Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:52

OMON-çular: 'Güllələnmə bundan daha yaxşı idi'


Keçmiş OMON-çular: Səfa Poladov və Arif Kazımov
Keçmiş OMON-çular: Səfa Poladov və Arif Kazımov

"Biz ömürlük cəzaya məhkum olunmuşuq. Amma bu cəza təkcə mənə yox, həm də ailəmə, qohumlarıma verilib. Bizə ömürlükdən əvvəl verilmiş güllələnmə cəzası bundan daha yaxşı idi".

Xüsusi Təyinatlı Polis Dəstəsinin (“OMON”) Qazax bölməsinin keçmiş komandiri Elçin Əmiraslanov belə deyir. İyirmi ildir ki, Qobustandakı qapalı həbsxanada saxlanılan E. Əmiraslanov uzun illərdən sonra yenidən məhkəmə önünə çıxarılıb. Noyabrın 8-də Bakı Apelyasiya Məhkəməsində onun, eləcə də OMON üzvü olmuş Səfa PoladovArif Kazımovun ömürlük cəzasının 20 il həbslə əvəzlənməsi ilə bağlı şikayətlərinə baxılıb. OMON-çular ömürlük cəzanın müddətli həbslə əvəzlənməsi üçün Qaradağ Rayon Məhkəməsinə müraciət etsələr də, müraciət icraata qəbul edilməyib. Onların vəkili Elçin Sadıqov həmin qərardan apelyasiya şikayəti vermişdi.

Buna da bax:​ Ömürlük cəza alanlarla bağlı məhkəmə noyabra qalıb

Apelyasiya şikayətinə Əflatun Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası baxıb.

"Bu cəzanı ailəm də çəkir"

Məhkəmə iclasında əvvəlcə Elçin Əmiraslanov çıxış edib. O deyib ki, çoxdandır, ictimaiyyət arasına çıxmaq istəyirdi: "Heç bilmirəm ki, haradan başlayım. Bizə o vaxt güllələnmə cəzası verilmişdi, sonradan ömürlük həbslə əvəz olundu. Bu cəzanı mənimlə birlikdə ailəm də çəkir. Qobustan həbsxanasında elə insanlar var ki, 25 ildir oradadır. Xahiş edirəm, imkan varsa, cəzamızın 20 illə əvəz olunmasına qərar verəsiniz".

OMON-çuların vəkili Elçin Sadıqov çıxışında deyib ki, bu adamlar məhkum olunarkən qanunda azadlıqdan ömürlük məhrumetmə cəzası olmayıb. Onların haqqında ölüm hökmü çıxarılıb: "2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 23-cü maddəsinə görə, ölüm cəzası bağışlanıldıqda 15 ildən 20 ilədək azadlıqdan məhrumetmə ilə əvəzlənirdi. 1998-ci ildə - Azərbaycanda ölüm hökmü ləğv olunandan sonra bu hökm altında olanların cəzası da ömürlük həbslə əvəzləndi. Onların həbsdə saxlanmasının 20 ili tamam olub. Xahiş edirik, şikayətimizi təmin edəsiniz".

Buna da bax:​ Məhkəmə OMON-çuların işini götürmədi

Məhkəmə qısa müşavirədən sonra apelyasiya şikayətinin təmin olunmadığını açıqlayıb.

Vəkil Elçin Sadıqov AzadlıqRadiosu-na bildirib ki, qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriləcək: "Biz haqqımızı tələb edəcəyik və lazım olarsa, Avropa Məhkəməsinə də müraciət edəcəyik".

"Almaniyada başına plastmas qoydurublar ki, ömürlükdə çürütsünlər?"

“OMON”un komandiri olmuş Nizami Şahmuradov da məhkəməni izləyənlər sırasında idi. O deyir ki, 1994-95-ci illərdəki məlum hadisələrlə əlaqədar həbs olunan OMON-çuların hamısı azadlığa buraxılıb, bu üç nəfərdən başqa:

"Bu uşaqlar Qarabağ uğrunda müharibədə elə qəhrəmanlıqlar göstəriblər, amma indi içəridə çürüyürlər. Elçin Əmiraslanovu gördük, başının yarısı plastmasdı. Bunu Almaniyaya göndərib, başına plastmas qoydurublar ki, yenidən qaytarıb burada ömürlükdə çürütsünlər? Bu adamların Azərbaycan üçün xidmətlərini nəzərə alan yoxdur. Düşünmürlər ki, bu uşaqlar ölkənin azadlığı uğrunda canlarını qoyublar. Bu cür oğlanları həbsxanada çürütmək olmaz".

Buna da bax:​ '20 ildir kamerada oturub, bir dəfə siyasi mövqe nümayiş etdirməyib'

XATIRLATMA

Xüsusi Təyinatlı Polis Dəstəsi – “OMON” (rusca qısaltma adı- red.) 1990-cı illərin əvvəlində Dağlıq Qarabağda gedən döyüşlərlə bağlı yaradılmışdı. Ancaq 1994-cü ildən Azərbaycan hökuməti ilə “OMON” arasında münasibətlər kəskinləşib. 1995-ci il martın 17-də hökumət “OMON”un Bakının 8-ci kilometr qəsəbəsindəki qərargahını ələ keçirib. Rəsmilər dəstənin qiyam qaldırdığını bildirirlər. Atışmada, rəsmi bilgilərə görə, 22 hərbçi, 7 mülki şəxs, 1 polis əməkdaşı həlak olub, 8 “OMON” əməkdaşı öldürülüb. Hadisə nəticəsində 105 nəfərin yaralandığı bildirilir. “OMON”un rəhbəri Rövşən Cavadov aldığı güllə yarasından DİN-in hospitalında vəfat edib. Dəstənin qalan üzvləri isə həbs ediliblər. Sonradan şahidlər bildirmişdilər ki, dəstənin qərargahından ağ bayraq qaldırılıb, ancaq hökumət qoşunları atışmanı dayandırmayıblar.

XS
SM
MD
LG