyadovun evində gerçəkləşdirilmişdi. Əməliyyat nəticəsində qətlə yetirilən dörd nəfər Nardaran sakinindən ikisi onun əmisioğlanları idi - RəfaelFərail Bünyadovlar. Ağır yaralı Əbülfəz Bünyadovu isə həbs etmişdilər. O, həmin vaxtdan bəri Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılırdı. Ə. Bünyadov ona dəyən güllələrdən hərəkət qabiliyyətini itirib və bir il iki aydır ki, yataqda iflic durumundadır. Onu yerindən tərpədib məhkəməyə aparıb-gətirmək mümkün olmadığından, bu işi Taleh Bağırovgildən ayırmışdılar.

Buna da bax:​ 'Nardaran işi' ilə 'heykəl işi' arasında əlaqə varmış...

"Cinayət işinə xitam verilməsindən söhbət getmir"

Dekabrın 20-də Ə. Bünyadov məhkəmə qərarı ilə azadlığa buraxılıb. Bu barədə AzadlıqRadiosu-na vəkil Yalçın İmanov məlumat verib. Ə. Bünyadovun müdafiəsinə bir neçə gün öncə qoşulan vəkil qərarla hələ tanış deyil:

"Hələlik, təqdimat verilmədiyindən, mən onun işinə çıxmamışam. Yaxınlarından aldığım məlumata görə, məhkəmə prokurorluğun təqdimatı əsasında Əbülfəz Bünyadov barəsindəki həbs-qətimkan tədbirini dəyişib. Yəni cinayət işinə xitam verilməsindən söhbət getmir".

Ə. Bünyadovun yaxınları AzadlıqRadiosu-na deyiblər ki, o, hələlik, evə gəlib çıxmayıb: "Bizdə olan məlumata görə, yoldadır, gətirirlər".

Buna da bax:​ “Nardaran işi”ndə təqsirləndirilənin anası vəfat edib

Nardaran əməliyyatından sonra Ə. Bünyadovun iki qohumu da həbs olunub.

* * *

Əbülfəz Bünyadov artıq evindədir

Bir neçə saat öncə azadlığa buraxılan Əbülfəz Bünyadov artıq evində olsa da, özünü halsız hiss etdiyindən, yaxınları müsahibə verməsinə razı olmayıblar.

“İflic olduğuna görə zindana göndərmək deyil”

Onun dostu Əhsən Nuruzadə AzadlıqRadiosu-na deyib ki, Əbülfəz Bünyadovun cinayət işi xətm olunub və o, birdəfəlik azadlığa buraxılıb: “Onun ev dustaqlığına buraxılmasına məhkəmə dekabrın 26-da baxmalı idi. Amma beynəlxalq təşkilatlar Əbülfəzlə bağlı danışıqlar aparandan sonra qəfil qərar verilib. O, birdəfəlik azadlığa buraxılıb”.

Buna da bax:​ 'İşgəncələr Əleyhinə...' kampaniyaya başlayıb

Əhsən Nuruzadə Əbülfəz Bünyadovun azadlığa buraxılmasını səhhətinin ağır olması il izah edir: “Çünki o, iflic vəziyyətindədir. Bu dəqiqə onunla bağlı cinayət işi açıb zindana göndərmək mümkün deyil”.

İş günü bitdiyindən, hüquq-mühafizə orqanlarından cinayət işinin xətm edilib-edilmədiyini dəqiqləşdirmək mümkün olmayıb.

“Müalicə müəssisəsində ona baxılmayıb”

40 yaşı olan, dörd övlad sahibi Əbülfəz Bünyadov bir il öncə, Nardaran hadisələri zamanı həbs edilərkən, onurğa sütunundan yaralanıb. O, bundan sonra hərəkət qabiliyyətini itirib.

Buna da bax: İkinci 'Nardaran işi' başladı: Dövlət vəkilləri təqsirləndirilənləri tanımır...

Əhsən Nuruzadənin sözlərinə görə, Əbülfəz Əliyev həbsdə olduğu müddətdə Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilib: “O, müalicə edilməyib, ona heç baxılmayıb, sadəcə, orda yaraları dərinləşməsin, qanaxması olmasın deyə, yüngül dava-dərman ediblər. Sinədən aşağı yaraları var. İnşallah, gələcəkdə müalicə etdirəcəyik. Ayağa qalxmasına ümid az da olsa var, sadəcə, xərci var”.

Dostu Əbülfəz Bünyadovun səhhətində problemlər olsa da, əhvalının yaxşı olduğunu bildirir.

Xatırlatma

Ötən il noyabrın 26-da polisin Bakının Nardaran qəsəbəsindəki əməliyyatında ikisi polis, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, Nardaranda radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərərkən, 2 polis əməkdaşı da həlak olub.

Buna da bax:​ Nardaran işi: 'Məni heç İlham Əliyev oturda bilməyib, sən oturdacaqsan?'

Nardaranda və Sabunçu polis idarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam da saxlanmışdı. Onların əksəriyyəti bir neçə gün sonra azad edilib, bir hissəsi isə 1 il 6 aydan 2 il 6 ayadək həbs cəzası alıb.

Hazırda Nardaran əməliyyatına görə saxlanılan 18 nəfərin mühakiməsi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir.

XS
SM
MD
LG