Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 22:38

Nəcməddin Sadıqov üçün stəkan və şəraba 29 min manat xərclənib?


Nəcməddin Sadıqov
Nəcməddin Sadıqov

Müdafiə Nazirliyi və nazirliyə tabe qurumlarda toplam 143 milyon manatlıq yeyinti ilə bağlı cinayət işinin materiallarında 2015-2019-cu ildəki xərcləri əhatə edən maliyyə hesabatı var. Bu hesabatı Müdafiə Nazirliyi İşlər İdarəsinin rəisi Elnur Süleymanov istintaq dövründə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsinə göndərib.

Hesabatdan məlum olur ki, Müdafiə Nazirliyində dörd il boyunca tədbirlər adı ilə 713 min manat ayrılıb. Məsələn, tədbirlər üçün təkcə gül və dibçəklərə 74 min manat xərclənib. Bunun da 60 min manatına "Ağ çiçəyim" mağazalar şəbəkəsindən gül dəstələri, 14 min manatına da dibçəklər alınıb.

İstintaqa göndərilən dörd illik hesabatda 1993-2020-ci illərdə Müdafiə Nazirliyinin Baş Qərargah rəisi olmuş general-polkovnik Nəcməddin Sadıqovun xərcləri də ayrıca göstərilib. Sənədə əsasən, N.Sadıqovun göstərişi ilə hər birində altı ədəd olmaqla, altı dəst armudu stəkana 21 min manat xərclənib.

Hesabatda sabiq Baş Qərargah rəisinə aid daha bir xərc də şərablarla bağlıdır. İddia olunur ki, N.Sadıqov hərəsi 100 manatdan 80 şüşə çaxır aldırıb. Buna da 8 min manat pul xərclənib.

Hesabat Bakı Hərbi Məhkəməsində açıqlanıb

Müdafiə Nazirliyi İşlər İdarəsinin rəisi E.Süleymanovun istintaqa göndərdiyi bu hesabat iyulun 12-də Bakı Hərbi Məhkəməsində açıqlanıb. Bu məhkəmədə bir ilə yaxındır nazirliyin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, general-mayor Nizami Məmmədovun mühakiməsi davam edir.

Müdafiə Nazirliyində korrupsiya həbsləri: nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:03:54 0:00

143 milyonluq yeyinti ilə bağlı cinayət işi üzrə həbsdə olan general Məmmədov daha üç nəfərlə birlikdə hakim önünə çıxarılıb. Bunlar iki polkovnik - Hərbi Hava Qüvvələrinin maliyyə idarəsinin sabiq rəisi Cəlal Kazımov və Quru Qoşunların maliyyə idarəsinin rəisi olmuş Bayram Bayramov, eləcə də Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinə rəhbərlik etmiş kapitan Vüsal Əlizadədir.

Adları çəkilən şəxslərin məhkəməsində artıq dindirmələr yekunlaşıb, hazırda sənədlərin tədqiqi mərhələsidir.

İyulun 12-də keçirilən məhkəmə iclasında hakim cinayət işinin materiallarındakı önəmli sənədləri açıqlayıb. Həmin sənədlərin arasında təqsirləndirilən şəxslər haqqında onların keçmiş iş yerilərindən verilmiş xasiyyətnamələr də var. Yalnız polkovnik C.Kazımov haqqında xasiyyətnamə mənfi olub, digərləri haqqında isə müsbət rəy verilib. C.Kazımovun özü də, vəkili də rəyi qərəzli sayırlar. 30 il xidmət etdiyini deyən polkovnik bu müddətdə heç vaxt töhmət almadığını vurğulayıb. Vəkili də onun döyüş bölgələrindəki xidmətlərindən danışıb.

C.Kazımov müxtəlif hərbi hissələrdə aparılan yoxlamaların nəticələrindən də narazıdır. Deyir ki, ciddi araşdırma və hesablama aparmadan akt tərtib olunub, əsassız rəqəmlər yazılıb. Bu üzdən, sənədlərdəki rəqəmlər arasında ziddiyyətlər var.

"Mənə nə göstəriş verilibsə, onu da eləmişəm", - C.Kazımov məhkəmədə belə deyib.

Digər təqsirləndirilən polkovnik B.Bayramov ilə bağlı Quru Qoşunları rəhbərliyinin verdiyi xasiyyətnamə müsbət olsa da, sənədlərdən aydınlaşıb ki, o, 2017-ci ildə də külli miqdarda mənimsəməyə görə Cəlilabad Hərbi Məhkəməsindən cərimə cəzası alıb.

Bu cinayət işi üzrə məhkəmə araşdırmaları davam edir.

AzadlıqRadiosu məhkəmədə elan olunmuş sənəddə yazılanlarla bağlı general N.Sadıqovun münasibətini öyrənməyə çalışsa da, cəhdlər nəticəsiz qalıb.

Azərbaycan əsgəri nə yeyib-içir?
Gözlə

No media source currently available

0:00 0:03:23 0:00

Xatırlatma

2022-ci ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Müdafiə Nazirliyində əməliyyat keçiriblər. Əməliyyat nəticəsində nazirliyin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, general-mayor Nizami Məmmədov, Satınalmalar və Təchizat İdarəsinə rəhbərlik etmiş Məlikməmməd Qurbanov, Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev də daxil, 15 nəfərə yaxın vəzifəli şəxs həbs olunub.

DTX-nın İstintaq İdarəsində təxminən ilyarım istintaqı aparılan cinayət işində Müdafiə Nazirliyi sistemində toplam 143 milyonluq yeyintidən söhbət gedir. İddia olunur ki, mənimsəmə, əsasən, ərzaq, avadanlıq alınarkən qiymətlərin şişirdilməsi, tenderlərdə qalib elan edilən şirkətlərin hesabına köçürülmüş vəsaitlərin bir hissəsinin geri alınması və s. yollarla baş verib.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifədən sui-istifadə etmə), 313-cü (vəzifə saxtakarlığı) və başqa maddələri ilə ittiham verilib. Bu maddələrdə 14 ilədək həbs cəzası nəzərdə tutulub.

Məsuliyyətə cəlb edilən şəxslərin işləri sonradan ayrı-ayrılıqda məhkəməyə göndərilib. Onlardan bəzisi tək mühakimə olunsa da, bəziləri qrup şəklində məhkəmə önünə çıxarılır. Bu üzdən hərbi qurumlarda milyonlarla mənimsəmə ittihamı ilə hazırda bir neçə məhkəmə gedir.

XS
SM
MD
LG