Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:15

Özbəkistanda 65 uşağın Hindistan dərmanından öldüyü bildirilir


Marion Biotech firmasının dərmanları
Marion Biotech firmasının dərmanları

Özbəkistanda Hindistanda istehsal olunmuş Marion Biotech dərmanını qəbul edən 65 uşaq ölüb.

Özbəkistan Ali Məhkəməsinin mətbuat xidmətinin məlumatına görə bu cinayət işi ilə bağlı ittihamda belə deyilir.

Hökumətin hələ yanvar ayında verdiyi rəsmi məlumatda bu dərmandan 20 uşağın öldüyü bildirilirdi.

Gazeta.uz saytının Özbəkistan Dövlət Təhlükəsizliyi Xidmətinə istinadla verdiyi məlumatda uşaqların “Dok-1 Maks” siropunu qəbul etdikdən sonra ölməsi ilə bağlı cinayət işi ötən ilin dekabrında qaldırılmışdı.

DTX habelə bu dərmanı Hindistandan idxal edən Quramax Medical şirkətinin və Dərmanların Standartlaşdırılması Elmi Mərkəzinin məsul əməkdaşlarının həbs olunduqlarını bildirmişdi.

Bunun ardınca Özbəkistanın Əczaçılığın İnkişafı Agentliyi “Sinepar Kid”, “Travamaks” və “Ambronil” də daxil Marion Biotech seriyasından olan bütün dərmanların satışını dayandırmışdı.

Ekspertiza qaydaları pozulub

DTX-nin məlumatında deyilir ki, bu dərmanların hamısı Dərmanların Standartlaşdırılması Elmi Mərkəzinin laboratoriyasında sınaqdan keçirilib və onlara müvafiq sertifikatlar verilib.

Lakin xəbərdə deyildiyinə görə dərmanların yoxlanması prosesində normativ-hüquqi sənədləşdirmənin qaydaları pozulub və bunun nəticəsində keyfiyyətsiz preparatlar satışa çıxarılıb.

Bu ilin əvvəllərində Əczaçılıq Agentliyi bildirmişdi ki, Marion Biotech seriyasından olan dərmanlarda etilenqlikolun miqdarı tibbi qaydalarla müəyyən edilmiş normadan 300 dəfə artıq olub.

Ekspertlər bildiriblər ki, bunun əvəzində dərmanların tərkibinə propilenqlikol (bakteriyasid təsirli qida əlavəsi) daxil edilməli idi.

Propilenqlikolun iki tipi

Fevral ayında məlum olumuşdu ki, Əczaçılıq Agentliyinin və dərmanların standartlaşdırılması mərkəzinin keçmiş rəhbəri Sardor Kariyev də bu cinayət işi üzrə saxlanıb.

Reuters agentliyinin məlumatına görə Marion Biotech firmasının öz məhsullarında zəhərli material sayılan sənaye propilenqlikolundan istifadə etməsi düşünülür.

Bu maddədən maye yuyucu vasitələrdə, antifrizlərdə, boyalarda və başqa məişət kimyası məhsullarda istifadə olunur.

AzadlıqRadiosunun Özbək xidmətinin yazdığına görə “Dok-1 Maks” dərmanının satışı 2022-ci il dekabrın 22-də dayandırılıb, amma Özbəkistanın Səhiyyə Nazirliyi bu dərmanın istifadə olunmamasına dair xəbərdarlığı apteklərə yalnız bir həftədən sonra göndərib.

Ovaxtkı səhiyyə naziri Behzod Musayev demişdi ki, uşaqların “Dok-1 Maks” preparatının qəbulundan sonra ölməsi barədə məlumatlar nazirlikdən gizlədilib.

XS
SM
MD
LG