Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 17:53

Azərbaycanda hökumətin gizli izlədiyi jurnalistlər və fəalların siyahısı - Yeni araşdırma


OCCRP-nin Azərbaycanla bağlı yeni jurnalist araşdırmasından
OCCRP-nin Azərbaycanla bağlı yeni jurnalist araşdırmasından

Yeni əldə olunan dəlillərə görə, Azərbaycan, jurnalistlərinə qarşı İsrailin kiber-izləmə qurğularını istehsal edən NSO Group şirkətinin casus proqramından istifadə edib. Sızdırlan şübhəli hədəflər siyahısında 200-dən çox şəxsin adı hallanır.

Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) Azərbaycanda jurnalistlərin və başqa ictimai fəalların telefonlarının izlənilməsi barədə geniş reportaj dərc edib.

Bu reportajda habelə telefonları izlənilən jurnalistlərin siyahısı da dərc olunub.

Siyahıda Elçin Şıxlının, Əvəz Zeynallının, Eynulla Fətullayevin, Mir Şahinin, Aydın Caniyevin və başqalarının adları var.

Tam siyahı ilə burda tanış ola bilərsiniz.

***

Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) Azərbaycanda jurnalistlərin və başqa ictimai fəalların telefonlarının izlənməsinə dair yeni dəlillər əldə edib. Qurumun iyulun 18-də yayılan yeni araşdırmasını təqdim edirik.

Bu ilin may ayında OCCRP-nin üç baş redaktoru illərdir, görmədiyi bir qadınla görüşmək üçün Ankaraya yollanıb.

Xədicə İsmayılova Azərbaycanın ən tanınmış araşdırmaçı jurnalisti olmaqla yanaşı, həm də onların uzun illər həmkarı və yaxın dostudur: demək olar ki, onlar bir ailədirlər. O, gördüyü işlərə görə, 18 ay ərzində həbsə məhkum edilib və 5 ildən çox ölkədən çıxışına qadağa qoyulub. İndi isə nəhayət ki, o, azaddır.

Görüş şənliyi gecəyarısına qədər davam etdi. Bu, həqiqi bir ziyafət axşamı idi, masa müxtəlif salatlarla, qızardılmış balıq və türk qəlyanaltıları ilə dolu idi. Xədicə ənənəvi yarpaq dolması da hazırlamışdı - yarpağı isə xüsusi olaraq Azərbaycandan gətirmişdi.

Həmin axşam o, həbsxana xatirlərini də bizimlə bölüşdü: orada dişini çəkdirəndən sonra həbsxana işçilərindən ağrıkəsici qəbul etməməyindən, yemək və məsləhətlərini məhbəs həyatını birgə yaşadığı digər qadınlarla (peşəkar cinayətkar qadınlar da daxil olmaqla) bölüşməyindən və beləliklə, onların etibarını və sevgisini qazandığından da bəhs etdi:

“Onların “psixoloqu” idim”. Xədicənin danışdıqları arasında yeni baş verən və daha kədərli hekayələr də vardı - onun 20 yaşlı bacısıoğlu ötən il Ermənistan və Azərbaycan arasında baş verən müharibədə həlak olmuşdu.

Ancaq gülüş və göz yaşlarından əlavə, ortamda bir gərginlik də vardı. OCCRP redaktorları aylardır ki, Xədicədən bir məlumatı saxlayırdılar. Artıq həmin məlumatın onunla paylaşmaq zamanı olduğunu və Türkiyəyə gəlmələrinin əsas səbəbini ona deməli idilər.

İki ildən çoxdur ki, Xədicə İsmayılovanın iPhone mobil telefonu Pegasus proqramı tərəfindən hədəfə alınıb və ələ keçirilib. Bu proqram, yüksək dərəcədə dəqiqliklə hazırlanmış və qorxunc imkanları sayəsində istifadəçini izləyə, ondan gizli olaraq müxtəlif əməliyyatlar aparmağa qadirdir. Pegasus, telefon zənglərini yaza və mətn mesajlarını oxuya bilir, telefonda olan bütün foto və şifrələri götürmək, GPS-i izləmək və gizli şəkildə audio, video yazmaq qabiliyyətindədir. Telefon, sahibinə kiçik bir qüsuru göstərəcək signal belə vermədən Pegasus, bütün məlumatları onun gizli operatorlarına asanlıqla yönəldə bilir.

Proqram, İsrailin özəl kiber-nəzarət şirkəti olan NSO Group tərəfindən yaradılıb və göründüyü kimi dünyada avtokratik rejimlərdən biri kimi tanınan Azərbaycana tədarük edilib.

OCCRP jurnalisti Miranda Patrucic (sağda) Xədicə İsmayılovaya sızdırılan hədəf siyahısını göstərir. Xədicənin adı da həmin siyahıdadır.
OCCRP jurnalisti Miranda Patrucic (sağda) Xədicə İsmayılovaya sızdırılan hədəf siyahısını göstərir. Xədicənin adı da həmin siyahıdadır.

Xədicə İsmayılova hədəfə alınan tək şəxs deyil. Dünyanın dörd bir tərəfindən olan yüzlərlə jurnalist və fəallar da Pegasus-un hədəf siyahısında ola bilərlər. Onların adları 50.000-dən çox telefon nömrəsinin yer aldığı sızdırılımış siyahıdan müəyyən edilib ki, bu da NSO Group-un müştəriləri tərəfindən hədəfə alınan nömrələrdir. Bu siyahı Forbidden Stories (Qadağan Edilmiş Hekayələr) və Amnesty International tərəfindən əldə edilərək OCCRP və digər 15 media orqanları arasında paylaşılıb.

Layihə haqqında Pegasus qlobal araşdırma layihəsi 10 müxtəlif ölkədə 17 media orqanlarında çalışan 80-dən çox jurnalist tərəfindən dərc edilib. Layihə, Forbidden Stories tərəfindən və Amnesty International təşkilatına aid Təhlükəsizlik Laboratoriyasının texiniki dəstəyi ilə həyata keçirilib. 

Lakin X.İsmayılovanı xəbəri eşitdiyi məqamdan narahat edən yeganə şey onun kimisə ələ verib-verməməsi idi. O, bütün gecə bu haqda düşünür, kimə nə göndərdiklərini bir-bir xatırlamağa çalışırdı:

“Bu, fəlakətdir”, Xədicə növbəti gün bildirdi: “Hər bir şəxsi hədəfə çevirmiş olursan”.

Mindən çox nömrənin toplandığı siyahını nəzərdən keçirərkən o, nömrələri ardarda tanıyırdı: Bacısının qızı. Dostu. Taksi sürücüsü.

“Taksi sürücüm”, deyə yenə ağlamağa başladı: “Bacım qızı da buradadır”.

Hakimiyyətin gizli aləti, nəinki hədəfdə olan şəxsin özünü, onun ətrafında olan dostlarını, yaxınlarını və həmkarlarını da hədəfə almış olur - məhz bu detal, Pegasus layihəsinin əsas tapıntısıdır.

Lakin bu məsələdə başqa şeylər də yer alır. NSO Group çox gizli bir şirkət olduğundan bugünədək Azərbaycan hakimiyyətinin onun müştərisi olub-olmaması təsdiq edilməmişdi. Lakin mindən çox sızdırılan Azərbaycan mobil nömrələrinin dəqiq siyahısı bu proqramın hansı məqsədlə istifadə edildiyini açıq göstərir.

Jurnalistlər qeyd edilən mobil nömrələrin istifadəçilərini müəyyənləşdirmək üçün aylar sərf ediblər və nəticədə siyahının dörddəbirini dəqiqləşdirməyə nail olublar.

NSO Group özünü terror və cinayəti vaxtında müəyyən edib qarşısını almaqda dövlətlərə yardım edən bir şirkət kimi qələmə versə də, Azərbaycan bu alətdən sistematik şəkildə sui-istifadə edib. Jurnalistlər müəyyən ediblər ki, siyahıdakı nömrələrdən bəziləri jurnalist, fəal, vəkil və ölkənin müxalif düşərgələrində mübarizə aparan şəxslərə aiddir.

  • Azərbaycan hökumətinin NSO Group-un müştərisi olduğuna və ya sözügedən siyahıda adı çəkilənlərin hədəfə alınmaq üçün seçildiklərinə dair qəti bir dəlil yoxdur. Ancaq aşkar edilən dəlillərin çəkisi bunun belə olduğunu göstərir. Dəlillər onu təsdiq edir ki, siyahıda olan mobil nömərlərdən ikisi Pegasus proqramına yoluxdurulub. Siyahıda yer alan digər nömrələr bir çox müxalifətçi, müstəqil jurnalist və rejimə qarşı çıxanlara aiddir. Bundan əlavə, elə hallar da olub ki, siyahıda olan nömrə istifadəçiləri onlara aid şəxsi məlumatları ələ keçirib ictimaiyyətə sızdırılması hallarına da məruz qalıblar.
  • NSO Group Azərbaycan haqqında verilən spesifik suallara cavab verməyib. Lakin şirkət iddia edir ki, layihədə jurnalistlərin istifadə etdiyi məlumatlar təhrif olunub. Şirkət, müştərilərinə proqramdan sui-istifadə etmələrinə icazə vermədyini bildirərək, bir daha vurğulayıb ki, bu proqram, yalnız cinayətkar və terroristləri izləmək üçün hazırlanıb
  • NSO Group, ümumilikdə bu məlumatı qəti şəkildə rədd edib. Qurum, "Forbidden Stories" media təşkilatının bu hesabatını "etibarsız" bir mənbə tərəfindən təqdim edilən, "heç bir əsası olmayan" məlumatlara əsaslanmış "təsdiqlənməmiş nəzəriyyələr" kimi qiymətləndirib.

    “NSO Group-un, "minlərlə telefon nömrəsinin olduğu bu siyahının Pegasus-dan istifadə edən hökumətlərin hədəf aldığı nömrələr siyahısı olmadığına inanmaq üçün əsaslı səbəbləri var. Əksinə, bu NSO Group müştəriləri tərəfindən başqa məqsədlər üçün istifadə edilə biləcək daha böyük nömrələr siyahısının bir hissəsi ola bilər. Beləliklə Forbidden Stories-in bu iddiaları yalnışdır ", deyə məlumatda bildirilir.

Atəş altında olan rejim opponentləri

Müəyyən edilən 245 Azərbaycan mobil nömrəsindən 50-dən çoxu müxbir, redaktorlar və ya media orqan sahiblərinə məxsusdur.

Bu məsələ, Prezident İlham Əliyev hakimiyyətinin uzun illərdir, mətbuat azadlığına qarşı etdiyi təzyiqləri qınayan insan haqları nəzarətçiləri və beynəlxalq təşkilatlar üçün kiçik bir sürpriz ola bilər.

Lakin casusluğun aparıldığı səviyyə hamını heyrətə gətirir.

Özlüyündə bütöv bir media orqanı kimi təqdim edilə biləcək X.İsmayılovadan əlavə, Azərbaycanın ən tanınmış müstəqil xəbər mənbələrindən biri də Meydan TV-dir. Bu xəbər portalı, xəbərləri izləyicilərinə əsasən YouTube və Facebook üzərindən çatdırır. MeydanTV-nin 750.000-dən çox izləyicisi var.

2013-cü ildə baş verən böyük siyasi təzyiqlərin ardından MeydanTV-nin təsisçiləri, təşkilatın baş ofisini Berlində yaratmaq qərarına gəlirlər. Baxmayaraq ki, kanalla əməkdaşlıq edən müxbirlər əsasən Azərbaycanda gizli şəkildə fəaliyyət göstərirlər.

MeydanTV-nin tanınmış müxbirlərindən biri və X.İsmayılovanın yaxın rəfiqəsi Sevinc Vaqifqızı-nın da mobil nömrəsi sızdırılmış siyahıda yer alır. O, Berlində iş təcrübəsi keçdiyinə görə, OCCRP onunla görüşüb və onun mobil telefonunu xüsusi yoxlanışdan keçirib.

Sevinc Vaqifqızı, 27 may 2019
Sevinc Vaqifqızı, 27 may 2019

Xədicə İsmayılovada olduğu kimi, onun da telefonunda Pegasus-un izlərini görmək olar. Faktiki olaraq, əldə edilən nəticələr göstərir ki, onun telefonu məlumat bazasında olan vaxtın müddətini keçərək, bu ilin may ayına qədər virusa yoluxmuş olub.

Vaqifqızı, uzun müddətdir, izlənildiyindən xəbərdardır. O, dəfələrlə polis tərəfindən saxlanılıb, ölkəni tərk etmək qadağası altında olub və peşəsinə görə müxtəlif təzyiqlərə məruz qalıb.

“Elə düşünürdüm ki, Dövlət Təhlükəsizlik Xidməti bizə gələn telefon zənglərini izləməklə hər hansı bir məlumatı almaq istəyir. Lakin heç vaxt təsəvvür etməzdim ki, onlar mənim internetdə atdığım hər addımı izləyib, mənim şəxsi fotolarımı, telefon kitabçamı ələ keçirə bilərlər”.

İmsayılova kimi, S.Vaqifqızının keçirdiyi əsas narahatlıq digərlərini, əsas da MeydanTV həmkarlarını təhlükəyə atması ilə bağlıdır. Media orqanına qarşı Azərbaycanda cinayət işi qaldırıldığına görə, həmkarlarının adlarının açıqlanması ağır nəticələnə bilər.

Araşdırmalarımız onu göstərir ki, Bakıda çalışan redaktor Aynur Elgünəş də daxil olmaqla S.Vaqifqızının hazırki dörd həmkarının adları da Pegasusun hədəf siyahısında yer alır. Lakin onların da telefonunun yoluxduğunu sübut edəcək analizlər aparılmayıb.

Hədəfdəki Jurnalistlər
Azərbaycanın əsas xəbər orqanlarında çalışan bir çox müxbir və redaktorların nömrələri də sözügedən siyahıda yer alır.​

Azadlıq Radiosu
Azadlıq radiosu, ABŞ tərəfindən maliyyələşdirilən, Şərqi Avropa və keçmiş Sovet ölkə xəbərlərini əhatə edən xəbər agentliyi olmaqla yanaşı, Azərbaycan üçün də uzun zamandır, önəmli xəbər mənbəyi olaraq qalır. Radionun hazırki və keçmiş beş işçisinin nömrələri də sızdırlan siyahıda yer alır.

AzadlıqRadiosu
AzadlıqRadiosu

Agentliyin Azərbaycan dili xidməti 2008-ci ildən hakimiyyətin təzyiqi altındadır.

X.İsmayılova Azadlıq radiosunun Bakı müxbirlərindən biri olub:

“2008-ci il prezident seçkilərində baş verən saxtakarlıqları ortaya çıxarmışdıq. Dövlət bundan məmnun deyildi, ona görə bizə təhdidlər edilirdi”.

Həmin il ölkədə Azadlıq radiosu və digər xarici yayımçıların radio dalğaları qadağan edildi. 2014-cü ildə isə polis radionun Baki bürosuna basqın etdi və nəticədə büro qapadıldı. Hazırda media orqan internet səhifəsi üzərindən fəaliyyətinə davam edir, lakin sayt 2017-ci ildən etibarən ölkə ərazisində bloklanıb.

Azadliq.info
Azadlıq qəzetinin davamçısı və ölkənin ilk müstəqil qəzeti olan Azadliq.info xəbər saytının keçmiş və hazırda xəbər portalına işləyən 9 müxbirin də adı Pegasus-un siyahısında hallanır. Bir müxbirin isə ümumilikdə ona aid olan üç müxtəlif mobil nömrəsi qeyd edilib. Qəzetin işçiləri ilə yanaşı, onların ailə üzvləri də mütəmadi şəkildə hakimiyyət tərəfindən edilən təzyiqlərə mərzu qalıblar.

Hədəfdəki Baş Redaktorlar
Azərbaycan media orqanlarında tanınmış redaktorların da nömrələri siyahıda hallanır:

  • Bahəddin Həziyev, “Bizim Yol” qəzeti
  • Elxan Şükürlü, Strateq.az saytının baş redaktoru
  • Əvəz Zeynallı, Xural-ın baş redaktoru
  • Anar Orucov, Kanal 13-ün təsisçisi
  • Əziz Orucov, Kanal 13-ün direktoru
  • Rauf Arifoğlu, Yeni Müsavat qəzetinin baş redaktoru

Jurnalsitlərdən başqa, OCCRP həmin siyahıda 40 fəal və onların ailə üzvlərinin də mobil nömrələrini müəyyən edib. Siyahıda onlar haqqında olan məlumat siyasi məhbusların azadlığa buraxılması çağırışları ilə yaranan küçə etirazlarının başladığı dönəmə, 2019-cu ilə təsadüf edir.

Etiraz aksiyalarının uğurları sayəsində bir çox siyasi məhbus prezidentin əfv sərəncamı ilə azadlığa çıxsa da, rejim, düşmənlərini nəzarət altında saxlamaqda qərarlı olub.

Hökumətin Fəallar Üzərindəki Nəzarəti

Azərbaycanda mövcud rejimə qarşı mübarizə aparan tanınmış müxaliflərin bəzilərinin adları Pegasus-un hədəf siyahısında hallanır.​

Mehman Hüseynov

Mehman Hüseynov, məşhur anti-korrpusiya blogeridir. O, 2017-ci ildə xüsusi zorakılıqla saxlanılıb işgəncələrə məruz qalaraq, daha sonra qondarma ittihamlarla həbs edilib.

Növbəti il isə M.Hüseynovun azadlığa çıxmasına iki ay qalmış, ona qarşı yeni saxta ittihamlar irəli sürülüb. İddiaya görə, o, həbsxana gözətçisinə fiziki şiddət göstərib.

Bloger, ittihamları rədd edərək, aclıq aksiyasına başlamaqla bu ittihamlara etiraz edib. Digər siyasi məhbuslar da həmrəylik göstərərək, aclıq aksiyasına qoşulmaqla bu təşəbbüs, ölkə ictimaiyyətinin diqqətinə səbəb olur. 2019-cu ilin əvvəllərində blogerin azadlığını tələb edən küçə etiraz aksiyaları başlayır. Tezliklə M.Hüseynova qarşı sürülən yeni ittihamlar geri götürülür və o, ilkin ittihamlara görə, verilən həbs müddətini tam şəkildə çəkdikdən sonra mart ayında azadlığa buraxılır.
Blogerin azadlığa çıxmasından bir neçə həftə sonra onun telefonu da Pegasus-un hədəf siyahısına daxil edilib.

Qrafiti Məhbusları

Hüseynov azadlığına qovuşduqdan sonra “qrafiti məhbusları” kimi tanınan iki gənc da azadlığa buraxılıb. Bayram Məmmədov və Qiyas İbrahimov prezident Əliyevin atasının heykəlinə anti-rejim qrafitisi çəkən fəallardır. Nəticədə onlar narkotik maddələrini saxlamaqda ittiham olunaraq həbs edilirlər. Beynəlxalq hüquq təşkilatları bu həbsin siyasi motivli olduğunu bildirirlər.

Bayram, atası, Qiyas və onun anası da Pegasus-un hədəf siyahısında daxil ediliblər.

Avropa İnsan Haqları Məhkəməsi, Azərbaycan hökumətinə gənclərin hüquqlarını pozduqları üçün onlara təzminat ödəməsi haqqında qərar versə də, bu hekayə xoş sonluqla bitmədi. 26 yaşlı Bayram Məmmədov ingilis dilini öyrənməyə getdiyi Türkiyədə dənizdə boğularaq həyatını itirib.​

Rəqəmsal Avtoritarizm

Rəqəmsal nəzarət üçün Azərbaycan hakimiyyətinin əlində başqa alətlər də var.

“Onlar hər şeyə nəzarət etmək istəyirlər”, deyə mühacirətdə yaşayan jurnalist Arzu Qeybullayeva qeyd edir. O, həmçinin ölkədəki internet senzurasını və nəzarəti izləyən Azerbaijan Internet Watch onlayn platformasının təsisçisidir.

A.Qeybullayeva qeyd edir ki, 2008-ci il repressiyalarından sonra o, hakimiyyətin ildən-ilə daha mükəmməl çeşidli nəzarət texnologiya alətlərindən istifadəsini müşahidə edib və sui-istifadə hallarını da sənədləşdirib:

“Əvvəllər pulları çox olduğundan bu kimi texnologiyalara külli miqdarda vəsait sərf ediblər. Nəzarət texnologiyası heç də ucuz başa gələn şey deyil”.

Azərbaycan hakimiyyəti mobil operator şirkəti Azercell-ə (red. İllər əvvəl Azercell-in böyük hissəsi İsveçin TeliaSonera şirkətinə məxsus olub) “qara qutu”-ları quraşdırmışdı.

Qara qutular sayəsində hökumət, internet trafiki və telefon zənglərini real zamanda izləyə bilirdi. Eyni zamanda bu qurğu, 2009-cu il Avroviziya musiqi müsabiqəsində Azərbaycanın regional rəqibi olan Ermənistana verilən səslərin arxasında dayanan yüzlərlə istifadəçiləri müəyyən etməyə də imkan yaradıb. “Sənin heç bir milli qürurun yoxdur. Sən necə Ermənistana səs verə bilərsən?”, deyə bu səbəbə görə, saxlanılan şəxslərdən biri xatırlayır.​

Hakimiyyətin apardığı repressiv siyasətinə görə, dünyada geniş şəkildə tanınmasına baxmayaraq, Azərbaycan, dünyanın ən qabaqcıl kəşfiyyat və təhlükəsizlik şirkətləri şəbəkəsindən, o cümlədən Amerikanın Verint Systems, Kanadanın Sandvine və İsrailin Allot Communications şirkətlərindən ən son nəzarət tipli texnologiyaları əldə edə bilib.

Geniş Çeşidli İmkanlar

Azərbaycan hökuməti tərəfindən əldə edilən müdaxilə-nəzarət məhsullarının siyahısı kifayət qədər uzundur.

2014-cü ildə Citizen Lab tərəfindən aparılan araşdırmada Azərbaycanın İtaliyan kiber-kəşfiyyat şirkəti Hacking Team-dən “Da Vinci” proqramını aldığı göstərilir. Bu proqram, NSO Group-un proqramına bənzəsə də, burada mobil telefon əvəzinə kompüterləri izləmək mümkündür. Proqram həmçinin, rejimə ani mesajlaşma və audio danışıqları qeyd etmək, şifrələri kopyalamaq və hətta veb kameranı da aktivləşdirməyə imkan yaradıb.

Azərbaycan hakimiyyəti İsrail-Amerika şirkəti olan Verint Systems-dən Deep Packet Inspection (DPI) adlı proqramından da istifadə edib. Bu texnologiya, bir yoxlama nöqtəsi vasitəsilə internet trafikinin rəqəmsal dinlənilməsinə imkan verir və rabitənin real vaxt rejimində izlənilməsini təmin edir. Haaretz-in verdiyi məlumata görə, Verint-in keçmiş işçilərindən biri, azərbaycanlı müştərisinin ondan “Facebook üzərindən cinsi oriyentasiyanı yoxlamaq üçün” sistemdən necə istifadə edə biləcəyi ilə maraqlanıb.

Azərbaycan hökuməti, Kanada şirkəti Sandvine və başqa bir İsrail şirkəti Allot Communications da daxil olmaqla bir neçə digər DPİ məhsullar da əldə edib. Sonuncu 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları başlamazdan az öncə alınıb.

Amnesty International-ın 2017-ci il araşdırmasının nəticələrinə görə isə Azərbaycan özü də virus proqramı yaradıb. Araşdırmaya görə, “AutoItSyp” adlı virus proqramı Azərbaycan dilli şəxslər tərəfindən hazırlanaraq ölkənin daxilində istifadə edilir.

“Azərbaycan hakimiyyəti özünün sadəcə klassik bir avtoritar hakimiyyət olmadığını sübut edib. Əslində bu bir rəqəmsal avtoritar hakimiyyətdir. Onlar hər bir şəxsin üzərində bir nişan saxlayıb, əldə etdikləri bütün informasiyaları istifadə etmək istəyirlər”, A.Qeybullayeva deyir.

Ayıb və utanc - sınanmış təzyiq aləti

Azərbaycanda rejimə qarşı dayanan qadınlar, xüsusilə ağır risklərlə üzləşirlər. Son illər ərzində hökumət agentlərinin tez-tez istifadə etdiyi taktika, qadın dissidentlərin intim həyatını ictimaiyyətə yaymaqla onları utandırmaq və mübarizədən çəkindirməkdir.

Son qurbanlardan biri gənc fəal və jurnalist Fatimə Mövlamlı-dır. Gənc yaşına baxmayaraq o, rejimə qarşı cürətli və yaradıcı çıxışları ilə sosial mediada geniş auditoriya toplaya bilib.

Fatimə Mövlamlı
Fatimə Mövlamlı

“Mənim etirazıma baxıb kiminsə ‘Aha, bu, mümkündür. Mən də eynisini etməliyəm’ deməsini istəyirdim”, Mövlamlı deyir.

2019-cu ilin aprel ayında 18 yaşında olan Mövlamlının intim video və fotoları yayıldı:

“Qadın olduğumu hələ tam anlamadığım bir yaşda, qadın bədəninə sahib olduğuma və insanların məni çılpaq gördüyünə görə, məni utandırdılar”.

O, hətta intihar haqqında da düşünüb:

“Bu ölkədə qadınlar kişilərin diqtə etdiyi müəyyən məhdudiyyətlər içində yaşamağa məhkumdurlar. Əgər qadının bədənini görüblərsə, onu linç etməyə hazırdırlar”.

Mövlamlı düşünürdü ki, fotolar onun 2018-ci ildə mülki geyimlilər tərəfindən oğurlanıb 5 gün ətrafla əlaqəsiz saxlanıldığı müddət ərzində ələ keçirilib. O, döyülərək telefonun şifrəsini təslim etməyə məcbur edilib.

Mövlamlının bilmədiyi isə fotolar yayılmazdan bir ay öncə onun Pegasus tərəfindən hədəfə alınmasıdır.

Daha bir qalmaqallı işdə isə hakimiyyət, bu taktikası ilə yeni qurulan ailənin dağılmasına səbəb olub.

İlkin Rüstəmzadə gənc fəal və Azad Gənclik demokratik hərəkatının aparıcı üzvüdür. Hakimiyyətin tənqidçisi olan İ.Rüstəmzadə və yoldaşları sosial medianı dinc etiraz aksiyalarını təşkil etmək məqsədilə istifə edirdilər.

2013-cü ildə o, “kütləvi iğtişaşların təşkili” ittihamı ilə 8 il azadlıqdan məhrum edilib.

2019-cu ildə isə amnistiyaya düşüb azadlığa çıxsa da onun üzləşdiyi problemlər bununla bitməyib. 2020-ci ilin mart ayında Rüstəmzadə, anonim Facebook istifadəçisi tərəfindən yeni ailə qurduğu həyat yoldaşı Əminənin fotolarını yayacağı ilə hədələnib. Yeganə çıxış yolu kimi İlkinin, dövlətdən COVİD-19 pandemiyasından əziyyət çəkən vətəndaşlara sosial yardımı vermə tələbi ilə başladığı petisiyanı dayandrıması tələb edilib.

Rüstəmzadə bunu etməkdən inkar etdikdən sonra Əminənin adı, fotoları və telefon nömrəsi sosial mediada və eskort veb-səhifədə yerləşdirilib.

Bu hadisədən sonra hakimiyyət yönümlü mətbuat da “İlkin Rüstamzadə tarixçəsi olan qızla evlənib”, “Rüstəmzadənin həyat yoldaşı bakirə olmayıb” kimi başlıqlı materialları internetdə tirajlamağa başlayıb.

Gənc qadın həmin yay yuxu dərmanı ataraq sui-qəsdə cəhd edib. Rüstəmzadə qeyd etdiyi “Daxili İşlər Nazirliyi nümayəndəsi” eyni anonim profildən yenidən cütlüyü hədələyərək “İlkin susmazsa, daha öncə ediləni bir daha təkrarlayacağıq”, deyə bildirib.

Və təbii ki, qadının digər fotoları da video kollaj formasında YouTube və Instagram sosial şəbəkələrində paylaşılıb. Qadının çimərlik paltarında foto çəkdirməsi, keçmiş sevgilisini öpməsi qərb standartlarına görə heç bir önəm daşımır. Lakin mühafizəkar Azərbaycanda ictimai qınaq o qədər güclü olub ki, sonda cütlük boşanmalı olub.

“Bu, bizim bir-birimizlə olan münasibəti zəhərlədi”, deyə İlkin Rüstəmzadə Facebook hesabında yazıb:

“Mütəmadi terrora dözmək mümkünsüz oldu və biz də ayrılmağa qərar verdik”.

“Ailənin reputasiyasını məhv etdiyimə görə qınanırdım. İndiki keçmiş həyat yoldaşımın ailəsi buna çox neqativ reaksiya verdi. Mənim ailəm də çox kədərlənmişdi”, Əminə Məmmədova OCCRP-yə bildirib.

Əminənin fotolarının NSO Group və ya şirkətin Pegasus proqramı ilə ələ keçirilməsi haqqında sızdırılmış məlumatlarda heç nə qeyd edilməyib. Lakin onun boşanma ərəfəsində digərləri ilə danışdığı söhbətlərin onlayn yayılması və telefonundakı məlumatların ələ keçirilməsi Əminədə şübhə yaradır:

“O qədər çox adamlarla danışmışam ki, kimin bu məlumatları sızdırmasını deyə bilmərəm. Bu, mənim telefonumdan yazıla bilər? Və ya kimləsə şəxsən danışdığım zaman həmin söhbət yazıla bilər? Bəlkə də telefonum ələ keçirilib”.

Əminə Məmmədova-nın telefon nömrəsi sızdırılmış siyahıda yer almır. Ola bilər ki, bu siyahı 2020-ci ili əhatə etmir. Lakin o da qeyd edilməlidir ki, İlkin və onun atasının nömrəsi siyahıda yer alır.

Foto: OCCRP. Xədicə İsmayıl, Ankara, may 2021.
Foto: OCCRP. Xədicə İsmayıl, Ankara, may 2021.

Şəxsi həyatının alçaldıcı şəkildə ictimaiyyətə yayılmasını yaşayan Xədicə İsmayılova üçün hər belə bir hadisə rəqəmsal rabitə vasitələrinin "hökumət gözündən qorunması" nın nə qədər vacib olduğunu ona yenidən xatırladır:

“Hər dəfə kimsə belə bir hücuma məruz qalanda bu haqda düşünürük. Hökuməti günahlandırmaqla yanaşı... bütün əlaqəmizi, ünsiyyəti gizli saxlamağı və bəlkə də xüsusi proqramlardan istifadə etmək haqqında düşünürük. Bu və ya digər vasitələri də bir-birimizə tövsiyə edirik .Dünən anladım ki, bu, qeyri-mümkündür. Özünüzü dəmir bir otağa qapadmayınca onların müdaxilə edə bilməyəcəyi bir şey yoxdur ”.

Azad Avropa/Azadlıq radiostansiyasının prezidenti Jamie Fly dövlətlərin jurnalistlərin şəxsi həyatına müdaxiləsini pisləyən bəyant yayıb.

“XXI əsrdə dünyada bu qədər hökumətlərin azad ifadə azadlığını əngəlləmək və jurnalistlərin vətəndaşlara obyektiv informasiya verməsinə mane olmaq cəhdi hiddət doğurur. Azadlıq Radiosu fəaliyyətdə olan jurnalistlərin şəxsi həyatına bu qorxaq müdaxiləni qətiyyətlə pisləyir.
Biz Azərbaycan hökumətinin AzadlıqRadiosunun Azərbaycan xidmətinə qarşı zorakı davrandığını çoxdan vurğulayırıq.
Biz Azərbaycan hökumətini saytımızın bloklanmasına, əməkdaşlarımızın izəlnməsinə son qoymağa və keçmiş büro rəhbəri Xədicə İsmayılovaya qarşı təqibləri dayandırmağa çağırırıq”, deyə məlumatda bildirilir.

XS
SM
MD
LG