Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:42

10-yaşlı Nərminin ölümü: 'Bunlar necə valideyndir ki, nə ata meyitə baxıb, nə ana...'


Nərmin Quliyevanın qətli: AzadlıqRadiosunun hadisə yerindən reportajı
Gözlə

No media source currently available

0:00 0:03:42 0:00

Nərmin Quliyevanın qətli: AzadlıqRadiosunun hadisə yerindən reportajı

Tovuz rayonunun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyevanın oğurlanıb qətlə yetirilməsiylə bağlı məhkəmə araşdırmalarının azı altı ay da davam edəcəyi gözlənilir. Hələ dindiriləcək 30-a yaxın şahid qalıb. Bundan başqa, azyaşlının qətlində suçlanan İlkin Süleymanovun vəkilləri məhkəmədə əlavə şahidlərin dindirilməsini istəyir ki, onların da siyahısını hələ məhkəmənin əvvəlində hakimlərə təqdim ediblər.

"Çıxanda gördüm, yoxdur, çıxıb gedib"

Nərmini ən son görən qohumu özü ilə həmyaşıd və sinif yoldaşı olan əmisi oğlu Ayxan Quliyev olub. Hadisə günü – 2019-cu il noyabrın 21-də məhz onlara gələrək atası üçün gödəkcəni aparıb: "Nərmin gəldi, hamamdan ona kurtkanı verdim, keçib içəri girdim ki, torba gətirim, içinə qoysun. Çıxanda gördüm, yoxdur, çıxıb gedib...".

12-yaşlı şahidə vəkillərin sualları çox olduğuna görə onun dindirilməsi bir məhkəmə iclasında yekunlaşmayıb və fevralın 9-da davam edəcək.

2020-ci il yanvarın 6-da azyaşlı Nərminə aid olduğu bildirilən meyit axşam saat 20:00 radələrində İlkin Süleymanovgilin evinin yanında yanan vəziyyətdə tapılıb. Bunu görən Süleymanov telefonla videolentə alıb.

Nərminin əmisi Lətif Quliyev deyir ki, əgər Süleymanovun azyaşlının ölümünə aidiyyəti yox idisə, hadisəni niyə çəkirdi? O iddia edir ki, bu məqamın özü də Süleymanovun bu işdə maraqlı olduğunu sübut edir.

"Adını da qoyub ki, istintaqa kömək eləyir"

Təqsirləndirilən Süleymanovun yaxınları isə, əksinə, Quliyevlər ailəsini meyitin yandırıldığı yeri qazıb izləri itirməkdə suçlayır.

"İlkin hüquqşünasdır, videoda da düşüb, ətrafdakılara deyir ki, istintaqçılara lazım olar. Ona görə çəkib. Bəs Şərifgil (Nərmin Quliyevanın atası-red.) neyləyib? Ortada faktlar var, həmin ərazini qazıb-töküb ki, izlər qalmasın. Adını da qoyub ki, istintaqa kömək eləyir, hadisə yerindən torpaq götürür. Bunlar necə valideyndir ki, xəbər gəlib, uşağın meyiti tapılıb, amma nə ata meyitə baxıb, nə də ana?", – Adil Süleymanov bildirib.

Məhkəmədə dindirmələr zamanı azyaşlının anası Aynurə İsmayılova bildirib ki, qızının meyitinin tapılması barədə məlumat alsa da, həmin gün hadisə yerinə getməyib. Sonradan da meyiti görməyib.

Atası Şərif Quliyev zərərçəkmiş qismində ifadəsində deyib ki, meyitin tapıldığı yerə getsə də, təxminən beş-altı metrlik məsafədə dayanıb, çünki hüquq-mühafizə orqanlarının əməkdaşları yaxınlaşmağa icazə verməyiblər.

Xatırlatma

48-yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək etiraf ifadəsinə imza atmağa məcbur olub. Baş Prokurorluq isə onun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.

Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG