Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:28

2 il yarım həbsdə saxlandıqdan sonra günahsız olduğu üzə çıxdı


Nurlan Ağazadə və anası Zümrüd Ağayeva
Nurlan Ağazadə və anası Zümrüd Ağayeva

Bakı Ağır Cinayətlər Məhkəməsi 2 il 6 ay həbsdə saxlandıqdan sonra bəraət alan Nurlan Ağazadə ilə bağlı AzadlıqRadiosunun xəbərinə reaksiya verib. Məhkəmənin sosial media hesabında yayılan məlumatda bildirilir ki, Ağazadənin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılanda təklif olunan başqa sübutlarla yanaşı, məhkəmə öz təşəbbüsü ilə mobil operatorlara sorğular verib, iş üçün əhəmiyyətli halları araşdırıb.

Məlumatda vurğulanıb ki, digər birinci instansiya (rayon-şəhər) məhkəmələrindən fərqli olaraq, Bakı Ağır Cinayətlər Məhkəməsində işlərə kollegial qaydada - üç hakim baxıb qərar verir: "Azərbaycanda üçpilləli məhkəmə sistemi var. Bu sistemə daxil olan apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və qərarlarını ləğv etmək səlahiyyətinə malikdir".

+++

Lənkəran rayonunun Havzava kənd sakini Nurlan Ağazadə 2 il 6 ay həbsdə saxlanandan sonra onun təqsirsiz olduğu üzə çıxıb. 2019-cu ilin noyabrından həbsdə olan 30-yaşlı Ağazadə aprelin 25-də Bakı Apellyasiya Məhkəməsində azadlığa buraxılıb. Halbuki, Bakı Ağır Cinayətlər Məhkəməsi onu təqsirli bilib 7 il 6 ay həbs cəzası kəsmişdi. Həmin hökmdən verilmiş apellyasiya şikayəti 1 ilə yaxın araşdırıldı və çıxarılmış hökm ləğv edildi.

"Gəlib dedi ki, əmim Səyyad maşınla adam vurub"

Bakıdakı tikintilərdən birində fəhlə işləyən Ağazadə ölümlə nəticələnən yol qəzası törətməkdə ittiham olunurdu. İddia edilirdi ki, o, hadisəni törədəndən sonra qaçıb, 1987-ci il təvəllüdlü Elyanə Məmişovaya yardım etmək üçün heç bir addım atmayıb.

Hadisə baş verəndə Nurlanın 28 yaşı vardı. O, hələ birinci instansiya məhkəməsində ifadəsində deyirdi ki, bu hadisə ilə heç bir əlaqəsi olmayıb. Onun sözlərinə görə, nə sürücülük vəsiqəsi var, nə də avtomobil idarə edə bilir. Hadisə baş verəndə də iş yerində olub. Bunu istər telefon zəngləri ilə bağlı məlumatlar, istərsə də şahid ifadələri təsdiqləyir.

İş icraçısı Qoşqar Sultanov da təsdiqləyib ki, hadisə vaxtı Nurlan onun yanında olub: "Həyəcanlı vəziyyətdə gəlib dedi ki, əmim Səyyad maşınla adam vurub. Əynini dəyişdi...".

Nurlan özü də əmisinin törətdiyi qəzanın onun üzərinə atıldığını iddia edirdi.

"Özünə bir köynək almırdı"

Anası Zümrüd Ağayeva da oğlunun təqsirsiz olduğunu bildirirdi. Onun sözlərinə görə, oğlu o qədər dürüst adamdır ki, əgər cinayət törətmiş olsaydı, açıq şəkildə bunu etiraf edər, gedib cəzasını çəkərdi, heç bir halda, əmisinə böhtan atmazdı. Həddindən artıq kasıb olduqlarını, maddi ehtiyac üzündən oğlunun gəlib paytaxtda fəhləlik etdiyini vurğulayan Ağayeva deyir ki, övladı heç bir günahı olmadan 2 il 6 ay dəmir barmaqlıqlar arxasında qaldı: "Kənddə iş yoxdur, yoldaşım yaşlı adamdır, özüm də şəkər xəstəsiyəm. Nurlan Bakıya gəldi ki, fəhləlik eləyib ailəyə kömək eləsin. Kredit borcumuz da vardı. İnanın, özünə bir köynək almırdı. Mənim uşağımın heç vaxt maşını olmayıb. Hər şey ortada idi ki, bu adamın günahı yoxdur...".

Ağazadənin vəkili məhkəmədə vəsatət qaldırıb ki, hadisə yerindəki kamera görüntüləri çıxarılsın, araşdırılsın. Lakin vəsatət təmin olunmayıb. Vəkilin başqa bir istəyi telefon zənglərinin araşdırılması olub. Bu məsələyə də bu işi araşdıran hakimlər "yox" deyib.

Nurlanın əmisi Səyyad Ağayev isə iddia edir ki, qəzanı onun törətməsi haqda qardaşı oğlunun dedikləri yalandır. Onun sözlərinə görə, hadisə günü iş yerində olub, qardaşı oğlu onun maşınını götürüb dükana gedib. Təxminən yarım saat sonra tanışı Xəyalə zəng eləyib xəbər verib ki, Nurlan maşınla vurduğu adamı onun evinə gətirib. Bundan sonra işini yarımçıq qoyub və Xəyalə Musayevanın evinə gedib. Orada vurulan adamı və Nurlanı görüb.

"Gənc bir adamı heç bir günahı olmadan..."

Nurlan Ağazadənin vəkili Yeganə Məmmədova AzadlıqRadiosuna bildirib ki, müvəkkilinin 2 il 6 ay günahsız həbsdə saxlanmasıyla əlaqədar kompensasiya almaq üçün məhkəməyə müraciət edəcəklər: "Gözləyəcəyik ki, prokurorluq apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə protest verəcək, yoxsa yox. Bu məsələ ilə bağlı yekun qərar qəbul ediləndən sonra təzminat üçün müraciət edəcəyik. Çünki gənc bir adamı heç bir günahı olmadan 2 il 6 ay həbsdə saxlamaq çox böyük qanunsuzluqdur. Bu işdə təqsiri olanlar da cəzalanmalıdır".

Ağazadə haqqında 7 il 6 aylıq azadlıqdan məhrumetmə hökmünü Bakı Ağır Cinayətlər Məhkəməsinin sədr müavini Əfqan Hacıyev çıxarıb. Onun adı bir sıra qalmaqallı işlərdə hallanıb. Eyni zamanda, son illərdə həbs olunan yüksəkvəzifəli məmurların işləri də Hacıyevə həvalə olunur. Keçmiş Baş prokuror Eldar Həsənov, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev, "Azərxalça"nın keçmiş rəhbəri Vidadi Muradov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq Aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol) və digərlərinin adlarını çəkmək olar. Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə suçlanan Yunis Səfərovun işinə də bu hakim baxmışdı.

Ölkədə yerli məhkəmələrin çıxardığı bəraət hökmlərinin sayı 1 faizi keçmir. 2020-ci ildə Azərbaycanda birinci instansiya məhkəmələrində 8 min 526 iş üzrə ittiham hökmü çıxarılıb, nəticədə 9 min 946 nəfər məhkum edilib. Buna qarşı cəmi 91 işdə bəraət hökmü verilib.

XS
SM
MD
LG