Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:14

NATO PA Rusiyanın Ukraynadakı cinayətlərini soyqırım elan etdi


NATO Parlament Assambleyası
NATO Parlament Assambleyası

NATO-ya daxil ölkələrin parlament nümayəndələrini birləşdirən NATO Parlament Assambleyası Rusiyanın Ukraynada törətdiyi cinayətləri soyqırım kimi tanıyan və Vladimir Putinin mühakiməsi üçün xüsusi beynəlxalq tribunanın yaradılmasını qərara alan qətnaməni qəbul edib.

Bu barədə məlumatı Ukrayna parlamenti – Verxovna Radanın vitse-spikeri Yelena Kondratyuk verib.

Kondratyukun sözlərinə görə NATO ölkələrinin parlament nümayəndə heyətləri sözü gedən qətnaməyə yekdilliklə səs veriblər.

Bu sənəddə habelə bildirilir ki, alyansa üzv ölkələr Ukraynaya dəstəyi davam etdirəcək və Rusiyadan Ukraynanın bərpası üçün təzminat alınması mexanizmini təsdiqləyəcəklər.

NATO PA-nın qətnaməsində habelə Rusiya rejimi “raşizmi” həyata keçirən terrorçu təşkilat kimi tanınır.

Ukraynanın NATO üzvlüyü məsələsi

Sənəddə NATO PA-nın nümayəndələri alyansa daxil hökumətləri Ukraynanın Vilnüsdə keçiriləcək NATO sammitinə dəvət olunmasına və Kiyevin NATO üzvlüyü üçün “dəqiq alqoritmin” razılaşdırılmasına çağırırlar.

2023-cü ilin martında Haaqadakı Beynəlxalq Cinayətlər Məhkəməsi Vladimir Putinin və Rusiyanın uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib.

Onlar Ukraynanın işğal olunmuş ərazilərindəki uşaqların zorla Rusiyaya deportasiya edilməsində ittiham olunurlar.

Məhkəmə izah edib ki, RF prezidentinin buna görə şəxsən məsuliyyət daşıdığı barədə qərara gəlmək üçün “ağlabatan əsaslar” var.

Mariya Lvova-Belova da eyni cinayətdə şübhəli bilinir.

Tribunal elə bu yay qurula bilər

2023-cü ilin 19 yanvarında Avropa Parlamenti Putin başda olmaqla Rusiya siyasi rəhbərliyinin mühakimə olunması üçün tribunalın yaradılması haqqında qətnamə qəbul edib.

Öz növbəsində Avropa Komissiyasının sədri Ursula von der Leyen Rusiyanın Ukraynadakı hərəkətlərinin istintaqı və hüquqi təqibi məqsədilə BMT-nin dəstəyi ilə xüsusi məhkəmənin yaradılmasına çağırıb.

O habelə qeyd edib ki, Avropa İttifaqı Rusiya cinayətlərinin sübutlarının toplanması üçün Haaqada xüsusi koordinasiya mərkəzi yaradacaq.

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland deyib ki, Rusiya üçün tribunal elə bu yay qurula bilər.

XS
SM
MD
LG