Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:28

Putinə qarşı çıxanlar indi də bir-birləri ilə didişirlər


Aleksey Navalnı (solda) və Aleksey Venediktov, 2016-cı il
Aleksey Navalnı (solda) və Aleksey Venediktov, 2016-cı il

Həbsdə olan rusiyalı müxalifətçi Aleksey Navalnının yeni böyük hesabatı Moskva meriyasının büdcəsindən mer Sergey Sobyaninin təbliğatını aparmaq üçün 2018-ci ildən bəri milyardlarla dolların xərcləndiyini üzə çıxarıb.

Ancaq hesabatda RT rəhbəri Marqarita Simonyan və əri, şərhçi və prodüser Tiqran Keosayan kimi kremlyönlü media təmsilçilərindən əlavə liberal çevrələrin tanınmış simalarına da vəsait ayrıldığı aşkarlanıb. Bu şəxslər arasında prezidentliyə keçmiş namizəd Kseniya Sobçak və “Exo Moskvı” radiostansiyasının keçmiş baş redaktoru Aleksey Venediktovun da adları var.

Venediktov ona məxsus şirkətin Moskva meriyasından 700 milyon rubl (9 milyon dollar) aldığını təsdiqləyib. O bu layihənin Moskvanın müxtəlif rayonlarının tarixi haqda silsilə jurnalların çapından ibarət olduğunu bildirib. Venediktov martın 8-də “Facebook” postunda bu layihənin 2022-ci ilin aprelində Prezident Vladimir Putin hökumətinin onu "xarici agent" adlandırmasından sonra dayandırıldığını yazıb.

"Şəxsən mən bu layihədən bir qəpik də qazanmamışam, ancaq onu əla təhsil təşəbbüsü hesab edirəm”, – deyə o əlavə edib. Venediktov bu layihəni 2020-ci ilin aprelində BBC-yə müsahibəsində müzakirə etdiyini də yazıb.

“Cadugər ovu” ittihamı

Ancaq Navalnının Rusiyada qadağan edilmiş Korrupsiya ilə Mübarizə Fondunun (FBK) martın 7-də dərc etdiyi hesabatda iddia olunur ki, Sobyaninin ofisinin ayırdığı bu pullar Venediktovun xalqın Rusiyadakı elektron səsvermə sistemini dəstəkləməsi haqda danışması üçün ayrılıb. Müxalifət bu sistemi qeyri-şəffaf adlandırır və onu Kremlin elektron saxtalaşdırma aləti hesab edir.

Hesabat Rusiyanın liberal çevrələrində böyük əks-səda doğurub. Keçmiş neft maqnatı Mixail Xodorkovski FBK-nı “cadugər ovuna” başlamaqda ittiham edib. Siyasi təhlilçi Kiril Roqovsa hesabatı Venediktova qarşı "vendetta" adlandırıb.

"Navalnının komandasının bugünkü hesabatı dərc etməklə liberalları dalaşdırması yaxşıdır. Allah eləməsin, birdən kimsə onların birləşməyə qadir olduğunu düşünər!”, – siyasi şərhçi, Kremlin keçmiş spiçrayteri (nitqyazanı) Abbas Qallyamov öz sarkastik “Facebook” postunda yazıb.

Volkovun məktubu

Martın 9-da Venediktov Navalnının əsas köməkçilərindən biri, FBK rəhbəri Leonid Volkovun Avropa İttifaqının (Aİ) xarici işlər idarəsinin rəhbəri Jozep Borrellə məktubunu dərc edib. Məktubda Volkov Aİ-nin tanınmış rusiyalı bankir Mixail Fridman və onun “Alfa-Group” maliyyə holdinqindəki biznes tərəfdaşlarına qarşı sanksiyaları ləğv etməsini xahiş edir.

"Biz onların nə cürsə Putin rejimi ilə bağlı olduğunu, yaxud onun cinayətlərinə görə məsul tutulmalı olduğunu düşünmürük”, – Volkov 2022-ci il, oktyabrın 14-də yazdığı məktubda qeyd edir.

Fridman birbaşa Rusiyanı ittiham etmədən Ukraynada “qan axıdılmasına son qoyulmasına” çağırmışdı. O, təqribən məktubun yazıldığı vaxtda deyib ki, Britaniya ona qarşı sanksiyaları qaldırarsa, öz şəxsi aktivlərindən Ukraynadakı “Alfa-Group” bankına 1 milyard dollar köçürə bilər.

Öncəki günsə Venediktov bir sıra Rusiya liberalı, o cümlədən Volkov tərəfindən imzalanmış, Borrell və Avropa Komissiyası Prezidenti Ursula von der Leyenə ünvanlanmış məktubu dərc edib. Bu məktubda da “Alfa-Group” menecerlərinə qarşı sanksiyaların aradan qaldırılması ilə bağlı oxşar xahiş yer alıb. Məktubu imzaladığını danan Volkov “Twitter”də imzasının “fotoşoplandığını” yazıb.

Leonid Volkov
Leonid Volkov

“Böyük siyasi səhv”

Oktyabrda yazılan məktubun üzə çıxmasından demək olar dərhal sonra Volkov məktubu yazdığını etiraf edərək bunun “böyük siyasi səhv” olduğunu söyləyib. Rusiya hökuməti onu Venediktovla eyni tarixdə, ötən ilin aprelində “xarici agent” adlandırıb.

Volkov FBK ilə işini və öz “ictimai-siyasi fəaliyyətini” dayandırdığını elan edib, Navalnı və FBK-dakı həmkarlarından üzr istəyib.

O bu məktubu öz şəxsi adından deyil, FBK adından imzalamaqla “səlahiyyətini aşdığını” deyərək əlavə edib ki, bu addımı Rusiyanın hakim elitası arasında parçalanma yaratmaqla Putin hakimiyyətinin çökməsini tezləşdirməyə ümidlə atıb.

"Bu hekayənin Putinin hər növ dostları tərəfindən …Navalnını ləkələmək üçün istifadə etdiyini görmək adamı incidir”, – Volkov “Telegram”da yazıb.

Navalnının komandası sözügedən hesabat üçün vergi ödəyicisinin pullarından maliyyələşən, Sobyaninin ofisinin idarə etdiyi “Moy rayon” adlı “avtonom qeyri-kommersiya təşkilatı” ilə bağlı 100 mindən artıq bank köçürməsini araşdırıb.

"Zərərsiz bələdiyyə təşəbbüsü kimi görünsə də, “Moy rayon” əslində, Sobyaninin və “Vahid Rusiya”nın Moskvadakı kirli fondudur. Meriya bu fonda nəhəng məbləğdə pullar köçürür. Təkcə 2021-ci ildə 14 milyard rubla (184 milyon dollar) yaxın pul köçürüb”, – hesabatda bildirilir.

Onlayn şoulara 3.2 milyon dollar

Hesabatda daha sonra qeyd olunurki, “Moy rayon”un pulları Sobyaninin təbliğatını nəzərdə tutan, onun adını və simasını paytaxtdakı tikinti işləri ilə bağlayan layihələrə xərclənir.

2021-ci ildə Simonyan, Keosayan və qohumlarının nəzarət etdiyi kommersiya qurumlarına Putin, “Vahid Rusiya” və Ukraynada aparılan müharibənin təbliğatını aparan onlayn şou düzəltmək üçün 250 milyon rubla (3,2 milyon dollar) yaxın pul verilib.

“LifeNews” kimi digər kremlyönlü media qurumları, “Mash” “Telegram” kanalı və “Tsargrad” millətçi sosial media şəbəkəsi də Sobyanini təbliğ edən kontent qarşılığında pul alıb. Bura “Twitter”, “Telegram” və digər sosial media platformalarında paylaşılan postlar da daxildir.

FBK bildirir ki, məqsəd Sobyanin dövründə liberal çiçəklənmə “əfsanəsi” düzəltmək olub.

"Onlar bərpa, mədəni layihələr və müxtəlif “inkubatorlar” adı ilə çoxlu pulumuzu oğurlayıblar. Özü də diqqətimizi parklara və ictimai skamyalara yayındıraraq bu pulları seçki sistemimizi tamamilə məhv etməyə, qondarma liberal jurnalistləri satın almağa, sonuncu siyasi azadlıqlarımızı məhv etməyə xərcləyiblər”, – FBK-nın hesabatında vurğulanır.

XS
SM
MD
LG