Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:06

'Oskar'a namizəd sənədli filmlər


"Oskar"
"Oskar"

2022-ci ilin "Oskar" mükafatlarına namizədlərin qısa siyahısına düşən 15 tammetrajlı sənədli filmin adı məlum olub.

Çin

Cessika Kinqdonun çəkdiyi "Ascension" filmi tamaşaçının bugünün Çini haqqında təsəvvürlərini yenidən yazmağa qadir sənədli filmdir. Xüsusi bir gedişatı və ya strukturu olmayan film heyrətamiz görüntülər və vinyetlərdən ibarətdir. Bu görüntülər Çini eyni zamanda yad və tamamilə universal mədəni və industrial məkan kimi təqdim edir. Film Çinin 51 fərqli məkanında çəkilib. "Ascension" üç hissəyə bölünüb. Tamaşaçı əvvəlcə Çinin zavodlarında çalışan fəhlələr, sonra istehlak mədəniyyətinin mərkəzində duran orta sinif, daha sonra isə çox şeydə ifrata varan və Qərb həyat tərzi sürən zəngin təbəqəni görür.

Stenli Nelsonun "Attica" sənədli filmi1971-ci il, 9-13 sentyabr tarixlərində Nyu-York ştatında yerləşən Attika həbsxanasında baş qaldırmış üsyan haqqındadır. O zaman bir qrup silahlı şəxs həbsxananı ələ keçirib onlarla məhbus və girovun həyatına son qoymuşdu. Filmdə hadisələrin şahidi olmuş şəxslər, məhbuslar, girovların ailə üzvləri və həbsxana ilə bu və ya digər şəkildə əlaqəsi olan şəxslərlə müsahibələr yer alıb.

Qaçanların hekayəti

Cessika Beşirin "Faya Dayi" filmi ağ-qara formatında çəkilib. Beşir uşaqkən ailəsi ilə birlikdə vətəni Efiopiyadakı siyası qeyri-sabitlikdən qaçaraq Meksikadakı qohumlarıgilə köçməli olub. Sonradan 10 il ərzində bir neçə dəfə vətəninə səfər edib və gördüklərini lentə alıb. Bu film həm antropologiya, həm də poeziya kontekstində maraqlıdır.

Danimarkalı rejissor Yonas Poer Rasmussenin "Flee" filmi əllə çəkilmiş animasiya ilə arxiv görüntülərini birləşdirən cəsarətli layihədir. Film 20 il ərzində öz keçmişindən qaçıb gizlənən əfqan kişinin qorxunc hekayəsi və qalıcı psixoloji yaraları haqdadır. Bu şəxsə hələ uşaqlığında Kopenhagendə siyasi sığınacaq verilib. Bu sənədli film, eyni zamanda, bir şəxsin həyat mübarizəsi haqda güclü poetik memuardır.

Meqan Milan "Simple as Water" filmində Suriyadan didərgin düşən dörd ailənin bir-birindən ayrı düşmə səbəbləri və yenidən bir yerə yığışmaq cəhdlərindən söz açır. Milan 2008-ci ildə "Smile Pinki" adlı sənədli qısa filminə görə "Oskar" mükafatına layiq görülüb.

Hindistanda qadın jurnalist olmaq

"Writing With Fire" filmində rejissorlar Rintu Tomas və Suşmit Qoş Hindistanda fəaliyyət göstərən "Khabar Lahariya" qəzetinin yalnız qadınlardan ibarət komandasından söz açırlar. Ayaqyalın, sariyə bürünmüş 20 gənc qadın yerdə çevrə quraraq oturub. "Khabar Lahariya" Hindistanın yalnız qadınlar tərəfindən buraxılan yeganə qəzetidir. Qadınlara bildirilir ki, qəzet tezliklə onlayn fəaliyyətə başlayacaq və onlar yeni şərtlərə uyğunlaşmalıdırlar. Qəzetin üç reportyorunu izləyən "Writing With Fire", eyni zamanda, tamaşaçıya Hindistan həyatını göstərir. Dövr dəyişsə də, ölkələrini daha yaxşı yerə çevirmək istəyən bu cəsur və idealist qadınlar hələ də rəsmilərdən və müsahibə aldıqları adamlardan tutmuş, öz ərlərinə və atalarına qədər bir çox adamın müqaviməti və maneəsi ilə üzləşməli olurlar. Öz gücləri ilə nəyəsə nail olmağa çalışan bu yoxsul qadınlar reallıqla əlaqələrini də itirməyiblər. Onlar yuxarı sinfə mənsub kişilərin dominant olduğu peşədə özlərinə yer tapmaq üçün vuruşduqlarını da anlayırlar.

"The Holliwood Reporter"in dərc etdiyi bu qısa siyahıda, bundan başqa, "Billie Eilish: The World's a Little Blurry", "The First Wave", "In the Same Breath", "Julia", "President", "Procession", "The Rescue", "Summer of Soul", "The Velvet Underground" filmlərinin adları var.

XS
SM
MD
LG